29 İyun 2015 08:18
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar jurnalist, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin publisistik məqalələr toplusundan ibarət “Yazılan qalacaq” kitabının təqdimatı və “imza günü” keçirilib. Tədbirdə alimlər, tanınmış jurnalistlər, ziyalılar, tələbə gənclər iştirak ediblər.

“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən Teleqraf.com-a bildiriblər ki, “Elm və təhsil” nəşriyyatında çapdan buraxılan kitabın redaktoru akademik Teymur Bünyadov, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov, əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovdur.

“MİRAS” İctimai Birliyinin dəstəyi ilə nəşr edilən kitaba müəllifin 2004-2014-cü illərdə müxtəlif mətbuat orqanlarında nəşr olunan elmi-publisistik məqalələri daxil edilib. Topluda ulu öndər Heydər Əliyevin mənalı ömür yolu, onun siyasi fəaliyyəti, ölkəmizdə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, müstəqillik illərində Azərbaycanın hərtərəfli, dinamik inkişafı, Xaçmaz, Quba və Qusar rayonlarının timsalında regionlarda həyata keçirilən uğurlu layihələr barədə maraqlı yazılar yer alıb. Kitabda, həmçinin müəllifin xarici ölkələrə səfərləri, Qarabağ problemi, habelə tarix və arxeologiya elminin aktual problemlərinə dair yazıları təqdim olunur.

Tədbirdə “MİRAS” İctimai Birliyinin sədri Fariz Xəlilli və digər çıxış edənlər kitabın məziyyətlərindən, müəllifin ictimai fəaliyyətindən danışıb, bu cür tədbirlərin yeni kitabların təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda müəllif kitabın nüsxələrini öz imzası ilə tədbir iştirakçılarına hədiyyə edib.


Müəllif: