Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
Bu barədə Teleqraf.com-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib.
Söhbət SSRİ xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasından gedir. Teatrın rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubovdur. Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalcikin, Volqaqradın Musiqili Teatrlarında tamaşaya qoyulub.
Əli Usubov operettanın onun üçün çox dəyərli olduğunu bildirib: “1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğum ilk operetta, rejissorluq sahəsində atdığım ilk addımdır. Rauf Hacıyevin bu möhtəşəm operettası milli musiqi mədəniyyətimizin də klassikasıdır. Əsərin parlaq komedik süjeti, sevgi toqquşmaları sözsüz ki, tamaşaçıları özünə cəlb edəcək. Mən Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən Əbülfəz Qarayevə tamaşanın hazırlanmasına dəstək olduğu üçün təşəkkür edirəm. Hesab edirəm ki, yarıməsrlik fasilədən sonra Rauf Hacıyevin ən yaxşı musiqili komediyalarından olan “Qafqazlı qardaşqızı”nın yenidən Bakı səhnəsinə qayıtması əvəzolunmaz Azərbaycan bəstəkarı Rauf Hacıyevin yaradıcılığını sevənlər üçün böyük hədiyyə olacaq”.
Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada əsas rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko və başqaları ifa edirlər.
Nərmin