15 İyul 2015 16:30
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko “Slavyan bazarı” XXIV Beynəlxalq İncəsənət Festivalının təntənəli bağlanış mərasimində iştirak edib. O, Belarus Prezidentinin “İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru” xüsusi mükafatını Polad Bülbüloğluya şəxsən təqdim edib.

Azərbaycanın Moskvadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Aleksandr Lukaşenko təntənəli mərasimdə çıxışında deyib: “Bu gün burada bir ulduz artdı. Bu ulduz görkəmli ifaçı, görkəmli bəstəkar və sadəcə çox gözəl insan Polad Bülbüloğluya məxsusdur”.

Polad Bülbüloğlu Prezident A.Lukaşenkoya səmimi minnətdarlığını bildirərək deyib: “İcazə verin, ilk növbədə Vitebskdə keçirilən möhtəşəm musiqi və incəsənət bayramına görə bütün iştirakçılar adından bu gözəl ölkənin rəhbəri kimi Sizə dərin minnətdarlığımı bildirim. Mən çox gözəl adı olan bu yüksək mükafata görə Sizə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Bu mükafatı şəxsi töhfəm kimi deyil, Belarus ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına Sizin diqqətiniz kimi dəyərləndirirəm”.

P.Bülbüloğlu vurğulayıb ki, həm uşaqlar, həm də yaşlılar arasında keçirilən müsabiqələrin iştirakçıları bugünkü narahat dünyamızda baş verən hadisələri nəzərə alaraq, insanları dostluğa, mehriban qonşuluğa və yaxşı münasibətlərə səsləyən rəmzi sülh göyərçini yaratmaq və orada öz imzalarını qoymaq qərarına gəliblər. O, öz imzasını qoyması üçün bütün müsabiqə iştirakçıları adından Belarus Prezidentinə müraciət edib.

Xahişi yerinə yetirən Prezident Aleksandr Lukaşenko laureatları – Polad Bülbüloğlunu və Belarus Respublikası Prezidentinin xüsusi mükafatına layiq görülmüş Anna Tverdostupu bir daha ürəkdən təbrik edib.


Müəllif: