13 May 2015 14:50
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tar həvəskarları üçün video dərsliklər hazırlanıb. Bunu qəzetimizə açıqlamasında layihənin müəllifləri tar ifaçısı Məhbub Şüküroğlu və rejissor Rəşid Ağamalıyev deyib. Onların sözlərinə görə, bu tar dərslərində Azərbaycan muğamlarının sirləri çox aydın və sadə şəkildə izah edilir.

Videodərsləri ödənişsizdir və hər bir muğam, tar həvəskarı bu dərsləri YouTube veb-səhifəsindən izləyə bilər. Tarzən Məhbub Şüküroğlu bizimlə söhbətində belə dərslərə tələbat olduğunu bildirib: “Tar, muğam öyrənmək üçün mənə çoxlu müraciətlər vardı. Təbii ki, bu qədər tələbəylə məşğul olmaq çox çətin idi. Rəşid Ağamalıyevin bu təklifi isə lap yerinə düşdü. Həvəslə işə başladıq. İnanıram ki, bütün Muğam öyrənmək arzusunda olanlar bizim bu dərslərimizdən yararlanacaqlar.”

Rəşid Ağamalıyev deyir ki, bu dərslər daha çox əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar üçün faydalıdır: “Mən tar sənətinə və muğama çox vurğunam. Bilirəm ki, mənim kimi Azərbaycanda və xaricdə yaşayan insanların sayı çoxdur, amma müəyyən səbəblərə görə müəllim yanına gedə bilmirlər. Ümid edirəm ki, bizim tar dərslərimiz belə insanlara tar öyrənməyə kömək edəcək. Məhbub müəllimin ətraflı izahlarıyla tar həvəskarları “Rast”, “Bayatı-Şiraz” və “Çahargah” muğamlarını və çoxlu Azərbaycan mahnılarını (“Laçın”, “Sarı Gəlin” və s.) öyrənəcəklər. Həm də qeyd etmək istəyirəm ki, bizim tar dərsləri hələlik internetdə olan yeganə tar dərsləridir.”

Qeyd edək ki, tar dərsləri Məhbub Şüküroğlunun və Rəşid Ağamalıyevin birinci iş birliyi deyil. Bundan öncə onlar “Bayatı-Şiraz” bədii klipini çəkib, Çex Respublikasının Olomouts şəhərində solo muğam konsertini həyata keçiriblər. Hazırda isə “Rast” muğamına həsr edilən klip üzərində işləyirlər.

Tar dərslərini burada tapa bilərsiniz:

Rəsmi Facebook səhifəsi: https://www.facebook.com/MahbubShukuroglu

Nərmin


Müəllif: