4 May 2015 15:58
2 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yusif Səmədoğlunun “Bayatı-Şiraz” hekayəsini Kəramət Böyükçöl və Fərid Hüseyn müzakirə edir.

Teleqraf.com müzakirəni təqdim edir.

– Fərid, Yusif Səmədoğlunun “Bayatı-Şiraz” hekayəsi sənin üçün hansı bədii özəlliyinə görə maraqlıdır?
– Yusif Səmədoğlu Azərbaycan dərdlərini, problemlərini, çox rahat, “gülə-oynaya” yaza bilib. Özü də o qədər dəqiq və kəsə qələmə alıb ki... Bryce Courtnenin müasir nəsrlə bağlı belə bir fikri var: “Mətbəxi təsvir eləmə, bıçağın yerini de”. Bax, Yusif Səmədoğlunun əsərlərində məhz o bezdirici təsvirçilik yoxdur. Onun mətnlərində hədər yazılmış sözə rast gəlməzsən. O, hətta təsvirində belə ancaq “bıçağın yerini deyir”.

– Söhbət məhz “Bayatı-Şiraz” hekayəsindən gedir.
– Haqqında danışdığımız hekayədə bir kontrabasçıya imkanlı adamlar “Bayatı-Şiraz” çaldırır. Və o, ona görə həmin mahnını ifa edir ki, yüz manata möhtacdır, ehtiyacı var. Bu gün eyni şey bəzi yazıçıların, sənət adamlarının da başına gəlir. Bir də görürsən, dünyanın gərdişindən, böyük, ali ideyalardan danışan bir adama bəziləri dəxlisiz işlər gördürürlər.

– Məsələn, Səbzəli dayı kimi?
– Bəs bu nə deməkdir? Elə bu da başqa kontekstdə kontrabasda “Bayatı-Şiraz” çaldırmaqdır da. Bu da bəzi peşəkarları, fikir adamlarını alçaltmaq, istedadlara darı dənlətməkdir da. Hesab edirəm ki, bu mənada, “Bayatı-Şiraz” günümüzlə çox səsləşir.

– Maraqlıdır, ideyasına görə bu hekayənin səsləşdiyi hansi əsərlərlə tanışsan?
– “Netoçka Nezvanova”da qəhrəmanın ögey atası olan skripkaçı bir qədər “Bayatı-Şiraz”ın aparıcı obrazı Səbzəli dayıya bənzəyir. Stefano Benninin hekayələrində belə motivlər çoxdur. Alçaldılmaq məsələsini qabartsaq, Azər Abdullanıın “Qəmərlidən keçən qatar” povestiylə də eyniləşdirmə aparmaq olar. Lap bərk ayaqda “Dantenin yubileyi” ilə də.

– Hekayədə belə bir yer var. Səbzəli dayı deyir, mənim də alnıma bu yazılıbmış. Yazılıb ki, sən gərək kontrabas çalasan, çünki yazıya pozu yoxdur. Sən necə düşünürsən, doğrudan, Səbzəli dayı alın yazısını yaşayırdı? Yoxsa, bu alın yazısı deyildi, sadəcə, alın yazısını zəmanənin özü “yazırdı”.
– Alın yazısını Allah yazır, ancaq həyatda. Bu hekayədə “alın yazısı”nı Yusif Səmədoğlu “yazıb”, özü də aydın “xətt”lə. Deməli, Səbzəli dayı hərbi qulluqdan qorxur, ancaq həmin dövrdə fərariləri güllələyirlər deyə əsgərliyə yollanır. Səhhətində problem olur, onu geri qaytarırlar. Sonra bir müstəntiq onu çağırıb, davadan yayınmaqda ittiham edir. Namxuda Səbzəli, müstəntiqin Azərbaycan dilində səlis danışdığını eşidib sevinir ki, “necə olsa öz müsəlmanımızdır, çox əziyyət verməz”. Fəqət ona 4 il iş kəsirlər...

– Səbzəli qazamatda kontrabas çalmağı öyrənir...
– Bəli... Və beləcə ömürlük “əli çörəyə çatır”. Sən indi bu ilan kimi qıvrılan tale yollarına bax da, haradan hara. Bax, belə. Bu əsərdə həm də Sovet dövrünün “alın yazısı” var.

– Səncə, Səbzəli dayının yeri hara olmalı idi ki, o, çarəsizlikdən restoranda müştərilərə “Bayati-Şiraz” çalmağa məcbur olmayaydı?
– Biz Səbzəlini kontrabas ifaçısı kimi tanımışıq, onun nəçi olacağını biz müəyyən etmirik. Əsərdə belə bir problem qoyulmayıb: onun bundan sonrakı taleyi necə olacaq? Bu “Cinayət və Cəza” deyil ki, Raskolnikov katorqada neyləyəcək deyə düşünək. Hər şey ovuc içi kimin aydın görünür.

– Bəs problem nədir?
– Məsələ ondadır ki, ona “Bayatı-Şiraz” çaldırmamlıydılar, o buna razılaşmamlıydı. Birinin sənəti başqasına zövq verə bilər, amma əyləncəsinə çevrilə bilməz. Ancaq bir məsələ də var. Səbzəli kontrabasda ifa etməyi necə öyrənib?

– Qazamatda...
– Qazamatda olarkən bədii özfəliyyət dərnəyində Cəbi adlı bir qabağındanyeməyən onu orkestrə “düzəltdirib”. Səbzəli gündüzlər kontrabas çalmağı öyrənib, axşamlarsa Cəbinin ayaqlarını yuyub. O, alçala-alçala irəliləyir və həyatının bütün dönəmində onu təhqir edənlər tapılır. Sondasa iki əllilik cibində, qənşərində süd yolu, bıldır-bıldır yaş tökür, hönkür-hönkür ağlayır... Ömrü boyu sənətçi olmaq istəməyən bir adamı, axmaq bir rejim necə sənətkara çevirir, sonra azadlıqda kontrabasda “Bayatı-Şiraz” ifa edir… Murdar rejimlərdə sənətin yolu ancaq belə ola bilər…

– Ayındır.
– Əgər Səbzəli dayı ayaq yumağa razı olmayıb, qazamat yoldaşları kimi ağac mişarlamağa, odun yarmağa getsəydi, bəlkə də sınmazdı, bəlkə də belə olmazdı. Amma kim bilir, bəlkə də onda heç qazamatdan salamat da qayıtmazdı… Ölüm qaçılmazdı, ancaq fiziki ölüm, mənəvidən gücün çatsa, özünü qorumaq olar… Bir də elə bilirəm, biz hekayənin mahiyyətini açmaqdansa, obrazı müstəntiq kimi “ittiham edirik”. Əslindəsə, heç kəsi ittiham etmək olmaz. Məncə, insanı öz taleyi qədər heç nə təəccübləndirə bilməz.

– Necə düşünürsən, hekayədə Səbzəli dayı həqiqətən də əsl sənətkar kimi təqdim olunur? Məsələn, Mirzə Cəlil “Kamança” pyesində Baxşını necə sənətkar kimi göstərmişdi, Səbzəli dayı da o cürdür?
– Tam yox, Səbzəli həm də ironik obrazdır. Məsələ Səbzəlidə deyil, məsələ bizim sənətə münasibətimizdədir. Qazamatdakı Cəbi kontrabasçıya ayağın yudurdur, kontrabasçı azad olandan sonra it günündə yaşayır, hələ ona “Bayatı-Şiraz” çaldıran müştərilərin sualına bax...

– “Sən çaldığın zurnapetin adı nədir?”
– Bu sual təxminən bizdən sərbəst şeirin poeziya nümunəsi olmadığını vurğulayan sualı xatırladır: “Bu nətər şeirdi, qafiyəsiz-zadsız?” Bir də Səbzəli təkcə pula görə ifa etmir, həm də direktorun “atamın oğlu deyiləm səni qovmasam” sözləri qulağına gəlir.

– Hekayədə Səbzəli dayı nə üçün ironik obrazdır? Yazıçının bu məqamda məqsədi nədir? Səbzəli dayının ironik obraz olması səncə, müəllifin onun sənətinə münasibətini ifadə etmir?
– Yazıçının məqsədi dövrün və insanın faciəsini, bizlərin sənətə, insana münasibətimizi göstərməkdi. Qaldı ki, müəllifin münasibəti əsərdə göründüyü kimi yox, hekayədən sonra bizi düşündürən kimidir. Yəni niyə belə olur? Biz niyə beləyik? Bu gün sənətə münasibətin bu səciyyədə olması isə bizim problemimizdir. Hərdən düşünürəm ki, kaş bizim problemlərimiz dəyişə, demirəm ha həll oluna, sadəcə, məsələn, mən heç kəsin uğraşmadığı problemlərlə can yormaq istərdim, səd-əfsus mümkün deyil.

– Fərid, bir az da hekayədə dəyişən situasiyalardan danışaq... Məncə, yazıçının ustalığı bu məqamda daha aydındır.
– Əsərdə üç dəyişən situasiya var.

– Birinci...
– Əsər Səbzəli kişinin qayğanağı yağsız bişirib yeməsi ilə başlayır. Sonra işə yollanır. İşdə Movses Sergeyeviçlə müharibə haqqında söhbət edir.

– İkinci...
– Sonra Səbzəlinin kontrabas çalmağa başlaması, qazamata düşməsi təsvir olunur.

– Və nəhayət...
– “Bayatı-Şiraz” ifa etməsi.

– Bəs maraqlı olan nədir?
– Fikir ver, üç situasiyada nə boyda hekayət danışılır. Müəllif təhkiyəni elə “qaçaraq” qurub ki, oxucu tələsir və sanki oxucuya hiss etdirir ki, qayə lap axırdadır. Əgər bu belə olmasaydı, inan ki, əsər tələsik yazılmış bədii nümunə sayıla bilərdi. Səbzəli dayı Movses Sergeyeviçlə müharibədən, Amerikanın Yaponiyaya atdığı atomun qiymətindən danışanda bütün hekayənin açarı tapılır:

- “Sən bilən bir bomba neçəyə başa gələ bilərdi?

- Köhnə pulla düz bir milyon iki yüz...”

Sonra Səbzəli bir bombanın puluna nələr ala biləcəyini düşünür, (ev düzəltdirmək, samovar, televizor alaram) onun kasıb həyatının problemləri, kontrabasçı olması və digər məsələlər açılır, həyat hekayəsi danışılır... Bu qədər sadə bir bədii üsulla müəllif hekayəni nəql edir.

– Hekayədə ironik məqamlar da az deyil.
– Məsələn, rəqəmlərin dəqiq göstərilməsi “məzə”dir. Movses Sergeyeviç qətiyyətlə deyir: “Sən elə bilirsən yaponların atomu yoxdu? Lap çoxdan var. Qırx beşinci ildə amerikanlar ora üç bomba atıblar. İkisi partlayıb, biri yox.. həmin o partlamayanı yaponlar götürüb veriblər öz alimlərinə. Onlar da açıb sekretini tapıblar... baş tapdın? Bunları mən demirəm, adam var, o danışır”.
Movses Sergeyeviç “adam var, o danışır”ı elə ədayla deyir ki, guya hanısasa adamın adi birinə nəsə danışması əsaslı mənbədir. Bütün dövrlərdə, xüsusən bu gün, rayon çayxanalarında belə beynəlxalq “siyasi mülahizələr” davam edir. Görünür, Yusif Səmədoğlu həm də sadə kütlənin psixologiyasına yaxşı bələd olub.

– Hekayə boyu Səbzəlinin mədəsinin “ajoq” olması dəfələrlə vurğulanır. Necə düşünürsən, bunun hekayənin mahiyyəti ilə əlaqəsi varmı?
– Bu xəstəliyi Səbzəli qazamatdan da əvvəl “qazanıb”. O xəstəlik onu əsgərlikdən qoruyur, ancaq qazamata “aparır”. Ondan heç vaxt əl çəkmir. Xəstəlik onun taleyini bəlirləyir sanki. Bəlkə də əsl xəstə Səbzəli deyil, hərbi xidmətdən Səbzəlinin geri gəlməsinə, sonra qazamata göndərilməsinə, qazamatda adi bir adamın kontrabasçıya çevrilməsinə, sonra isə kontrabasda “Bayatı-Şiraz” çalmağa onu məcbur edən rejim, cəmiyyətdir.

Qeyd: Yusif Səmədoğlunun “Bayatı-Şiraz” hekayəsini müxtəlif internet saytlarında oxuya bilərsiniz.


Müəllif:

Oxşar xəbərlər