Bir müddət bu yazını yazmağa tərəddüd etdim: Azər Rzazadə çox gəncdir, mənim isə hobbim adətən sənətdə sözünü demiş, özünü təsdiqləmiş sənət adamları haqqında yazmaqla Azərbaycan musiqi mədəniyyətini özəlliklə də respublikamızdan kənarda təbliğ etməkdir...
Lakin hər dəfə Azərin yeni bir ifasını dinlədikcə onun güclü səsi, ifa texnikası yanıldığımı düşünməyə əsas verirdi: yazmasaydım, ona qarşı yenə haqsızlıq etmiş olacaqdım. Axı bir neçə il öncə, onun ifasını dinləmədən atasının (Azər Rzazadənin atası Azərbaycanın xalq artisti ünvanını daşıyan tanınmış müğənni Zaur Rzayevdir) köməyilə müxtəlif festival və müsabiqələrə qatıldığını düşünməklə də böyük haqsızlıq etmişdim...
Mən müxtəlif janrlarda musiqi əsərlərini, özəlliklə də klassik musiqini dinləməyi sevirəm. Və indiyə qədər dünyanın ən güclü, ən məşhur səslərini, professional ifalarını dinləmişəm, ona görə də daha hər hansı səsin və ifanın məni heyrətləndirə biləcəyinə şübhə edirdim. Lakin Azər Rzazadəni ilk dinlədiyimdə bu fikrin də yanlışlığını anladım: güclü səs, səsini çox asan idarə edə bilmək məharəti və çox professional ifa... Bu yalnız mənim subyektiv fikrim deyil, musiqi ictimaiyyəti onun səsini və ifasını yüksək dəyərləndirir. Mənim Ankarada yaşayan musiqiçi dostum söhbət əsnasında Azərin səsini olağanüstü tenor, ifasını isə akademik, yüksək eyitimli ifa adlandırdı...
Bəlkə də Azər Rzazadənin sənətə gəlişi onun özündən başqa hamı üçün - həm musiqi camiası, həm də dinləyicilər/tamaşaçılar üçün gözlənilməz olmuşdur. Çünki Azər uşaqlıqdan oxumaq, həm də opera müğənnisi olmaq arzusunda olsa da, on doqquz yaşına qədər musiqi ilə məşğul olmamışdır - yəni nə musiqi təhsili almış, nə də hər hansı uşaq musiqi kollektivində fəaliyyət göstərmişdir. Əksinə, o, idmana maraq göstərərək kikboksinq idman növü ilə məşğul olmuş, bir sıra uğurlara imza atmışdır: Avropa və Asiyada keçirilən yarışlarda qalib olan Azər, 2006-cı ildə isə Afinada keçirilən dünya birinciliyində çempion adını qazanmışdır.
Lakin idmandakı uğurları Azəri uşaqlıqdan qəlbində yuva qurmuş opera ifaçısı olmaq arzusundan uzaqlaşdıra bilmir. Və nəhayət, 19 yaşlı Azər ifaçılıq sənəti ilə məşğul olmaq qərarına gəlir. Elə həmin vaxtdan Musiqi Akademiyasının professoru, klassik ifa üzrə böyük pedaqoji təcrübəsi olan Hüseyn Əliyevdən vokal dərsləri almağa başlayır. Və Azərin geniş diapozonlu lirik tenor səsi və vokal ifaçılığı musiqi camiasının diqqəti çəkir. Akademiyanın təlim kurslarını müvəffəqiyyətlə bitirdikdən sonra o, Azərbaycan Akademik Opera və Balet Teatrında solist kimi işləməyə dəvət alır və beləliklə, özünü professional səhnədə sınamaq şansı qazanır. Onun səhnəyə ilk çıxışı C.Bizenin "Karmen" operasında olur. Azər bu operada oynadığı Remendado rolunda vokal ifaçılığı ilə diqqəti çəkir və onun güclü lirik səsi gələcək tamaşalarda uğurlu çıxışları üçün əsas yaradır. Sonralar Azər C.Verdinin "Riqoletto", "Trubadur" və "Traviata", C.Puççininin "Bohema", F.Əlizadənin "İntizar" operalarında və d. əsərlərdə partiyalar ifa edir; opera teatrımız tarixinə Balaşın (F.Əmirov, “Sevil”) ən gənc ifaçısı kimi daxil olur.
İlk baxışdan hər şey yolunda idi: Azər arzusuna çatmışdı, opera səhnəsində bir-birindən maraqlı partiyalar ifa edirdi. Lakin bu onu qane etmir və o, biliyini təkmilləşdirmək, akademik təhsil almaq məqsədilə İtaliyaya gedir. Bir il orada təhsil alır, italyan dilini öyrənir. Müxtəlif dövrlərdə İtaliyada, İspaniyada və d. ölkələrdə məşhur sənətçilərdən ustad dərsləri, özəl vokal dərsləri alır. Bununla yanaşı Azər ifaçılıq fəaliyyətindən də qalmır: Heydər Əliyev Fondunun və Respublika Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və təşkilatçılığı ilə istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilən konsert proqramlarında iştirak edir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiq Festivalında, Qəbələ şəhərində keçirilən ənənəvi Beynəlxalq Musiqi Festivallarında öz güclü səsi və professional ifası ilə musiqisevərlərin rəğbətini qazanır. Artıq Pezaro Musiqi Akademiyasının (İtaliya) tələbəsi olan Azər Rzazadənin ifası daha da təkmilləşirdi. Gənc olmasına rəğmən o, Ü.Hacıbəyli, Q.Qarayev, Niyazi, F.Əmirov və M.Maqomayev kimi Azərbaycan bəstəçilərinin, C.Verdi, C.Puççini, J.Massne, R.Leonkavallo, G.Donizetti, S.Raxmaninov və b. kimi əcnəbi bəstəçilərin mahnı və romanslarını, operalarından ariyaları böyük professionallıqla ifa edir.
A.Rzazadə vokalçıların Beynəlxalq müsabiqələri laureatıdır. Onun Moskvada (Rusiya) keçirilən böyük Azərbaycan sənətçisi Müslüm Maqomayev adına Beynəlxalq müsabiqədəki çıxışları isə (2014) professionallıq səviyyəsinə görə daha yaddaqalan olmuşdur.
Azər Rzazadənin az zaman kəsiyində - ifaçılıq sənəti ilə məşğul olduğu altı il ərzində dünyanın məşhur orkestrlərinin - London Kral Filarmonik Orkestrinin, "Novaya Rossiya" Dövlət Simfonik Orkestrinin, "Italiana del Cinema" Orkestrinin, habelə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Opera və Balet Teatrı Orkestrinin müşaiyəti ilə Alfredonun (C.Verdi, "Traviata"), Verterin (J.Massne, "Verter"), Kavaradossinin (C.Puççini, "Toska"), Nemorinonun (G.Donizetti, "Məhəbbət şərbəti"), Balaşın (F.Əmirov, "Sevil") ariyalarını professionallıqla ifa etməsi, geniş səs imkanları onun istedadlı və perspektivli opera müğənnisi olacağını (və ya artıq olduğunu) təsdiqləyir.
Azər gənc olmasına baxmayaraq çoxsaylı qastrol səfərlərində olmuş, İtaliya, Avstriya, Fransa, Türkiyə, Rusiya, İngiltərə, Çexiya və d. ölkələrin məşhur konsert salonlarında çıxışlar etmişdir. O, Azərbaycanın zəngin musiqi mədəniyyətini xarici ölkələrdə fəal təbliğ edir. Ü.Hacıbəylinin "Sənsiz", "Sevgili canan" romansları, Niyazinin "Vətən mahnısı", F.Əmirovun "Ulduz" və M.Maqomayevin "Odlar yurdu" mahnıları, xalq mahnısı "Küçələrə su səpmişəm" və s. Azərin ifasında yeni yorum, çalar qazanmışdır.
2014-cü ili gənc tenorun həyatında dönüş ili adlandırmaq olar. Bu ildə Azər həm Beynəlxalq müsabiqə laureatı adını qazanmış, həm də çoxdankı arzusuna çatmışdır: ciddi sınaqlardan keçərək dünyanın məşhur “La Scala” Vokal Akademiyasına (İtaliya, Milan) daxil olmuşdur. Bu böyük uğur idi, çünki müxtəlif ölkələrdən olan 500 iddiaçı arasından seçilən dörd nəfərdən biri olmuşdu Azər! Hətta bunu sadəcə uğur deyil, qələbə adlandırmaq daha doğru olar məncə...
Bu gün Azər uşaqlıq arzularının zirvəsinə doğru inamla, qətiyyətlə addımlayır. İstedad zəhmətlə yoğrulmasa, bəhrə verməz. A.Rzazadə Tanrının ona lütf etdiyi səsi, istedadı insanlara yüksək səviyyədə təqdim etmək üçün səylə çalışır, müəllimlərindən - Renato Bruzon, Luçana Serra, Luçana D`Intino kimi dünya şöhrətli musiqiçilərdən sənətin sirlərini öyrənir.
...Bir zamanlar Azər klassik musiqinin dünyaca tanınmış yorumçusu, böyük hind dirijoru Z.Mehtanın müşaiyəti ilə məşhur üç tenorun - P.Dominqo, X.Karreras və L.Pavarottinin konsertini heyranlıqla dinləyərkən bəlkə nə zamansa həmin Mehta ilə eyni tamaşada yer alacağını heç düşünməmişdi də... Amma indi A.Rzazadə - La Skala Akademiyasının ilk Azərbaycanlı tələbəsi, Avropaya tenor "ixrac edən" İtaliyada, həm də dünyaca məşhur La Skalanın səhnəsində, dünya opera ulduzları ilə bir yerdə, maestro Z.Mehtanın rəhbərliyi ilə C.Verdinin "Aida" operasında səhnəyə çıxır...
Bundan başqa A.Rzazadə La Skalanın səhnəsində C.Puççininin "Turandot" operasında da rol almışdır və burada təşkil olunan konsert proqramlarında fəal iştirak edir.
Bəlkə də bir neçə il öncə La Skala Akademiyasında təhsil almaq, bu məşhur teatrın səhnəsində ifa etmək A.Rzazadəyə xəyal, yuxu kimi gəlirdi. Amma indi bu, bir gerçəklikdir. Lakin Azərin arzuları sonsuzdur. O, vokal ustalığını təkmilləşdirməyi, mədəniyyətimizin inkişafına daha yüksək töhfə verməyi, dünya çapında opera ifaçısı olmağı düşünür. Buna Azərin həm səs və vokal potensialı, həm də qələbə əzmkarlığı (görünür bunu da uzun illərin idman təcrübəsi sayəsində qazanmışdır) vardır. Və gün gələcək ki, güclü səsə, gözəl ifa texnikasına malik, ən önəmlisi isə arzularına doğru qətiyyətlə irəliləyən A.Rzazadənin səsi dünyanın böyük səhnələrindən eşidiləcək...
Yolun açıq olsun, Azər!
AY Seli