Samira Allahverdiyeva Avropa Oyunlarına öz musiqisi ilə dəstək verən müğənnilərdən biridir. “Bakı-2015" üçün ”Çağırış" adlı mahnı yazdırıb, klip çəkdirən müğənni stilində də dəyişiklik edib. Belə ki, Samira son dönəm idman geyimi və yaşıl linzaları ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Teleqraf.com Samira ilə müsahibəni təqdim edir:
- Bilirsiniz ki, iyun ayının 12-dən 28-nə kimi Bakıda I Avropa Oyunları keçiriləcək. Oyunların Bakıda keçirilməsi çox mühüm hadisədir. Ona görə “Çağırış”ı bütünlüklə “Bakı-2015" I Avropa Oyunlarına həsr etdim. İdeya da çoxdan yaranıb. İstəyirdim ki, hazırlayacağımız mahnı bizim möhtəşəm tədbirə və idmançılarımıza dəstəyimiz olsun. Bu mahnı vətənpərvərlik ruhunda, idmançıları qələbəyə, zəfərə səsləməli olduğuna görə yüksək dinamikaya sahib olmalı idi. Bir neçə nəfərə musiqi ilə bağlı müraciət etməyimə baxmayaraq içində enerji, dinamika olan belə bir mahnı tapmadım, ona görə xarici estradaya müraciət etdim. Həmin ərəfələrdə Cessi C-nin mahnısını eşitdim və çox xoşuma gəldi. Əsas çətinliyimiz sözlərin yazılışı idi. 6 ay sözlərin yazılışına vaxt həsr etdik. Mahnı insana yüksək enerji verir. İnanıram ki, bu oyunlar çox möhtəşəm keçəcək. Yarışlarda Azərbaycanı təmsil edən idmançılarımıza uğurlar arzu edirəm. Onlar bu mahnıya qulaq assınlar, daha da şücaətlə, əzmlə mübarizə aparıb, medallar qazansınlar.
- İdmançılara həsr etdiyiniz daha bir mahnınız var idi. Bu qədər diqqətin xüsusi səbəbi varmı?
- Doğrudur, bir neçə il bundan öncə yenə Ülviyyə Könüllə idmançılara həsr olunan “Qələbə” klipimizi təqdim etmişdik. Bunun xüsusi səbəbi yoxdur, sadəcə, idmanı sevirəm və yaradıcılığımda hər zaman idmançılarımızı diqqətdə saxlayıram.
- Hansı idmanla məşğul olursunuz?
- Uşaqlıqda karate ilə məşğul olmaq istəyirdim, amma evdən icazə vermədilər. Bir müddət Eduard Məmmədovdan boks dərsləri almışam. İndi aerobika ilə məşğul oluram. Qaçmağı sevirəm. Mən sizə deyim ki, bizim ailədə idmana hər zaman sevgi olub. Atam vaxtilə idmanla məşğul olub, xarici ölkədə yaşayan qardaşım xokkeyçidir. Oğlum taekvando ilə məşğul olur, amma o qədər də həvəs göstərmir. Mənə elə gəlir ki, qızımın idmanla yanaşı musiqiyə də həvəsi olacaq. Üç yaşı olmasına baxmayaraq, artıq bunu hiss edirəm. Mahnılarımı zümzümə edir. Onu son klipimin çəkiliş meydançasına gətirmişdim, hər şeyə o qədər diqqətlə baxırdı ki...
- Səhv etmirəmsə, yeni klipə hazırlaşırsınız.
- Bəli, Ramazan ayında Fərqanə Qasımova ilə birgə ifa etdiyim “Ya Allah” mahnısına klip çəkdirmək istəyirəm.
- Samira xanım, həmkarlarınız deyir ki, indiki dövrdə müğənniyə klip çəkdirmək sərf etmir. Yəni klipin heç bir prespektivi yoxdur.
- Əslində düz deyirlər. Çəkilən kliplər kanallarda normal efirə verilmir. Bu qədər əziyyət çəkib, maliyyə xərcləyirsən, sonra da kanallardan xahiş edirsən ki, bunu efirə versinlər. Sağ olsunlar, elə kanallar var ki, bizdən heç bir maddi vəsait götürmürlər, amma əksəriyyət istəyir. Misal üçün “Çağırış” mahnımı radiolarda səsləndirmək istəyirəm, amma əksəriyyəti götürmür ki, gərək hansısa xüsusi günlərdə yayınlayaq. Mən bu yanaşmanı anlamıram. Nəzərə alsaq ki, biz Avropa Oyunlarına hazırlaşırıq, ona görə də bu kimi mahnılara tələbat çox olmalıdır. Belə halları görən müğənnilər təbii ki, ruhdan düşürlər. Yaxşı ki, internet, sosial şəbəkələr var. Müğənnilər orada mahnını və klipi yerləşdirirlər və pərəstişkarları görür. Görənlər də internetə girişi olanlar olur. Amma çox istərdim ki, kanallarda, radiolarda səslənsin ki, internet istifadə etməyən insanlar da görsünlər. Bu kimi problemlərə baxmayaraq, mən bunu istədim və elədim.
- Albom hazırlamaq fikriniz yoxdur?
- Albom heç istəmirəm. Çünki bir mahnı yazılan kimi internetdə yerləşdirilir və insanlar da ordan dinləyir. İndiyə kimi iki albom təqdim etmişəm. Amma hər ikisindən vəsait qazanmadığım üçün belə qərara gəldim ki, bundan sonra albom çıxarmayacağam. Amma tək bu fikir məni bu işdən soyutmur, vəsaitim olmasa belə pərəstişkarlarımı düşünüb bunu edərəm. Amma bir şeyi etiraf etməliyəm ki, mən özüm müğənni olaraq nadir hallarda hansısa müğənninin albomunu alıb, qulaq asıram. Hansı mahnı mənə lazımdırsa, interdən köçürürəm, qulaq asıram.
- Hətta əcnəbi müğənnilərin belə albomlarını almırsınız?
- Yox. Alsam da bu, çox nadir hallarda baş verir.
- Yaxşı bəs konsert vermək istəmirsiniz?
- Konsert olmalıdır. Amma bu haqda ətraflı məlumat vermək istəmirəm. Çünki illərdir ki, konsert vermək istədiyimi deyirəm, amma alınmır. O arzum indi-indi reallaşmağa başlayır, deyəsən.
- Konsertlə bağlı nə problemləriniz vardı?
- Hər şey maddi məsələlərlə bağlıdır. İki dəfə Caz Mərkəzdə konsert verdim. Və başa düşdüm ki, sponsorsuz, təkbaşına konsert vermək nə qədər ağır işdir. Xərci həddən artıq çoxdur.
- O xərcləri yoldaşınız ödəyirdi?
- Mən özüm. Qazandığım məbləğin hamısını konsert üçün xərclədim. Peşmançılıq çəkmirəm. Bunu musiqiyə, sənətimə sevgimə görə edirəm. Yəni sevgi olmasa, inanın ki, xərc çəkmərəm. Hətta “Çağırış” klipini çəkmək istədiyimi xalam oğluna deyəndə qardaşım mənə məəttəl qalmışdı. Deyirdi ki, sən bu klipdən heç bir qazanc əldə etməyəcəksən. Ondansa repertuarındakı mahnılardan birinə klip çək. Dedim yox, klipi “Çağırış”a çəkəcəm və çəkdim də. Çünki mən hiss edirdim ki, məhz buna klip çəkdirməliyəm. Ruhum o mahnı və kliplə yaşayırdı. Bəlkə də mən ondan heç nə qazanmayacam, amma bunu etsəm, ruhum sakitləşəcək.
- Həmişə hissiyyatınızla hərəkət edirsiniz?
- Bəli.
- Toylara gedirsiniz?
- Toylara yarım saatlıq dəvət edəndə gedirəm. Amma toy biznesi ilə məşğul olmuram.
- O zaman qalır şou-proqramlar. Bu sahədə vəziyyət necədir?
- Əvvəlki kimi deyil. Xeyli dəyişib. Olur ki, şou-proqramda müğənni istədiyi mahnını ifa edə bilmir. İndi insanlar fərqli musiqilər sifariş verirlər. Müğənni qonaqların istəklərinə cavab verməyə məcbur olur.
- Hansı musiqiləri Sizdən oxumağını xahiş edirlər? “Maral”, “Cancana” yaxud nə?
- Söhbət “Maral”dan getmir. “Maral”ı oxumaq olar, onun öz oxuyanları və öz tamaşaçıları var. Ümumiyyətlə, mən filan mahnını oxumaq olar, ya olmaz kimi ayrı-seçkilikləri sevmirəm. “Maral”ı Nadir oxuyub, onun ifasında da sevilib. “Maral”ı Samira oxumur, çünki əvvəldən mənim xəmirim belə yoğrulmayıb. Bəlkə də mən əvvəldən “Maral” oxusaydım, davam edərdim, toylarda da, şou-proqramlarda da oxuyardım. Bunu Nadir oxuyur, başqaları oxuyur və onlar o janrda başqa mahnılar da ifa edirlər. Qınamaq olmur. Nadirə qulaq asan bəlkə də deyəcək ki, Samiranın “Mən gəlirəm” mahnısını bəyənmirəm. Və bu, normaldır. Ayrıseçkilik etmək düzgün deyil. Sadəcə, müəyyən mahnılar var ki, efirdə səslənməməlidir. Efirin öz senzurası, öz kriteriyaları var.Və buna nəzarət olmalıdır. “Maral” hansısa tədbirdə, toyda oxunsun, amma efirdə...Ondan da başqa biz indi elə zəmanədə yaşayırıq ki, hər şey, bütün qanunlar, kanonlar dəyişib. Biz heç bir şey edə bilmirik. Nə qədər Samira desə ki, mən bunu bəyənmirəm, yenə də heç nə dəyişilməyəcək. Bir-iki nəfərlə bu işlər düzələn deyil. İnsanlar özləri buna etiraz etməlidirlər.
- “Çağırış” klipində linzadan istifadə etmisiniz. Ümumiyyətlə, fikir vermişəm son zamanlar sosial şəbəkədə paylaşdığınız fotolarda, efirlərdə linza gözünüzdədir.
- Klipdəki stilimi də özüm yaratmışam. Bir gün dedim ki, mən efirə çıxanda linza taxmaq istəyirəm. Özü də yaşıl linza olmalıdır. Çünki mənim qardaşımın gözünün rəngi yaşıldır. Həmişə o gözlərə valeh olmuşam. Ona görə də yaşıl linzadan istifadə edirəm. 95 faiz deyir ki, yaraşır, 5 faiz deyir ki, yaraşmır.
Nərmin Muradova