Yekunlaşmaqda olan aprel ayı ərzində Azərbaycan Dövlət Musiqili Teatrında bir-birindən maraqlı 20-yə yaxın tamaşa nümayiş olunub.
Teatrın mətbuat əlaqələndiricisi Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, “Ər və arvad”, “www.ferzeli-kef.com”, “Qısqanc ürəklər”, “Yatmış gözəl və cırtdanlar”, “Bankir adaxlı”, “Qırmızı papaq”, “Skapenin kələkləri”, “O olmasın, bu olsun”, “Qızıl toy” əsərləri tamaşaçıların daha böyük maraq və diqqətinə səbəb olub:
“Bu tamaşaları ümumilikdə teatrın ən sevilən tamaşaları sırasına daxil etmək olar. Onların nümayişi zamanı tamaşa salonunda boş yerlərin olmaması deyilənlərə əyani sübutdur. Eyni zamanda aprel ayı Musiqili Teatrda daha yeni bir tamaşanın – Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası ilə də əlamətdar oldu. Respublikanın Xalq artisti, milyonların sevimlisi, “Şöhrət” ordenli Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan səhnə əsəri bu ay 3 dəfə nümayiş olunmasına baxmayaraq hər dəfə böyük anşlaqla keçdi. Afaq xanımın hər dəfə səhnəyə gəlişini böyük coşquyla qarşılayan tamaşaçılar sonda uzun müddət onu ayaq üstə alqışlayıblar. Bu coşqu, səngimək bilməyən alqışlar Afaq Bəşirqızının Azərbaycan xalqı tərəfindən necə böyük bir məhəbbətlə sevildiyinin əyani subutu, bənzərsiz aktrisaya tamaşaçı sevgisinin parlaq nümayişi idi. Heç vaxt Musiqili Teatrı tək qoymayan sadiq tamaşaçılar bu sənət məbədində may ayında da bir-birindən maraqlı səhnə əsərlərini izləyə bilərlər”.
Nərmin