I Avropa Oyunlarını izləmək üçün Bakıda qonaq olan xarici ölkə nümayəndələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olub və teatrda xüsusi olaraq turistlər və qonaqlar üçün tərtib olunmuş M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" və Ə.Haqverdiyevin "Pəri Cadu" tamaşalarını seyr ediblər.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ABŞ, Meksika, İtaliya, Türkiyə, Çin və Pakistandan gəlmiş turistlər tamaşadan sonra təəssüratlarını bölüşərək, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, şəhərimizin füsunkar gözəlliyi, insanların istiqanlılığı haqqında xoş sözlər söyləyiblər.
Qonaqlar tamaşalardakı milli koloritə, aktyorların peşəkar ifasına, səslənən canlı muğam parçalarına heyran olduqlarını xüsusilə qeyd ediblər.
Turistlər teatrın diretkoru əməkdar artist Mübariz Həmidovla söhbətlərində ölkəmiz haqqında təəssüratlarını bölüşərək, teatr binasının dizaynının yüksək zövqlə qurulduğunu da vurğulayıblar: "Şəhərinizin milli və müasir görkəmi bir çox Avropa ölkələrini geridə qoyub. Teatrınız, seyr etdiyimiz tamaşalar isə yalnız dünyanın ən aparıcı teatrları ilə müqayisə oluna bilər. Biz Bakıda olduğumuza və belə mədəniyyət ocağını ziyarət etdiyimizə görə özümüzü son dərəcə xoşbəxt sayırıq".
Xatırladaq ki, I Avropa Oyunları ilə bağlı əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyunun 29-dək davam edəcək.