24 Aprel 2015 12:13
3 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Repertuarın 30-40 faizini yerli filmlər təşkil edir"

Ötən ilin sonlarından bir-birinin ardınca təqdim olunan yerli kommersiya filmlərimiz Azərbaycan tamaşaçıları tərəfindən maraqla qarşılanır. Filmlərin Qala gecələri təşkil olunur, mətbuatda onlar haqda yazılar yazılır və geniş ekranlara çıxır. Marağın hansı səviyyədə olmasını isə elə adicə kinoteatrların repertuarını yaxından izləyəndə bilmək olur.

Teleqraf.com yalnız bununla qalmayıb indiyə qədər ən çox baxılan yerli filmləri kinoteatrların özündən xəbər almaq qərarına gəldi.

"My name is İntiqam"

Nizami Kino Mərkəzinin mətbuat əlaqələndiricisi Arzu Əhədovanın sözlərinə görə, "Xoxan"la "My name is İntiqam" filmlərinə daha çox tamaşaçı kütləsi baxıb: "Ay brilliant" filmini isə ondan az tamaşaçı izləyib. Aprel ayı başlayandan nümayiş olunmağa başlayan "Yumurta", "Biznesmen", "100 kağız"ın isə hərəsinin öz tamaşaçı auditoriyası var. Amma bu auditoriya o qədər də çox deyil. Sonuncu dəfə "Toy 2" təqdim olunub. O da orta səviyyədə baxılır. Ən çox səs salanlar "Xoxan"la "My name is İntiqam" oldu. Bu iki filmi müqayisə etsək, demək olar ki, "My name is İntiqam" bir balaca üstünlük qazandı. Çünki "My name is İntiqam" ekskluziv olaraq bir ay Nizami Kino Mərkəzində nümayiş olunub. Ancaq ondan sonra digər kinoteatrlara paylandı. Hər iki film bu yaxınlara qədər repertuarda özünə yer alırdı. Azərbaycan tamaşaçısına yerli komediyalarımızı izləmək maraqlıdır. Birincisi, yerli filmdir, ikincisi, ana dilindədir. Əcnəbi filmlərin əksəriyyəti rus, qismən türk dilində yayımlanır. Bu da bəzi tamaşaçılarda böyük maneə yaradır. Filmə nə qədər baxmaq istəsələr də, dili başa düşmədiklərinə görə ona baxmaqdan yayınırlar".

"Piar yaxşı olanda tamaşaçı bol olur"

Arzu xanım deyir ki, filmlərin daha çox baxılması üçün istehsalçıların da əməyi böyükdür: "Onlar filmin piar işlərini düzgün və yaxşı quranda tamaşaçı da bol olur. Əsasən bu işlə məhz istehsalçılar məşğul olurlar, biz isə onları dəstəkləyirik. Müşahidələrimə əsasən deyə bilərəm ki, filmlərin çəkiliş keyfiyyəti onların daha geniş tamaşaçı kütləsi tərəfindən izlənilməsi üçün çox önəmlidir. Bəzən süjet xətti zəif olan, amma səsləndirilməsi, operator işi yaxşı olan filmlər, görürsünüz ki, xeyli tamaşaçı cəlb edə bilir. Amma axırıncı filmlərdən bəzilərinin səsləndirilməsi çox pis, çəkiliş də qənaətbəxş deyil, üstəlik də ssenariləri zəifdir. Bəzən də əksinə olur. Məsələn, son bir filmdə aktyorlar da yaxşı oynayır, filmin çəkilişi, səsləndirilməsi də gözəldir, bir balaca ssenari də yaxşı olsaydı, o da böyük tamaşaçı rəğbəti qazanan filmlərdən olardı".

"Şayiədir, inanmayın"

Qeyd edək ki, "Azərbaycanfilm"in istehsalı olan filmlər də indiyə qədər yalnız Nizami Kino Mərkəzində nümayiş olunub. Amma o filmlər istənilən tamaşa kütləsinin marağına səbəb olmayıb. Hərçənd ki, kinostudiyanın, eləcə də, dövlət sifarişilə müxtəlif prodakşnlarda istehsal olunan filmlər arasında kommersiya yönümlü bir neçə film var. Bunlara Ülviyyə Könülün "Vəkil hanı?", Elxan Cəfərovun "Əlavə təsir", "Axırıncı dayanacaq" filmlərini misal göstərmək olar. Bu filmlər məhz geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulan filmlər idi. İş orasındadır ki, adıçəkilən bu filmlərin, demək olar ki, heç biri kinoteatrda nümayiş olunmayıb. Digər söz-söhbətlərə görə bu filmlərə tamaşaçı o qədər az gəlib ki, kinoteatr filmi nümayiş etdirməyib.

Arzu Əhədova deyir ki, bunlar yalnız şayiədir: "Filmlərə iki nəfər baxmaq istəsə, seans mütləq baş tutur. Biz o filmləri digərləri kimi reklam etmişik. "Facebook" səhifəmizdə yayımlamışıq, mən hər həftə filmlərin anonsunu mediada paylaşıram. Hətta kinoteatrın qarşısında filmlərin afişaları da asılır. Misal üçün, "Nabat" filmi. Bilirsiniz ki, dünyanın bir çox festivallarında nümayiş olunur. Amma bu film geniş auditoriya filmi deyil. Filmin təqdimatı ilk dəfə bizdə olub, iki həftə də repertuarda qalıb, özünə görə də tamaşaçı auditoriyası toplayıb. Amma çox böyük kütlə ona baxmağa gəlməyib".

"Xoxan" və "Xobbit"

"Park Cinema"nın piar meneceri Sinan Ağayev də filmlərimizə çox böyük marağın olduğunu dilə gətirib: "Hazırda kinoinsturiyamızın inkişafı bizi - kinoteatrları da ruhlandırır. Ona görə də repertuarın 30-40 faizini yerli filmlər təşkil edir. Hazırda bizim kinoteatrda "Xoxan", "My name is İntiqam" filmləri ilə yanaşı, "Yumurta", "Yarımdünya" da nümayiş olunur. May ayının 1-dən etibarən isə "Şerlok Holms ve Doktor Uotson Milyon Manat" filmi repertuara daxil ediləcək.

"Xoxan", "My name is İntiqam" filmləri artıq neçə aydır ki, repertuardadır və hələ də tamaşaçı gəlib onlara baxmaq istəyir. Seanslar zamanı zalın 25-30 faizini tamaşaçı doldura bilir. Bilirsiniz ki, "Xoxan" dekabr ayının 11-də təqdim edildi və demək olar ki, dünyaca məşhur "Xobbit" filmi ilə eyni vaxtda repertuara daxil edildi. Amma "Xoxan" hələ də repertuarda yer alır. Bu filmə maraq var, filmə baxanlar hətta üçüncü, dördüncü dəfə gəlib onu izləyirlər. Məntiqi tərəfdən yanaşsaq, deyə bilərik ki, "Xoxan" Azərbaycan filmləri arasında ən baxımlısıdır".

"Yarımdünya" və "Forsaj 7"

O, tamaşaçıların yerli filmlərdən yalnız komediya janrına üstünlük vermədiklərini də bildirib: "Doğrudur, komediya hər zaman tamaşaçıya maraqlıdır. Köhnə filmlərə nəzər yetirsək, görərik ki, sevdiyimiz filmlərin əksəriyyəti dram, melodramdır: "Uzaq sahillərdə", "Təhminə" və s. Tamaşaçılar müxtəlif janrlı Azərbaycan filmlərini görməyə çox şaddırlar. Və "Yarımdünya" da bunu sübut edir. Çünki hazırda bu ildən etibarən ekranlara çıxan yerli filmlər arasında "Yarımdünya"ya maraq daha çoxdur, yəni ona baxılan film deyə bilərik. "Yarımdünya" "Forsaj 7" ilə eyni gündə nümayiş olunmağa başladı, amma buna baxmayaraq film bu sınaqdan çox yaxşı çıxdı".

"Bütün filmlər bu işi görə bilmir"

S.Ağayev piar işi baxımından "Xoxan" və "Yarımdünya"nı digərlərindən fərqləndirib: "Film nə qədər yaxşı olsa da, əgər onun ilk seanslarına istənilən tamaşaçı kütləsini cəlb etməsəniz, demək, ekran işi prokatda uğurlu olmayacaq. "Xoxan"ın belə yayılmasında piar işinin çox böyük rolu olub. Marketinq və reklam tərəfdən ən gözəl işi "Xoxan", "Yarımdünya" gördü. Bu sıraya "Ay brilliant"dı da daxil edə bilərik. Üçü də premyeraya qədər çox gözəl piar kampaniya həyata keçirdilər. Təəssüf ki, bütün filmlər bu işi görə bilmir. Bunun üçün çox kreativ olmaq, əhalinin zövqünü tutmaq lazımdır. Son zamanlar təqdim olunan bir neçə film özünü piar tərəfdən zəif göstərdi. Bütün bunlardan başqa, film tamaşaçıların xoşuna gəlsə, onlar bunu dostlarına, tanışlarına məsləhət görəcəklər. Beləliklə, say artacaq".

Mövzunu film istehsalçıları və mütəxəssislərlə davam etdirəcəyik.

Nərmin Muradova


Müəllif: