Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçiriləcək Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatrdan Teleqraf.com-a verilən xəbərə görə, 1-5 iyunda Tatarıstanın Kazan şəhərində baş tutacaq festivalda Tatarıstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edəcək.
Akademik Milli Dram Teatrı festivalda ölkəmizi “Kitabi Dədəm-Qorqud” eposunun “Disrə xan oğlu Buğac” boyunun motivləri əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə təmsil edəcək.
Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında "Kitabi Dədəm-Qorqud" dastanının müxtəlif boyları əsasında hazırlanan səhnə əsərləri, eləcə də, milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalar təqdim olunacaq.
“İlahi oyun” tamaşası iyunun 4-də K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunacaq.
Tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılovdur, tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edəcək.