Mayın 28-də Nyu-York şəhərində Leila Heller Qalereyasında azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Yan keçərkən...” ("Passing By…") adlanan ilk fərdi sərgisi açılacaq.
Teleqraf.com xəbər verir ki, sərgi iyulun 3-dək davam edəcək.
“Yan keçərkən...” ("Passing By…") sərgisində Aida Mahmudovanın artıq tanınmış əsərləri ilə yanaşı, Azərbaycanın təbiət və memarlığından ilhamlanaraq yaradılmış səkkiz yeni rəsm əsəri də təqdim ediləcək. Bu rəsm silsiləsində Mahmudova anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitini və memarlığını görməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi qalıqlarının yanında parlaq yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Aida Mahmudova, əksinə, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə tikililərə cəlb edir. Bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. Mahmudova bu diqqətdən kənar yerli mənzərələri əsərinin ön planına yerləşdirməklə vətəninin müxtəlifliyini araşdırır. Onun zərif nostalji hissi ilə aşıb-daşan əsərlərində şəhər mənzərəsinin təkamülü ilə əlaqədar sosial-antropoloji baxışlar əksini tapır.
Qeyd edək ki, Aida Mahmudovanın əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş şəkildə sərgilənir. Onun dəniz mənzərələri VITA VITALE qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Rəssamın heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, əsərləri dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Rəssamın "Recycled" kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm