Uzun müddətdir ki, müraciət olunan və müxtəlif səbəblərdən nümayişi gecikən müstəqil “Oda” Teatrı “MimOda 18+” tamaşasının premyerasına hazırlaşır.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, premyera 25 və 26 iyul saat 19:00-da baş tutacaq. Teatrdan bildirilən məlumata görə, sözügedən tamaşada fransalı aktrisa rol alıb:
“Bir il bundan öncə “Sergey Moqlivetsin “Lütlər” pyesinə müraciət etdik. Məşqlərin qızğın vaxtında tamaşada rol alan aktrisanın ailəsi ona mane oldu. Tamaşa bir il yubandı. Çünki bu tamaşada aktyorlar soyunmalıdı. Yəni, elə real öpüş səhnələri var ki, aktyorlar çılpaq olacaqlar. Buna görə qərara aldıq ki, bu tamaşada xarici aktrisadan istifadə edək. İndi tamaşanı fransız aktrisa ilə oynayacağıq. Lakin “Lütlər” əsərini yox, pantomim janrında yeni bir tamaşa “MimOda 18+” hazırladıq. Çünki aktrisa Azərbaycan dilində danışmaqda çətinlik çəkir. Lakin tamaşanın hazırlanması üçün həmin əsərdən də bəhrələnmişik. Sujet “Oda” teatrına məxsusdur”.
Qeyd edilib ki, yerlər məhdud olduğundan premyera üçün ümumilikdə 80 bilet satışa çıxarılıb. 25 iyul üçün 40 bilet, 26 iyul üçün 40 bilet satılacaq. Azərbaycanda ilk dəfə belə bir tamaşa olduğu üçün teatr biletlərin sayına məhdudiyyət tətbiq edib. Biletlərin qiyməti 10 AZN-dir. Tamaşadakı rolları fransız aktrisa Elza Furtado və azərbaycanlı aktyor Elmin Bədəlov canlandıracaq. Tamaşanın rejissoru isə İmam Həsənovdur.
Xatırladaq ki, teatr “MimOda 18+” tragikomediyası ilə ölkə mədəniyyətində yeni xətt yaratmaq istəyir.