26 May 2014 14:21
709

“Sarıköynəklə Valehin nağılı”nın premyerası olacaq

Yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcək. Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər) və başqaları ifa edəcəklər.

İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən iki hissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın ictimai baxışı iyun ayının 10-da saat 16.00-da, premyerası isə 15 iyun saat 19.00-da baş tutacaq.

Nərmin


Müəllif: