Teleqraf.com “Tarixi nadir” layihəsində Güntay Gəncalpla növbəti müsahibəni təqdim edir.
Mövzu: Məhəmmədhüseyn Şəhriyar
– Güntay bəy, Şəhriyar yaradıcılığı elmi bir şəkildə bu günə kimi araşdırılıbmı?
– Şəhriyarın şeirlərinin psixoanalizi bizim tarixi pozisionlarımız haqqında gerçək bilgilər verə bilər. Şəhriyar nə Azərbaycanda, nə də İran fars ədəbiyyatşünaslığında elmi metodla araşdırılmışdır. Azərbaycanda Onun farsca yaradıcılığından xəbərsiz olunduğundan türkcə əsərləri üzərinə milli duyğularla yanaşılmışdır. İranda da Şəhriyar türkcə də möhtəşəm əsərlər yazdığından fars ədəbiyyatşünasları rahatsız etmişdi. Bu üzdən Şəhriyar bir fenomen olaraq incələnməmişdir.
– Deyirsiniz ki, Şəhriyar fenomen olaraq incələnməmişdir. Nəyi nəzərdə tutursunuz?
– Fenomenoloji yanaşmanın digər yanaşmalarda fərqi ondadır ki, sən bütün önyarqılarını, təəssüb və yandaşlığını bir yana buraxaraq, bu fenomenin necə ortaya çıxdığını və tərəf tutmadan şəkillənmə sürəcini araşdırırsan. Deyək ki, Şəhriyarın bulunduğu sosial şərtlər, onun tarixi pozisionu, dünyaya baxışını incələyərək şairlik xarakterinə yol tapmağa çalışırsan. XX əsrin çalxantılı olayları içində Şəhriyar şeiri necə istifadə etmiş? Yaradıcılığı ilə hansı fərdi və kollektiv mənəvi və duyğusal ehtiyaclara cavab verməyə çalışmışdır? Eşq, ailə, sosial və iş həyatında baş verənlər onun şeiriyyət dünyasını necə etkiləmişdir?
– Necə?
– İnsan həyatı üç hissədən ibarətdir və bu üç hissənin dışında heç bir şey yoxdur: İş həyatı, ailə həyatı və sosial həyat. Bu üçbucaq içində Şəhriyarin yaradıcılıq dünyası necə biçimlənmişdir? Bu suallara cavab vermək ədəbiyyatşünaslığın və konkret olaraq Şəhriyarşünaslığın əsas məsələsi olmalıdır. Fenomenoloji yanaşmada bir imkanın araşdırılmasında o durum bilgilərinə, davranışlarına və niyyətinə görə incələnər. Çünki bilgi və davranış əsasən, niyyətə görə formalaşar.
– Sizə görə, Şəhriyarşünaslığın vacib problemi nələr olmalıdır?
– Bir imkanın Şəhriyar həyatı və yaradıcılığı timsalında necə ortaya çıxdığı incələnməlidir. Türkcənin tam olaraq yasaqlandığı, türklüyün aşağılandığı bir dönəmdə “Heydər babaya salam” kimi bir imkanın türk dili və tarixində doğmasının səbəbləri nə idi? Farsca yaradıcılığı ilə fars ədəbiyatının zirvələrində yer alan Şəhriyar nədən bu təhlükəli işə girişdi?
– Niyə təhlükəli?
– Çünki Pəhləvilər dönəmində Şəhriyar kimi ünlənmiş bir şairin türkcə yazması çox təhlükəli idi, Şəhriyarı sırf “Heydər babaya salam” əsəri üçün öldürə də bilərdilər. Bu təhlükəni Şəhriyar anlayırdı, ancaq yenə də Türkcə yazmağa başlamışdı. Bu baxımdan keçən əsr tariximizdə birinci qəhrəman Rəsulzadə olmuşsa, ikinci qəhrəman Şəhriyardır.
– Şəhriyarın türkcə yazmasını qəhrəmanlıq olaraq dəyərləndirirsiniz, bəs bu qəhrəmanlığın mahiyyəti nədən ibarət idi?
– O zaman və hətta indi də türkcə oxucu kütləsi İranda olmamışdır. Türk dili İranda Səfəvilərdən sonra mərsiyyə və ağlaşma ədəbiyyatı dışında heç bir təcrübə qazanmamışdı. Şəhriyar öz əsərləri ilə türkcə oxucu kütləsi yaratmağa çalışdı. Türk dili ilk dəfə olaraq qələmlə bu qədər geniş ölçüdə tanış oldu. Sadə yaradıcılığı ilə Şəhriyar bütün İran türklərinin türkcə duyğularında yerləşdi. Hətta əfsanəvi şəxsiyyətə dönüşdü. Tək başına bir inqilab etmişdi Şəhriyar. Gerçəkdən də tarix isbat etmişdir ki, ancaq mədəni inqilablar xalqların yararına olmuşdur. Şəhriyarın qəhrəmanlığının mahiyyəti bu idi. Aşağılanan, adam dili hesab edilməyən türkcəni Şəhriyar birdən insanların sevimli könül dünyasının dilinə çevirdi. Bəlkə də Şəhriyar olmasaydı, türk dili İran ortamında daha çox zərər ala bilərdi.
– Sizcə, Şəhriyarın yaradıcılığını dəyərləndirmək üçün türkcə əsərlərini incələmək yetərlidir?
– Yetərli olmaz. Şəhriyarın sənət dünyasını anlamaq üçün onun əsərlərinin bütünü üzərində durmaq gərəkir, lakin Azərbaycan oxucularının anlaması üçün daha çox türkcə yazdığı şeirlərdən yararlanmağa çalışsam da, bəzi durumların açıqlığa qovuşması üçün farsca şeirlərindəki ideyalardan da istifadə etmək məcburiyyətində qalacağam. Şəhriyarın dərin ruhi qatları daha çox farsca yazdıqları şeirlərdə saxlıdır. Bunun iki səbəbi var. Birincisi Şəhriyarın düşüncə və nəsr dili farsca idi, ikincisi də farsca yazdığı şeirlərinin həcminin türkcə ilə müqayisədə daha çox olmasıdır.
– Şəhriyarın düşüncə dili farsca idisə, bəs türkcə düşünə bilirdimi? Türkcə düşünə bilmirdisə, bu əsərləri ana dildə necə yazıb?
– Şəhriyar türkcə düşünə bilmirdi. Türkcə yazdığı əsərlərdə düşüncə yoxdur, sadəcə duyğu və təsvir var. Türkcə düşünə bilmək üçün türkcə nəsr yazmağı başarmaq gərəkir ki, Şəhriyar bunu başarmır və türkcə nəsr yaza bilmirdi. Şeir düşüncənin dili deyil, düşüncənin dili nəsrdir. Nəsr dili inkişaf etməyən xalqlarda şeir də başarılı olmaz. Məntiq fəlsəfə üçün nədirsə, qramatik şüur da ədəbiyyat üçün odur. Bizim tariximizdə düşüncə törədə bilməmənin də səbəbi budur. Türk dilinin tarixi nəsr təcrübəsi yox dərəcəsindədir. Bunu Şəhriyar özü də etiraf edər. Xəstə vaxtında “türkcə roman yazmaq istəyirdim, qoymadılar” deyir.
– Kim qoymayıb?
– Rejim bir yandan basqı göstərir, digər yandan da türklərdə türk dilində nəsr və roman oxuma alışqanlığı yox idi. Dilin qramatik quruluşunu bilmədən nəsr yazmaq asan iş deyil. Bəzi türk şairlər kitablarını çap etdirmək istərkən Şəhriyara ön söz yazdırardılar. Şəhriyar da türkcə nəsr yaza bilmədiyi üçün ön sözləri farsca yazardı. Bu, sadəcə, Şəhriyarla sınırlı deyil, Füzuli də türkcə nəsr yazmaqda çox çətinlik çəkmiş. Məsələn, “Leyli və Məcnun” əsərindəki başlıq nəsr cümlələri farsca yazmış. Füzulinin “Hədiqə tüs-süəda” kitabını da türkcə nəsr adlandırmaq zordur. Türk dili Türkmənçay müqaviləsindən sonra Rusiya sömürgəçiliyində nəsrə keçməyə başladı. Bir dil də nəsrə keçməmişsə, hələ ona dil demək olmaz. Ona görə də İrandakı türklərin şeir dilləri olsa da düşüncə dilləri komikdir, farsca düşünüb türkcə bir şeylər anlatmağa çalışırlar və bu da çox komik görünür. Son 500 ildə, yəni Səfəvi dövlətinin quruluşundan bəri türkcə aşağılanmışdır. Şəhriyar yaradıcılığı bu aşağılanmaya qarşı baş qaldırı və dirəniş idi.
– Yəni, Şəhriyarı bir aydın olaraq görürsünüz...
– Avropada yayqın olan anlamı ilə bizim tariximizdə aydınladıcı şəxsiyyət olmamışdır, Şəhriyar da bir aydınladıcı deyildir. Aydınlıq üçün fəlsəfə və fəlsəfəyə girən bir dil lazımdır. Bu da olmamışdır. Lakin milli kimliyimizin yüksəlişi yolunda Şəhriyar aydınladıcı işlər görmüşdür. Milli kimliyin yüksəlişi milli dillə mümkündür. Türk dilinin üzərinə çəkilən qara pərdə Şəhriyar nəfəsi və yaradıcılığı ilə dəlinmişdir.
– Şəhriyarın əsərlərində düşüncəyə aydınlıq gətirən mövzulara toxunulmayıb ki?
– Düşüncələrlə bir əsri və ya çağları aydınlatma qlobal bir məsələdir, bəşərin ortaq sorunları üzərinə bir aydın şəxsiyyət öz düşüncəsini mətnləşdirər. Bu zaman da düşüncənin əsas mehvərini dil-varlıq-azadlıq qavramları təşkil edər. Bu anlamda Şəhriyar aydınladıcı deyil. “Yumurtanı gözəl-göyçək bəzərdik” və ya “Əli mənə yaşıl aşıq verərdi” kimi misraların aydınlanma ilə nə əlaqəsi? Bunlar kənd sosial həyatından nostalji bir təsvirdir. Şəhriyar çağları aydınladan bir düşüncəni ortaya qoya da bilməzdi.
– Niyə?
– Çünki bunun kökü bizim tariximizdə olmamışdır. Aydınlanmanın əsasında kültür və ənənələrin tənqidi, dinlə əqli planda hesablaşma, dini qurumları insan haqları fəlsəfəsindən yola çıxaraq sorğulama və tarixlə qarşılaşma görüşü durar. Bu da Şəhriyarda olmamışdır. Nə farsca, nə də türkcə şeirlərində olmuşdur. Şəhriyar bir ideya qurucusu və ya savunucusu olmamış, ənənələrə qarşı da gələməmişdir. O, belə bir missiyanı öz üzərinə götürməmişdi.
– Bəs nə idi onun missiyası?
– Onun missiyası mövcud durum içində türk dilini yüksəltmək idi.
– Necə bilirsiniz, Şəhriyarın türkcə və farsca şeirlərinin fərqi nədədir?
– Şəhriyar farsca şeirində özünü Səfəvi öncəsi irfan və təsəvvüf kültürünə mənsub bilər. Çünki Səfəvilərdən sonra sadəcə türkcə deyil, fars dilində də böyük ədəbi əsərlər yaranmadı. Bu baxımdan Şəhriyar kimi bir dahi söz ustası öz istedadını heç bir ədəbi və qlobal dəyəri olmayan mərsiyyə söyləntilərinin zindanında həbs edə bilməzdi. Bu üzdən farsca və türkcəsinin fərqi burada açıqca ortaya çıxar. Fars dilindəki qəzəlləri və bütün yaradıclığı irfani özəllik daşıyar, lakin türkcədə bu yoxdur, bir neçə türkcə qəzəlində buna qismən işarə etmiş, ancaq Onun əsas əsəri olan “Heydər babaya salam” kənd kültürü və törələrini təsvir edər. O təsvirin içində böyük düşüncə doğmaz, gələnəksəl həyatdır, evrənsəl tərəfi yoxdur.
– Şəhriyarın əsas türkcə əsəri “Heydər babaya salam” poemasıdır, deyilmi?
– Zamanlama baxımından Şəhriyarın ilk önəmli əsəri “Heydər babaya salam” poemasıdır. Lakin Şəhriyarın farsca və türkcə yaradıcılığının bütünü içində ən önəmli əsəri “Səhəndiyyə” poemasıdır.
(davamı olacaq)
Kəramət Böyükçöl