“İrs”in yeni rəhbəri: “Sidqi müəllimlə heç vaxt problemim olmayıb”
Xəbər verdiyimiz kimi, əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynova Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” Folklor Ansamblına yeni bədii rəhbər təyin olunub.
Onunla bu təyinat, görəcəyi işlər barədə söhbətləşdik.
- Nuriyyə xanım, nə vaxtdan “İrs” folklor ansamblına rəhbərlik etməyə başladınız?
- Ötən ilin oktyabr ayından.
- Bildiyim qədər, Siz Qədim Musiqi Alətləri ansamblında solist kimi çalışırdınız...
- Hazırda da orada solistəm. Amma eyni zamanda, “İrs” folklor ansamblında bədii rəhbərəm.
- Bu, Folklor İnstitutunun təklifi idi, yoxsa Sizin şəxsi təşəbbüsünüz?
- İnstitut bunu mənə çoxdan, təxminən rəhbər təyin olunmamışdan 5-6 ay öncə təklif etmişdi. Onlar çox istəyirdilər ki, ansamblı mən idarə edim. Amma işlərim həddindən artıq çox olduğuna görə qəbul etmək istəmirdim. Sonda mənə dedilər ki, İnstitutda işçi olaraq bu ansambla bədii rəhbər kimi real namizəd sənsən. Milli Elmlər Akademiyasının, eləcə də, İnstitut müdiriyyətinin təklifi ilə bir çox işlərimi təxirə saldım və təklifi qəbul etdim. Artıq bir neçə aydır ki, bərabər işləyirik.
- “İrs”in yaradıcılarından olan Sidqi Mustafayevlə münasibətləriniz necədir?
- Çox gözəl. Həmişə özümdən böyüklərə hörmətlə yanaşmışam, indi də yanaşıram. Sidqi müəllimlə mənim heç vaxt problemim olmayıb, bundan sonra da ola bilməz. Çünki o, mənim atam yerində olan bir insandır. Əgər onunla bir sözüm düz gəlməzsə, deməli, atama qarşı çıxmış olaram. Sidqi müəllim ansamblın yaradıcılarından biridir. Onun bu ansambl üzərində əziyyəti çoxdur. O, çox böyük sənətkarlar yetişdirib, Azərbaycan mədəniyyətinə təqdim edib. Həqiqətən, bu ansamblda çox işlər görüb. Amma bilirsiniz ki, yaş məhdudiyyəti var. Qaydalara görə, müəyyən yaşa gələndən sonra işləmək artıq mümkün olmur. Ona görə də bu işi mənə həvalə etdilər, nə vaxtsa mən də kiməsə həvalə edəcəm. Əbədi iş yoxdur ki, biz hamımız bunu bir-birimizə ötürürük.
- Sidqi müəllimlə söhbətimizdə o demişdi ki, “İrs” onun rəhbərliyi altında yenə də fəaliyyət göstərəcək. İki adda folklor ansamblının olmasına münasibətiniz necədir?
- Bunu mən deyə bilmərəm. “İrs” dövlət ansamblıdır. Bu şou deyil ki, biz şou yaradaq. Birini o, birini mən deyim və bununla gündəmdə qalaq. Mən onu deyim ki, bir çox jurnalistlərə, saytlara müsahibə vermək istəmirəm. Çünki mənim ucuz reklama heç ehtiyacım yoxdur. Bəzən elə olur ki, dediyin söz qalır bir tərəfə, ona başqa cür don geyindirib oxuculara təqdim edirlər. Mən şou adamı da deyiləm ki, kimsə məndən istifadə etsin.
“İrs” ansamblının Sidqi bəyin özü, yoxsa İnstitut tərəfindən yaradıldığını dəqiqliklə bilmirəm. Bir onu bilirəm ki, gözümü açıb bu ansamblı görmüşəm. Bu ansambl da özfəaliyyət deyil. Bu, Milli Elmlər Akademiyasının nəzdində olan Folklor İnstitutunun tabeliyində olan bir qrupdur. Və illərdir ki, Sidqi Mustafayevin rəhbərliyi altında Azərbaycan mədəniyyətinə xidmət edir. Amma yenə də deyirəm, yaş məhdudiyyətinə görə belə bir qərar alındı. İşimin öhdəsindən gələ biləcəyimi, bu işdə təcrübəmin olduğunu nəzərə alıb məni təyin etdilər. Bu gün Sidqi müəllim ayrıca ansambl yaradıbsa, ayrıca fəaliyyət göstərirsə, buna bir söz deyə bilmərəm. Bu, onun öz işidir. O, bunu Akademiya, İnstitutun rəhbərliyi ilə analiz etsin. Hansının doğru olduğu üzə çıxsın. Bütün hallarda İnstitutdan ayrılandan sonra yaradıcı insan kimi yaradacılıqla məşğul olmağa tam haqqı var. Heç kim bunu ona qadağan edə bilməz. Bir qrup da, ansambl da yarada bilər, səfərlərə gedə, qastrollarda iştirak edə bilər. Sadəcə, İnstitutun nəzdində fəaliyyət göstərən “İrs”lə eyni adda yeni bir ansambl yaradırsa, bunun aqibətini mən deyə bilmərəm. Bütün hallarda dövlət ansamblı olaraq bu məsələ Sidqi müəllimlə müdiriyyət arasında həll olunacaq.
- Sizin rəhbərliyiniz altında “İrs” necə və hansı proqramla fəaliyyət göstərəcək?
- Biz ora təyin olunmamışdan ansamblın köhnə üzvlərindən bir çoxları istefa verib ayrılmışdılar. Mən onlarla tanış olanda gördüm ki, çoxları artıq gedib. Onlar elə düşünüblər ki, biz gəlib onları işdən çıxaracağıq. Amma biz nə çarəyik ki, kimisə işdən çıxaraq? İstedadı olan, sənəti sevən insanlara hər zaman hörmətimiz var və onları hər zaman ətrafımızda görmək istəyirik. Bir çoxları getdi, üstündən bir-iki ay keçəndən sonra geri qayıtdılar, amma artıq çox gec idi. Çünki boş qalmış yerlərə yeni ifaçılar, solistlər götürmüşdük. Bu gün ansamblımda işləyən musiqiçilər savadlı, səviyyəli, notu bilən, konservatoriya bitirmiş musiqiçilərdir. Bu gün mükəmməl biliyə malik musiqiçilərə çox ehtiyacımız var. “İrs”də fərqli musiqilər ifa edirik. Geyimimiz, ifa tərzimiz də fərqlidir. Bizdə sırf milli musiqilər səslənir.
- Solistləriniz nə qədərdir?
- Köhnədən üç solist qalmışdı, yeni beş musiqiçi qəbul etmişik. Amma hələ də bir neçə musiqiçiyə, alətlərə ehtiyacımız var. Onlar da ansambla qatılandan sonra düşünürəm ki, heyətimiz mükəmməl olacaq. Bilirsiniz, əvvəllər Sidqi müəllimin dəvəti ilə ştatdan kənar kimlərsə gəlib ansamblda çıxış edirdilər. Və bununla ansamblın tərkibi çox görünürdü. Amma mən kimsəni işindən-gücündən avara edə bilmərəm. Çünki hər kəsin öz işi var. Üstəlik, mənim ixtiyarım yoxdur ki, ansamblda ştatda olmayan birini görüntü xatirinə ora gətirim. Bu, düzgün deyil. Ansamblda solistlər az olsun, amma sanballı olsun. Bizə savadlı, gözəl ifa bacarığı olan musiqiçilər lazımdır.
- Konsert olacaqmı?
- Milli Elmlər Akademiyasının rəhbərliyi qarşısında hesabat xarakterli bir konsertimiz olmalıydı. Amma bir-birinin ardınca baş tutan elmi konfransların çoxluğundan hələ ki, konsertimiz təxirə düşüb. Məşqlərimizi edib, gözəl bir kompozisiya hazırlamışıq. Düşünürəm ki, yaxın zamanlarda o konsert reallaşacaq.
- Həm solist kimi çalışırsınız, həm də bədii rəhbər vəzifəsini icra edirsiniz. Çətinlik çəkmirsiniz ki?
- Bu, mənim işimdir, sənətimdir. Və mən sənətimi çox sevirəm. Hər zaman musiqinin içində olan biriyəm. Günlərimi elə bölüşdürmüşəm ki, işlərim bir-birinə mane olmur. Həftənin iki gününü Qədim Musiqi Alətləri Ansamblında, həftənin iki gününü isə “İrs”də işləyirəm. Sənətimi o qədər sevirəm ki, bu iki işimi də sevə-sevə görürəm.
Nərmin Muradova