“Azərbaycanda serial bumu yaşanır. Bu sahədə də yavaş-yavaş inkişaf edirik”.
Bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. Həmkarlarından fərqli olaraq serialların indiki vəziyyətini qənaətbəxş hesab edən aktrisa aralarında daimi izlədiyi serialların da olduğunu bildirib:
“Oynadığım ”Bacanaqlar"la yanaşı, Rövşən İsaxın “Sonuncu fəsil” serialına baxırdım. Orada sənət dostum Ramiz Novruz oynayıb. Vaxtım olanda “Toy gecəsi”nə baxırdım. Bilirsiniz, məni bizim seriallardan qaçırdan bir xüsusiyyət var. Bizdə aktyorlar bir neçə serialda oynadıqlarına görə istər-istəməz onları qarışdırıram. Bəzən o qədər çaş-baş qalıram ki, əsəbləşib seriallara baxmıram. Dünyanın hər yerində qayda belədir ki, aktyor əgər bir serialda rol alırsa, digərində çəkilə bilməz. Bu, daha maraqlıdır və belə olan halda tamaşaçı aktyoru həsrətlə gözləyir. “Bacanaqlar”a çəkilə-çəkilə mən də dəfələrlə başqa seriallardan təkliflər almışam. Amma hamısına “yox” deyirdim, çünki bir seriala çəkilmək istəyirəm. Aktyorlarla müqavilə bağlanmalı ki, başqa seriala çəkilməsin. Əks təqdirdə həftədə üç ayrı serialda eyni aktyoru görən tamaşaçı əsəbləşəcək".
Nərmin