Ötən həftəsonu doğum gününü qeyd edən aktyor Əkbər Əlizadə özünü sənətdə və ailə həyatında xoşbəxt insan hesab edir.
Teleqraf.com xəbər verir ki, doğum gününü iş başında, çalışdığı verilişdə dostları ilə birgə qeyd edən aktyorun ən yaralı yeri filmlərdə çəkilməməyi ilə bağlıdır:
“Artıq səhnədə fəaliyyətimin 21 ili tamam oldu. İlk təşəkkürüm Allahımadır. Onun istəyi ilə mən bu dünyaya gəlmişəm. Valideynlərimə çox minnətdaram ki, bu sənətlə məşğul olmağıma icazə veriblər. Əks təqdirdə bu sənətdə olmazdım. Bilirsiniz ki, valideynlər çox vaxt öz övladlarının qarşısına sədd çəkirlər. Amma onlar mənə dəstək oldular. Bu sənətdə cilalanmağıma, püxtələşməyimə görə sənət müəlliməm - Cənnət xanım Səlimovaya təşəkkür edirəm. O, tək bizə dərs keçmədi, o bizə həyatı aşıladı, həyata baxışımızı istiqamətləndirdi. Daha sonra isə Hacıbaba Bağırov, Afaq Bəşirqızı, Mikayıl Mirzə, Ədalət Vəliyev, Fatma Abdullazadə, Vaqif Mustafayevə təşəkkür edirəm. Bilirsiniz, çox insanlarda istedad ola bilər, amma o istedadı tamaşaçılara göstərmək üçün məkan, şərait lazımdır. Bu tərəfdən mən özümü bəxti gətirən biri hesab edirəm: o məkan, o şərait mənim üçün yaradılıb. Amma ən yaralı yerim kinoda çox az çəkilməyimdir. Bilirsiniz, aktyor üçün hər bir gün çox böyük əhəmiyyət kəsb edir. Mən istəməzdim ki, bizim ömrümüz boşa keçsin. İstəyirəm, ”Azərbaycanfilm" kinostudiyası əvvəlki kimi işlə qaynasın, kastinqlər olsun, filmlər çəkilsin. Rejissorlar bizi görsünlər. Mən çox istəyirəm dramatik rollarda oynayım və o obrazlarla tamaşaçıları təəccübləndirim. Hətta elə bir rol istəyirəm ki, özüm belə o obrazı yaradanda təəccüblənim".
Nərmin