“Balaca böyüklərin dünyası”nda nələr var?
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda fotoqraf İrina Abdullahın “Balaca böyüklərin dünyası” adlı fotosərgisinin açılışı olub. Teleqraf.com xəbər verir ki, mərasimdə Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Arif Hüseynov, aparıcı Rövşanə Bektaşi iştirak edib.
Tədbiri giriş sözü ilə açan aparıcı Rövşanə Bektaşi sərginin əhəmiyyətindən danışıb: “Mən müxtəlif sərgilərin açılışında olub, çıxış edirəm. Amma bu günki sərgi birbaşa bizim gələcəyimiz olan uşaqlara həsr olunduğu üçün çox həyəcanlıyam. Uşaqların gözündə göz yaşı görmək istəmirəm, əksinə üzləri hər zaman gülsün. Onlar həmişə bütöv bir ailədə böyüsünlər. Bu günki sərgi də məhz buna həsr olunub. Ailə dəyərlərinin qorunmasına önəm verən sərgi balacaların atalı-analı böyüməsinin tərəfdarı kimi çıxış edir. Sərginin müəllifi İrina bu fotolarda uşaqların xoşbəxt olduqları anları çəkib. İrinaya iç dünyasını, ruhunu bu fotolara köçürdüyünə görə təşəkkür etmək istəyirəm. Və inanıram ki, üç-dörd gün davam edən sərgiyə gələcək valideynlər bu fotolara baxandan sonra bir-birindən ayrı yaşamaq istəməyəcəklər. Çünki burada elə fotolar var ki, onlar insanları bir-birini sevməyə, bir-birinin əlindən tutmağa, bərabər olmağa səslənir”.
Son illər Azərbaycanda foto sənətinin çox inkişaf etdiyini deyən rəssam Ağəli İbrahimov onun rəngkarlıqdan geri qalmadığını vurğulayıb. Sözügedən sərginin özəlliyindən danışan rəssam ölkəmizdə uşaq fotoqrafiyasının vacibliyinə toxunub: “İrina xanım çox müşahidəçi, düşünən insandır. O hər bir əsərində ən gözəl məqamları tutub. Gərək o qədər peşəkar fotoqraf olasan ki, həmin anları, cizgiləri tuta biləsən. O bunu bacarıb. Bu gün dünyada gedən prosesləri izləyən biri kimi deyim ki, qadınlar, uşaqlar çox təzyiqə məruz qalır, ailələr dağılır. O baxımdan bu sərginin böyük əhəmiyyəti var. Çünki uşaqların səmimi, saf baxışlarına hər zaman ehtiyacımız var. Mən İrina xanımı təbrik edirəm və inanıram ki, siz uşaq fotoqrafiyasının inkişafında böyük rol oynayacaqsınız”.
Xalq rəssamı Arif Hüseynov sərginin bir başqa keyfiyyətindən danışıb: “İyun ayının 1-dən başlayan uşaq bayramı bu günki sərgi vasitəsilə davam edir. Sərgi uşaqların psixologiyasını təsir edib, görünməyən tərəfini nümayiş etdirib. Bundan başqa hər bir fotonun altında məşhur adamların tezisləri var. Etiraf etməliyik ki, elektron vasitələrlə zəngin olan bu dövrdə çox az adam kitab oxuyur. Amma bu sərgiyə gəlib, əsərlərə tamaşa edən insanlar fotoların altındakı tezisləri yaddaşlarında həmişə saxlayacaqlar”.
Müəllif İrina Abdullah fotoqrafiya sənətinə gəlişinin maraqlı tarixçəsindən söhbət açıb: “İxtisasca iqtisadçıyam. 2010-cu ildən fotoqrafiya ilə məşğul oluram. Foto sənətinə gəlişim qızım anadan olandan sonra baş verdi. Mənim ilk modelim də qızım idi. Foto sənətində özümü həvəskar hesab edirəm.
Uşaqlarla iş prosesi çox maraqlıdır. Mən onları emosiyalarını diqqətlə izləyirəm və çalışıram ki, ən yaxşı məqamları lentə alım. Məhz uşaqlar vasitəsilə mən dünyaya, insanlara vermək istədiyim mesajımı ötürürəm. Dünyanı gözəl, mehriban, dürüst görmək istəyirəm. Bu mesajımı uşaqların sayəsində hər kəsə çatdıra bilirəm. Sərgi eyni zamanda uşaqların dünyasına, ailə dəyərlərin önəmini vurğulayır. əgər biz bütün ciddiyyətimizlə ailə dəyərlərinə yanaşmasaq o zaman bütöv cəmiyyət ola bilməz. Sərgidə təqdim etdiyim əsərlər üç illik əməyimin bəhrəsidir. Bu üç ildə 30 –a yaxın uşağı ən müxtəlif aspektdən lentə almışam. Fotoların altında təqdim etdiyim məşhur sözlər fikirlərimi daha rahat çatdırmağa yardımçı olur”.
Qeyd edək ki, 60-a yaxın əsərin nümayiş olunduğu “Balaca böyüklərin dünyası” sərgisində fotoların satışı da həyata keçirilir. Beləki, İrina Abdullahın müəllifi olduğu fotolarla bəzənmiş açıqcalar satışa qoyulub. Satışdan əldə olunan gəlir yardıma ehtiyacı olan balacalara, atasız-anasız olan övladlara veriləcək.
Nərmin