21 Aprel 2015 11:29
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 13-də Fransada start götürəcək 68-ci Kann Festivalı rəsmi proqramını saytında dərc edib.

Teleqraf.com-un məlumatına görə, festivalın açılış filmi bu baş rolu məşhur aktrisa Katrin Denevin oynadığı “Dik qaldırılmış başla” ekran əsəridir. Drama janrında olan film 2005-ci ildə “Lemminq” filminin zamanından bəri açılışı edəcək ilk fransız filmi olacaq. Filmdə azyaşlı cinayətkar Meloninin böyüməsi barədə danışılır. Filmin rejissoru Emmanuel Berkodur.

Bu il festivalın əsas proqramına dünyanın 10 ölkəsindən rejissorların 17 filmi daxil edilib. “Qızıl palma budağı” uğrunda, həmçinin Qas Van Sentın Mettyu MakKonahi və Naomi Uottsla “Ağaclar dənizi”, Todd Heynsin Keyt Blanşettlə “Kerol”, Castin Kurzelin Maykl Fassbender və Marion Kotiyyarla “Makbet” və Mayuenn Le Beskonun Vensan Kassel və Lui Qarrellə “Mənim kralım” filmləri mübarizə aparacaq.

Festivalın “Xüsusi baxış” mükafatı uğrunda mübarizədə isə 14 film iştirak edəcək. Qısametrajlı filmlərin proqramına 9 ekran əsəri salınıb. Bu ilin seçim mərhələsində 100 ölkədən 4500 film təhlil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə bildirilib ki, festivalda Azərbaycan da iştirak edəcək. Belə ki, nazirliyin dəstəyi ilə ölkəmizi festivalda bir qrup kino xadimindən ibarət heyət təmsil edəcək. Artıq beşinci dəfə Azərbaycan pavilyonu festivalda fəaliyyət göstərəcək. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.

Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə nümayiş etdiriləcək.

Qeyd edək ki, festival mayın 24-də “Qızıl palma budağı” mükafatının təltifetmə mərasimi ilə başa çatacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər