27 Aprel 2015 16:14
2 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Əbdülrəhim bəy Haqverdiyevin “Çeşmək” hekayəsinin tənqidçi Mehman Qaraxanoğlu ilə müzakirəsini təqdim edir.

Hekayəni müxtəlif internet saytlarında axtarışa verməklə oxuya bilərsiniz.

– Mehman bəy, nə üçün müzakirəyə Haqverdiyevin hekayəsini seçdiniz?
– Necə deyərlər, səbəbkar "Aydın Yol" qəzeti oldu. Qəzetin 23 yanvar 2015-ci il tarixli sayında "Unudulmuş dəyərlər" rubrikası altında Haqverdiyevin "Çeşmək" hekayəsi qısa ön sözlə verilmişdi. Oxudum və giriş sözünə bəraət qazandırdım. Dəyərlərimizi niyə unutmalıyıq?

– Haqverdiyevin başqa hekayələri də var. Yəqin, mütaliə etmisiniz. “Çeşmək” hekayəsinin özəlliyi nədir?
– Bilirsiniz, özümdən danışıram, bugünəcən Haqverdiyevi yaxşı tanımamışam. Onun bir neçə hekayəsini oxumuşdum, amma şablon yanaşmadan qurtula bilməmişdim. Təbii ki, bu işdə haqqında yazılanların "köməyi" də olmuşdu. Sözügedən hekayə Haqverdiyev yaradıcılığının özəlliklərini özündə ehtiva edir.

– Müəllif bu hekayədə nə demək istəyir?
– Onda gərək bir az uzaqdan başlayım.

– Aha…
– XIX yüzilliyin sonu, XX yüzilliyin əvvələrində dünya incəsənətinin bütün sahələrində yeni yaranan təmayüllərin fonunda keyfiyyət dəyişimləri baş veridi. Bu, daha çox rəssamlıqda, musiqidə və ədəbiyyatda daha qabarıq özünü göstərirdi. Simvolizm və primitivizm cərəyanları da bu zaman kəsiyində ortaya gəldi. Rus və dünya ədəbiyyatını kamil bilən Haqverdiyev öz mətnlərində hər iki cərəyanın sintezini verə bildi. "Çeşmək"də bu, aydın sezilir. “Çeşmək” fərdin toplumdan təcrid olunaraq yalqızlaşması, tənhalaşması yollarından birini qabardır – bu, çox rahat başa gələn bir prosesdir, hər hansı bir zarafatı “gülzari-cəmiyyət”ə gerçəklik kimi təqdim elə və qal “kənarda”. Günlərin bir günü eşidərsən ki, həmin fərd çərləyib öldü. Abırlı, ləyaqətli insanları öldürməyin ən gözəl yollarından biri də budur. Olayın bu məqamında artıq ideya bəşəri məna kəsb edir.

– Hekayədə çırtıq çalıb bir-birinin qabağında oynayırlar, bunun mənası nə deməkdir?
– Çırtıq vurub oynamaq da etnogenezimizdən doğan bir haldır. Yüngül, mütəhərrik hadisələr yazıçıya şans verir ki, oxucunu gətirib ideyanın lap qapısı ağzında "azdırsın". Özəkdən, nüvədən "uzaqlaşan" oxucunu bir sual maraqlandırır: Görəsən, bu şit zarafatın axırı necə olacaq? Xatırlayırsansa, olayın üçünsü günü Əhməd bəy özü gəlir Mahmud bəyin evinə, çırtıq vurub oynayandan sonra deyir ki, gedirəm vağzala, ordan da o yana, hər nə bilirsən, bundan sonra elə.

– Bəli...
– Hadisələr elə yeyin cərəyan edir ki, "Mən başımı götürüb dünyadan ki, qaça bilmənəm" deyən Əhməd bəy təkrarən Mahmud bəyin qapısına gəlir. İndi isə Mahmud bəy çırtıq vurub Əhməd bəyin qabağında oynayır. Oldu əvəz-əvəz... Əhməd bəy heç bir cavab vermir. "Birdən Əhməd bəyin gözündən yaş cari oldu". Bir tərəfdə çırtıq vurub oynayan Mahmud bəy, digər tərəfdə isə göz yaşlarını axıdan Əhməd bəy. Çox kədərli səhnədi... Belə qəddar paradoksallığı görən oxucu istər-istəməz düşünür: Kimdir müqəssir?

– “Çeşmək”lə Azərbaycan və dünya ədəbiyyatında səsləşən hansı hekayələr var?
– Haqverdiyevin "Kimdir müqəssir" adlı kiçik bir pyesi vardır. Yaradılış sirrinin çözümünə yönəlik "Kimdir müqəssir?" sualı burada daha böyük mətləbləri özündələyir. "Çeşmək" də zahirən "primitiv" bir qəziyyədən bəhs etsə də, daxilində gizlinlər çoxdur.

– Sual olunur: Niyə məhz çeşməyin “itməkiyi?!” Çeşməyin yerinə ayrı bir nəsnə ola bilməzdimi?
– Əgər desək ki, bu predmet xalqın ədəbi-geneloji kökü, kökəni ilə sıx ilişkilidir, zənnimizcə, səhv etmərik. Dil etnogenezisində “dünyaya rəngli şüşədən baxmaq”, “pəncərədən baxmaq” kimi frazeoligizmlər vardır. Avropadan gündəlik məişətimizə, həyatımıza daxil olan çeşmək az sonra həmin mənanı öz üzərinə transfer etdi. Bax, bu cür: Filankəs dünyaya eynəyin rəngli şüşəsindən baxır! Advokat Mahmud bəyin gözlərini də dostu ilə elədiyi zarafatın dumanı tutur. O qədər ha Mahmud bəyin ölüm xəbərini eşidir. “Əhməd bəyin nəşinin üstündə hamıdan çox ağlayan və “qardaş vay” – deyib başına döyən Mahmud bəy idi”. Mahmud bəy məhz bu məqamda həqiqəti bütün çılpaqlığı ilə görür və obrazlı desək, gözündəki çeşmək düşüb çilik-çilik olur.

– “Dostunun dəfni üçün hətta Mahmud bəy yüz manat da para verdi”. Bu cümlə hekayədən çıxsa, nəsə dəyişər? Yəni bu cümlə hekayədə nəyi həll edir?
– Əslində, dostunun dəfni üçün verdiyi yüz manat para ilə o, özünə təsəlli də ala bilmir… Hekayədə bu cür simvolik çalar tapmağımız hər hansı bir oxucunu qane etməyə bilər. Nəzərə alın ki, Ə.Haqverdiyev simvolizm cərəyanının Azərbaycan ədəbiyyatında ilk böyük nümayəndəsidir və hətta deyə bilərik ki, banisidir, onda şərhə ehtiyac yoxdur. Bu, bir. İkincisi, müəllifi daha çox hadisələrin parlaqlığı və dinamikliyi deyil, mahiyyət maraqlandırır. Nəzərə alın ki, Haqverdiyevin bütün hekayələrində kəskin süjet vardır . Bu gün dünya nəsrində də belədir.

– “Dostunun dəfni üçün hətta Mahmud bəy yüz manat da para verdi”.
– Bəlkə belə deyək: Nəyi həll etmir? Bu, artıq günah hissindən qurtulmağa can atan dəhşətli insan çabasıdır.

– Hekayənin birinci cümləsində Mahmud bəyin əhli-kef adam olduğu deyilir, sonuncu cümlədə isə o, ağlayır. Adətən, klassik hekayələrdə belə olur. Məncə, qeyri-adi heç nə yoxdur.
– Mahmud bəyin ağlamağı da heç nəyi dəyişə bilməz. O, yüz manatını verib əvvəlki şux halını "geri" alıb. Onun xarakterində olan adamlar üçün bu, adi bir haldır.

– Bu hekayə XX əsrin əvvəllərində yazılıb. Sizə elə gəlmirmi ki, mövzu artıq aktuallığını itirib, yerdə yalnız Haqverdiyevin sənətkarlığı qalıb. Məsələn, bu cür zarafatları bu gün o qədər eləyib, adamlar bir-birini dolayır ki…
– Yerdə mahiyyət qalıb. Yazıçı bəni-insana sərt mesaj verir: İnsanı istər zarafatla, istərsə də başqa niyyətlə qarabaqara izləmək olmaz! Bu, təkadamlıq kamerada monoton bir damcı ilə məhbusun axırına çıxmağa bənzəyir. Hekayədəki dil manevrləri və oyun əlvanlığı necə köhnələ bilər? Zənnimizcə, bugünkü nəsrimizdə bunlar çatışmır.

– Çağdaş nəsrimizdən söz düşmüşkən, necə düşünürsünüz, bu gün yazanlar arasında Haqverdiyevin davamçıları varmı?
– Kamal Abdulla nəsri, xüsusən, "Yarımçıq əlyazma" bu istiqamətdə misilsiz nümunədir. Bu yazıçı dünya nəsrinin oyunlarını keçib öz doğma limanımızda lövbər salıb. Onu nəsri ilə Haqvediyev nəsri arasında o qədər səsləşmələr vardır ki... Bunlar doğma ruhların səsidir...

– "Çeşməy"in bizə ötürdüyü mesaj nədir?
– "Çeşməy"in bizə yolladığı sonuncu mesaj: Əhməd bəy öldü, ehtiyatlı olun, onu ölümə aparan yollar ölməyib!!!

– Sonda…
– Haqverdiyev sovet dönəmində, qırmızı terrorun tüğyan elədiyi bir zamanda, 1927-ci ildə öz hekayələrini “Marallarım” adıyla kitab halında çap etdirdi. Elə çıxırdı ki, “marallar” köhnə dünyada qalıb. Yeni dünyada nə maral?! Guya tiplər də onun tənqid hədəfləridir. Və bu hekayələr də satirik hekayələrdir.

– Absurddur!
– Sonrakı dönəmlərdə də tədqiqatçıların bunları satirik-yumorlu hekayələr kimi təqdim eləmələri təəssüf doğurur. Beləcə, realist-demokratik ədəbiyyatın görkəmli nümayəndəsi kimi qələmə verilən yazıçının zəngin ədəbi irsinə birtərəfli yanaşılmış, onun ədəbi irsi rus və dünya ədəbiyyatı kontekstindən ayrı təhlil olunmuşdur. Reallıq budur ki, o, realist-demokratik ədəbiyyat qəlibinə sığmayan, dünya nəsrinin ən avanqard meyllərini nəsrimizə gətirən və bunun fonunda Qərblə Şərq ədəbiyyatının sintezini ortaya qoyan ilk görkəmli sənətkarlarımızdandır. “Pəri cadu” və başqa hekayələrinin adını çəkmək yetər ki, onun nə qədər böyük sənətkar olması göz önünə gəlsin.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər