“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadəyə həsr olunan sənədli televiziya filmi çəkilib.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bəstəkar Firəngiz Əlizadə” adlı ekran əsərində xalq artistinin həyat və yaradıcılığından bəhs edilib, onun Avropa səhnəsində uğurla ifa olunan əsərlərindən söhbət açılıb. Filmdə dünyanın məşhur musiqiçilərinin F. Əlizadə haqqında fikirlərinə də yer verilib.
Yaxın zamanda təqdimat mərasiminin keçirilməsi planlaşdırılan filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Cahangir Zeynallı, operatoru Zahid Bağırovdur.