“Həyatdan gözlədiyim heç nə yoxdur”
Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində xalq artisti Flora Kərimovanın ifa etdiyi “Səni gözləyəcəm” mahnısına çəkilən klipin təqdimatı olub. Mahnının musiqisi Sevinc Tofiqqızı, sözləri millət vəkili Qənirə Paşayevaya aiddir.
Teleqraf.com xəbər verir ki, mərasimdə Flora Kərimova, Sevinc Tofiqqızı, klipin rejissoru Nail Nailoğlu və digər ictimai xadimlər iştirak ediblər.
Klipin təqdimatından sonra Sevinc Tofiqqızı Flora Kərimovaya güllərlə işlədiyi əl işini hədiyyə edib və mahnının yaranma tarixçəsindən danışıb: “Qənirə xanım mənə öz şeirlər kitabını hədiyyə etmişdi. Şeirlərin içərisindən ən birinci diqqətimi çəkən “Səni gözləyəcəm” şeiri oldu. Əlbəttə, sonra mahnı bəstələndi və Flora xanıma təqdim olundu. Çox təşəkkür edirəm ki, Flora xanım mahnını belə gözəl ifa etdi. Sonra da düşündüm ki, mahnını əbədiləşdirək və klip çəkdirək”.
Rejissor Nail Nailoğlu Flora xanımla işləməkdən həzz aldığını deyib: “Bir neçə dəyərli sənətkarlarımız var ki, onlarla işləməkdən böyük zövq alıram. Onlardan biri də Flora Kərimovadır. Bu bizim Flora xanımla ilk işimiz deyil. Belə ki, daha öncə biz Nadir Qafarzadə ilə ifa etdiyi “Darıxmışam” mahnısına klip çəkmişdik. Bu iş də mənə təklif olunana təmənnasız razılaşdım”.
Rejissor niyə əsəbləşdi?
Təqdimat mərasimində Nail Nailoğlunu əsəbləşdirən sual da verilib. Belə ki, jurnalistin “Siz bilə-bilə ki, Flora xanımla İlhamə Quliyeva arasında illərlə davam edən küsülülük mövcuddur, İlhamə xanıma da klip çəkmisiniz və o klipin sabah təqdimatı keçiriləcək. Arasında qısqanclıq yaranmır ki...” sualını yarıda kəsən rejissor belə cavab verib: “İstər Flora xanım, istər İlhamə xanım dəyər verdiyim sənətkarlardandırlar. Onalrın ikisinə də çox sağ ol deyirəm ki, mənə bu gün etibar ediblər.
“Gələcək haqda tez-tez düşünürəm”
Flora Kərimova təqdimat mərasiminə qəmgin notlarla başlayıb, sənətdə nakam bir tale yaşadığını deyib: “Bəlkə də yaşımdır, bəlkə də sənətdə olan nakam qismətimdir məni danışdıran. Amma bunu deməliyəm, siz bilirsiniz ki, mən nadir hallarda klip təqdimatları edirəm, klip çəkdirirəm. Buna əminəm ki, bu klip məndən sizə yadigar qalacaq. Nə vaxtsa bu klipə baxanda bu günləri yada salacaqsınız. Və düşünəcəksiniz sizi sevən, istəyən belə bir müğənni var idi. Son vaxtlar gələcək haqda tez-tez düşünürəm. Sənət nakamı olmuşam. İndi həyatdan gözlədiyim heç nə yoxdur. Amma məndən sizlər, övladlarım nəsə gözləyir. Bu gün sizləri təqdimat mərasimində görmək çox xoş idi. Hər insan öz mənəviyyatının, mədəniyyətinin bəhrəsini görür. Çox sağ olun ki, məni belə görüb, qiymət vermisiniz”. Qəmgin notlarla deyilən bu sözlərdən müğənni “Qarşıda hansı sənət yenilikləriniz olacaq” sualına “Çox gözəl mahnılar, hətta duetlər də olacaq”, - deyə bildirib.
Klipi bəyəndiyini deyən müğənni Naillə çəkiliş meydançasında yaxşı anlaşdıqlarını bildirib: “Rejissor Sevinclə mənə çox ehtiramla yanaşdı. Ona çəkiliş meydançasında “Mayil” deyirdim. Sevinc Tofiqqızı da mahnı ərsəyə gələnə qədər çox narahat idi. Tez-tez zəng vurub soruşurdu. Belə olmadığına bamxayın, bir bəstəkar kimi çox sərtdir”.
“Röya, bu hərəkətinlə kişini alçaldırsan”
Röyanın video qalmaqalı ilə bağlı mətbuatda öz fikirlərini səsləndirən və bunu tənqid edən Flora Kərimova qarşı tərəfin açıqlamasından sonra bir daha bu mövzuya qayıdıb: “Röya xanım Azərbaycan vətəndaşıdır. Mən istərdim ki, biz sənət adamları olaraq vətənimizə, Azərbaycanımıza xələl, problem gətirməyək. Röyanın o hərəkəti düz deyildi. O videoya çəkdiyi kişiyə söz dedizdirmək istəyirdi. Kişiyə deyir “Sən denən ki, sənin anan, bacın belədir”. Kişiyə o sözü dedizdirtmək yaxşı bir şey deyil. Sən kişini alçaldırsan. Düşünmürsən ki, sabah o tində ananın da, bacının da acığını səndən alacaq. Və onun övladı sənin övladından acıq alacaq”.
“İlhamə, bəsdir”
Artıq bir müddətdir ki, mətbuatda Avropa Oyunları məşəlinin İlhamə Quliyeva tərəfindən daşınmasına Flora Kərimovanın mövqeyi və bu ətrafda yaranan mübahisələr yer alır. Bu dəfə xalq artistinin İlhamə Quliyevanın “Flora, yanımda olsan, səni o məşəllə yandıracam” sözlərinə münasibəti özünü çox gözlətməyıb: “İlhamə xəstə adamdır, onun sözlərinə nə mövqeyim olacaq. Həkim, psixoloq kimi deyirəm, İlhamə, bəsdir. İlhamə cavanlıqdan belədir”.
Nərmin
FOTO: Rəşad Abbasov