26 İyun 2015 14:45
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səkinə İsmayılova: “Avropa Oyunlarının açılışı uzun müddət bütün dünyanın yaddaşında qalacaq”

“Bakı-2015" Birinci Avropa Oyunlarının məşəldarlarından biri, Xalq artisti, tanınmış xanəndə Səkinə İsmayılova oyunları yaxından izləyir. O, Teleqraf.com-a qısa müsahibəsində məşəlini daşıdığı Avropa Oyunlarının möhtəşəm açılış mərasimindən tutmuş idmançılarımızın uğurlarına kimi ürəkdolusu danışıb.

- Səkinə xanım, Birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- “Bakı-2015" İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Çox böyük qürur hissi keçirirəm ki, oyunların burada keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun birbaşa göstəricisi oldu. Sevinirəm ki, belə möhtəşəm tədbirin məşəldarlardan biri də mən oldum. İllərdir ki, mən Azərbaycan muğamını, musiqisini dünyanın 45-dən çox ölkəsində təbliğ və təmsil etmişəm. O məşəli əlimdə gəzdirəndə də böyük qürur hissi keçirdim. Bu gün qürurla deyə bilərik ki, bizim musiqimiz, idmanımız bütün dünyada çox məşhurdur. İndiyə kimi əksər idman növləri üzrə çıxış edən idmançılarımız ölkəmizə hər zaman qələbələrlə dönüblər, bayrağımızı dəfələrlə zirvəyə qaldırıblar. Eləcə də, musiqiçilərimiz... Biz də öz növbəmizdə Azərbaycan musiqisini əcnəbi ölkələrdə layiqincə təmsil etmişik.

- Hansı idman növlərinə xüsusi marağınız var?
- Avropa Oyunlarında istər güləş, istər karate, istər üzgüçülük, istərsə də gimnastika, yaxud da digər idman növləri üzrə yarışlar olsun, hamısına marağım var. İdmançılarımızın çıxış etdiyi idman növlərindəki yarışları xüsusilə maraqla izlədim.

- Açılış mərasimini izləməmiş olmazsınız. Sizə necə təsir bağışladı?
- Açılış mərasimi Azərbaycanın çox möhtəşəm təqdimatı oldu. Bilirsiniz, Azərbaycanın balaca dövlət olaraq bu qədər istedada malik insanları bir araya toplaması fövqəladə bir haldır. Görmüşük ki, hansısa bir ölkə ya yazıçısı, ya rəssamı, ya bəstəkarı ilə fərqlənir, seçilir, ad qazanır. Amma bizim bu balaca ölkəmizdə görün nə qədər istedadlar var. İstər idman sahəsində, istər musiqidə, istər rəssamlıqda, istər aktyorluqda, istərsə də yazıçılıqda...Bu torpaq neçə-neçə istedadlı bəstəkarlar yetişdirib.

- Açılış mərasimini efirdən, yoxsa stadiondan izlədiniz?
- Açılış mərasimini də, yarışları da ekran qarşısında izlədim.

- Bilmək istəyirəm, açılış mərasimində nə daha çox diqqətinizi çəkdi?
- Hər şey. Mən özüm belə bir olimpiadanın iştirakçısı olmuşam. Bu, vaxtilə Qətərdə olub və o zaman mən orada konsert proqramı ilə çıxış etmişəm. Amma nə Qətərdə, nə də digər yerlərdə belə möhtəşəmlik görməmişdim. Həddən artıq möhtəşəm açılış mərasimi oldu. Çünki bu, bütün dünyanı heyran qoyacaq açılış mərasimi idi. Bu mərasim hələ uzun müddət bütün dünyaya səs salacaq. Artıq Avropa Oyunları yavaş-yavaş başa çatır. İnanıram ki, Avropa Oyunlarının bağlanışında da möhtəşəm mərasimə tamaşa edəcəyik. Bunu səbirsizliklə gözləyirik. Sonda, hər kəsə uğurlar arzulayıram. İstəyirəm ki, idmançılarımız sona kimi əzmkar oyun nümayiş etdirsinlər.

Nərmin MURADOVA


Müəllif:

Oxşar xəbərlər