1 İyul 2015 14:15
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkarlar İttifaqında Şəki "İpək Yolu" - VI Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib. İttifaqın sədri Firəngiz Əlizadə iyulun 1-dən 5-dək əsrarəngiz ipək sapları və gözəl kəlağayıları ilə UNESCO-nun bəşəriyyətin mədəni irsi siyahısına daxil edilən qədim Şəki şəhərində keçiriləcək festival barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqisi səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər: "Festivalın yeniliyi var. Belə ki, festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların folklor kollektivlərinin möhtəşəm nümayişi olacaq. İki gün ərzində müxtəlif xalqların - ləzgi, rus, talış, tatar, udin, tat, ingeloid, kürd, mesheti türkləri, avar və saxur nümayəndələri öz mahnıları, rəqsləri və mərasimləri ilə çıxış edəcəklər. Bu parlaq rənglər və səslər aləminin festivalda təmsil olunması bir il öncə ölkə Prezidentinin sərəncamı ilə fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşir".

Qeyd edək ki, festival günlərində dirijor F.Kərimovun idarəsi ilə Adana şəhərindən "Çukurova Semfoni" simfonik orkestrinin və C.Tağızadənin rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının "Baku-Sinfonietta" orkestrinin, Yaponiya və Polşadan dəvət olunmuş ansamblların, habelə gənc muğam ifaçıları - Arzu Əliyeva və Sahib Paşazadənin çıxışları gözlənilir. İttifaq sədri bildirib ki, Türkiyə sənətçilərinin festivalda iştirakı hər zaman əlamətdar olur: "Belə ki, türk sənətçiləri çıxış edən zaman TRT kanalı canlı yayıma qoşulur. Və bununla bir çox ölkələrdə eləcə də Türkiyədə festival yayımlanır".

Sonda F.Əlizadə qeyd edib ki, festivalın builki büdcəsi çox azdır: "Amma buna baxmayaraq, biz festivalı ən gözəl formada həyata keçirəcəyik".

Nərmin


Müəllif:

Oxşar xəbərlər