17 Aprel 2014 17:16
3 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış ədəbiyyatşünas alim, tənqidçi Fəridə Vəzirovanın 90 illik yubiley həsr edilmiş gecə keçirilib. Tədbirdə tənqidçinin yaxınları, kolleqaları və ictimai-siyasi xadimlər iştirak ediblər.

Mərasimi giriş sözü ilə ilə AYB-nin katibi Rəşad Məcid açıb. O, Fəridə Vəzirova haqqında tədbir iştirakçılarına geniş məlumat verib: “Fəridə xanım haqqında mətbuatdan oxudum. Onun həyatı məndə xoş təəsürat yaratdı. Ədəbiyyata, bizim ömrümüzü verdiyimiz sənətə bu dərəcədə özünü həsr etmək qürur doğurur”.

Daha sonra filologiya elmləri doktoru, professor Almaz Əliqızı, professor İfrat Əliyeva çıxış edərək Fəridə Vəzirova ilə bağlı xatirələrini danışıblar. Çıxışlar bitdikdən sonra onun həyat və yaradıcılığını əks etdirən fotoslayd iştirakçılara göstərilib. Sonda Fəridə Vəzirovanın qızı İradə Vəzirova çıxış edərək mərasim iştirakçılarına öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Fəridə Vəzirova 1924-cü ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olub. O, 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Fəridə Vəzirova 1948-1949-ci illərdə “Azərbaycan müəllimi” qəzetində ədəbi işçi kimi çalışıb. O, uzun müddət “Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri və “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasında professor olmuşdur. Fəridə Vəzirova 1986-cı ildə Bakı şəhərində vəfat edib.


Müəllif: