21 Aprel 2015 17:12
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.

Tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Ədalət Vəliyev, Sevda Məmmədəliyeva, tanınmış incəsənət xadimləri iştirak edib. Mərasimin iştirakçıları arasında dahi bəstəkarın oğlu, Azərbaycanın əməkdar incəsənət xadimi, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev də olub.

Gecə Qara Qarayevin dünyaca məşhur “İldırımlı yollarla” baletindən “İntroduksiya”nın səslənməsi ilə başlayıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qonaqları salamlayıb, Qara Qarayevin XX əsrin ortalardan başlayaraq Azərbaycan mədəniyyətinə musiqi dili ilə gətirdiyi yeniliklərdən danışıb. Bəstəkarın əsərlərinin bəşəriyyətin musiqi xəzinəsi inciləri sırasına daxil olduğunu vurğulayan nazir müavini onun böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyduğunu xatırlayıb: “Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edən, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs almış Qara Qarayev böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyub”.

Daha sonra “Kədərli axşam” adı verilən həzin musiqilərdən, məşhur musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olunub. Proqramda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) müşayiəti ilə Viktor Lütoslavski, Kaya Saariaxo, Edison Denisov, Fridrix Tserxa, Vladislav Soyfer, Alban Berq kimi bəstəkarların əsərlərindən parçalar səsləndirilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər