5 May 2015 21:36
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Direktor: “Belə filmlərə ehtiyac var”

May ayının 7-də Nizami Kino Mərkəzində “Dərs” adlı yeni uşaq filmi təqdim olunacaq. Teleqraf.com xəbər verir ki, təqdimat mərasimi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Nizami Kino Mərkəzinin təşkilatı dəstəyi ilə baş tutacaq. Təqdimatdan öncə isə filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavablandıracaq. Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Dərs ” filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür.

Əkran əsəri uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir. Filmdəki rollara Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər.

Filmin işçi adı “Dəyərli adlar” olub. Kinostudiyanın direktoru Müşfiq Hətəmov açıqlamasında filmin uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs etdiyini bildirib: “Filmin çəkilişlərinə ötən ilin iyunun 25-dən başlanıldı. Çəkilişlər əsasən Bakı şəhərində aparıldı. Bilirsiniz ki, bu gün sərhədlər açılır, Azərbaycana o qədər informasiyalar daxil olur ki, bu bolluqda uşaqları düzgün tərbiyələndirmək, istiqamətləndirmək şərtdir. Mənfi halların neytrallaşdırılması üçün belə uşaq filmlərinin çəkilməsinə böyük ehtiyac var. Uşaqlarla işləmək prosesi çətin olduğuna görə biz iki rejissor təyin etdik. Cavid Təvəkkül gənc, istedadlı rejissordur. Rafiq Əliyev isə uzun illərdir ki, aktyor, rejissor sənətindən dərs deyir. Eləcə də, çoxlu sayda tammetrajlı filmlərdə ikinci rejissor kimi çalışıb. Belə qərara gəldik ki, filmin uğurlu alınması üçün iki rejissorun bir yerdə əməkdaşlıq etməsi məqsədəuyğundur”.

Teleqraf.com filmin treylerini və çəkiliş prosesindən kadrları təqdim edir:

Nərmin


Müəllif:

Oxşar xəbərlər