Azərbaycanın əməkdar rəssamı, Türkiyədə yaşayan həmyerlimiz Teymur Rzayev Rusiya İncəsənət Akademiyasının medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, T.Rzayev bu mükafata Türkiyə və Rusiya arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. Medalın təqdimatı Teymur Rzayevin təşəbbüsü ilə bu günlərdə Memar Sinan İncəsənət Universitetinin İstanbuldakı sərgi salonunda təşkil edilən Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Tseretelinin fərdi sərgisində olub.
Memar Sinan İncəsənət Universitetinin rektor Yalçın Karayağız bu sərginin Türkiyə və Rusiya arasındakı mədəni əlaqələrin genişlənməsində böyük rol oynayacağını qeyd edib. Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Tsereteli isə öz növbəsində iki ölkə arasında dostluq, incəsənət, yaradıcılıq vasitəsilə daha böyük inkişaf əldə edə biləcəklərini vurğulayıb. O, bu əlaqələrin gücləndirilməsində böyük zəhməti olan Y.Karayağıza minnətdarlığını bildirərək ona Akademiyanın “Ləyaqət” medalını təqdim edib.
Rektor Y.Karayağız isə Rusiya İncəsənət Akademiyasının prezidenti Z.Tsereteliyə və Akademiyanın vitse-prezidenti Tahir Salahova minnətdarlığını bildirərək, universitet adından təşəkkürnamə təqdim edib.
Tədbirdə Z.Tsereteli izləyicilərə ustad dərsi keçərək çiçək tablosu və rektorun portretini yaradıb, təhsil ocağının muzeyinə hədiyyə edib.
Bu dostluq əlaqələrinin inkişafı çərçivəsində Türkiyə rəssamlarının da Moskvada sərgisinin keçirilməsi planlaşdırılır.