1 Avqust 2015 14:53
3 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kino və teatr aktyorları, aktrisaları yalnız adını çəkdiyim sənət sahələrində çalışmırlar. Onların arasında şəxsi biznesi olanlara, həmçinin müxtəlif səbəblərə görə proqramlarda şoumenlik, toylarda tamadalıq, telekanallarda aparıcılıq edənlərə də rast gəlmək mümkündür.

Teleqraf.com televiziya kanallarında müxtəlif səpkili verilişlər aparan, vaxtilə yolu telekanallardan keçən sənət adamlarını araşdırır.

"Özümü televiziyaya həsr etmişəm"

1996-cı ildən 2009-cu ilədək C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi çalışan Əməkdar artist Dilarə Əliyeva ara-sıra filmlərdə, seriallarda çəkilsə də, demək olar ki, özünü əsasən televiziyaya həsr edib. Təbii ki, bunda "SOY" prodakşnın rəhbərlərindən biri və aktrisanın həyat yoldaşı Oqtay Əliyevin mühüm rolu var. "Çal-çağır" şou proqramı ilə məşhurlaşan aktrisa müxtəlif illərdə başqa səpkili şou verilişlərinin aparıcısı olub: "Artıq özümü televiziyaya həsr etmişəm, çünki teatrda işləmək alınmadı. Mən və mənim kimi teatrdan uzaqlaşan həmkarlarım teatra qazanc məqsədilə getmirdik. Əgər pula görə getmirsənsə, deməli, ora sənət üçün gedirsən. Teatrda nə maraqlı rejissor, nə də tamaşa oldu ki, məni ora cəlb edib, saxlasın".

"Məni heç yerdə pul saxlamayıb"

Yaradıcılığa Dövlət Pantomima Teatrından başlayan aktyor Azər Axşam "Him-Cim", "Bu axşam", "Milyonçu", "Teletaym" verilişlərinin aparıcısı kimi uğur qazanıb. Qısa müddət İrəvan Teatrında aktyor və rejissor kimi çalışan Azər Axşam sonralar özünü televiziyaya həsr edən aktyorlardandır: "Teatrda işlədiyim müddətdə ABA telekanalından təklif gəldi. Ondan sonra tamamilə televiziyaya keçdim. Mənim televiziyaya gəlişim teatrın köməkliyi ilə olub. İçimdəki aktyorluğu qismən də olsa, televiziyada istifadə edirəm. Məni heç yerdə, eləcə də, televiziyada pul saxlamayıb, heç bir yerdən də pulsuzluq qovmayıb. Bu gün 5, sabah 15 qazana bilərsiniz, bunu bilmək olmur. Allah o kəsə pul göndərir ki, o adam səbr edib, dözüm nümayiş etdirir. Əgər bir insan səbrli, dözümlü olub, işini düzgün görürsə, o, mükafatsız qala bilməz. Televiziyada mənim əsas qayğım işimi düzgün görməkdir. Verilişin reytinqli olub-olmaması Allahın işidir. Mən reytinq xatirinə nə saçımı dəyişirəm, nə geyimimi, nə danışığımı. Amma sirr deyil ki, əksər tamaşaçılar dedi-qodu, qeybət, qalmaqal, ağlamalı verilişlərə baxır və ona görə o proqramlar ən çox reytinq qazanır. Bilirsiniz, bizdə hansı verilişi aparmağının nə tamaşaçı, nə də təsiri altında olduğun insanlar üçün fərqi var. Yəni, heç kim deməyəcək ki, Azər Axşam "Milyonçu" şousunun aparıcısı olub. Bəlkə də tamaşaçılar arasında bu sözü deyənlər var, amma bu Azər Axşamın işinə heç bir təsir etmir. İndiyə qədər heç bir verilişimin layihəsi özümün olmayıb. Sadəcə, mənə tapşırılan işi yüksək səviyyədə görməyə məcburam. Bizim efirlərə ağıllı montajçı və rejissor lazımdır. Bir çox hallarda aparıcıların bu və digər kəlmələri montajçıların diqqətsizliyindən efirə yansıyır".

"Verilişlər camaatın zövqü ilə hazırlanır"

Musiqili Teatrın aktyoru, Əməkdar artist Çingiz Əhmədov uzun illərdir ki, televiziya ekranlarında görürük: "10 yaşından efirdəyəm. Televiziyada oynadığım kiçik rollarla sənətə gəldim, məktəblərdə yumoristik səhnələrdə çıxış etdim, eyni zamanda, "Qırmızı qərənfil" ansamblında mahnılar ifa edirdim. Daha sonra böyük səhnəyə addım atdım. Uzun illərdir ki, televiziyada aparıcıyam. Dövlət kanallarında aparıcılıq etmişəm. 2001-2006-cı illərdə ANS kanalında "Yeriniz məlum" verilişinin aparıcısı olmuşam. Orada "Göstər özünü", "Toylar kraliçası" kimi layihələrdə çalışmışam. Hazırda "Xalqın artisti" verilişini aparıram. Hələ ki, davam edir. Camaat tərəfindən də baxılır. Verilişlər camaatın zövqü ilə qurulur. Bir vaxtlar camaat "Yeriniz məlum"a diqqətlə baxırdı. İndi həmin verilişi bərpa etsək, ona baxan olmayacaq. İndiki zəmanə də bu cür verilişləri tələb edir".

"İstedadı göstərmək üçün məkan, şərait lazımdır"

Musiqili Teatrın aktyoru Əkbər Əlizadə də uzun illərdir ki, aparıcılıq edən həmkarlarının sırasında yer alır. 1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcılarından biri, aktyor ilk dəfə 2003-cü ildə Space kanalında "Meloman" verilişinin, 2006-2007-ci illərdə "Azər Star" müsabiqəsinin aparıcısı qismində çıxış edib. 2008-ci ildə Xəzər telekanalında "Gülüş ulduzu" müsabiqəsinin və "Komediya səhnəsi" verilişinin, 2009-cu ildə Space TV-də "Kim nə bacarır" layihəsində münsif və aparıcı, 2011-ci ilin yanvar ayından 2013-cü ilin iyuluna kimi isə "Hər səhər" proqramının aparıcısı olub. Bir müddət "Qorxma, mən səninləyəm" proqramının aparıcısı kimi çalışan aktyor yenidən "Hər səhər"in aparıcısı kimi qarşımızdadır: "Çox insanlarda istedad ola bilər, amma o istedadı tamaşaçılara göstərmək üçün məkan, şərait lazımdır. Bu tərəfdən mən özümü bəxti gətirən biri hesab edirəm: o məkan, o şərait mənim üçün yaradılıb".

"Hər verilişdə bir obrazda olmuşam"

Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov özü də mətbuata verdiyi müsahibələrində etiraf edir ki, ilk dəfə tanınmağı teatrla yox, məhz televiziya ilə olub: "90-cı illərin əvvəllərindən dövlət televiziyasında diktor müsabiqəsi keçirilirdi. 3 min nəfərin içərisindən 3 nəfər qalib seçildik. Diktor olmaq istəmədim. Çünki elə olsaydı, gərək təhsilimi qiyabi şəkildə davam etdirəydim. Beləliklə, orada teleaparıcı kimi qaldım. Apardığım ilk veriliş 1992-ci ildə "Test proqramı" oldu. Bu, Gənclik Redaksiyasının əyləncəli, şou xarakterli bir proqramı idi. 1998-ci ilə qədər AzTV-də, daha sonra Space və İTV-də çalışdım. Hər zaman gizlətmədən demişəm ki, televiziyaya yalnız maddi duruma görə gedirəm. Teatrdakı məvacibim daha çox olsaydı, ayağımı qırağa atmazdım. Mən aparıcılığa fərqli yanaşıram. Veriliş xoşuma gəlməsə, aparmaram. Teleaparıcılığın özü də aktyorluqdur. İndiyə kimi apardığım hər verilişdə bir obrazda olmuşam. Bunlar ayrı-ayrı rollardır. Mən verilişin strukturuna uyğun olaraq rol oynayıram".

"Tamaşaçının nə istədiyini müəyyənləşdirmək çox çətindir"

Gənc Tamaşaçılar Teatrının aktyoru, hazırda "Bir ailəm var" serialında oynayan Elnur Kərimov müxtəlif televiziya kanallarında veriliş aparıcısı kimi fəaliyyət göstərib. Bura "Bərəkətli olsun" (Space TV), "Düşərgə" (İctimai TV), "Səhər görüşləri" (AzTV), "Azərlotoreya" kimi proqramlarını aid etmək olar. Onu Qorxmaz Əlilidən sonra 8 il "Azərlotoreya"nın tanınmış siması kimi gördük: "Teatra gələn tamaşaçılar məni səhnədə görəndə deyirlər: - bu oğlan aparıcı deyil? Amma arzu edirəm ki, desinlər, - bu aktyordur, aparıcılıq da edir. Aparıcılıqda isə səninlə üz-üzə dayanan ancaq kameralardır. Tamaşaçını görə bilmirsən və onun nə istədiyini müəyyənləşdirmək çox çətindir. Qarşındakı cansız kameralardı və onlar da ancaq səndən alır. 40 dəqiqəlik canlı yayımda olan adamı çəkilişdən çıxan zaman görəndə elə bilirsən ki, 3-4 saat teatrda dayanmadan məşq edib. "Lotereya" verilişinin aparıcısı olmaq çətin və məsuliyyətli bir işdir. Tamaşaçıya ekrandan baxarkən asan görünə bilər. Ancaq bu, elə deyil, torbadakı rəqəmlərə diqqətlə baxıb səni televiziya arxasında səbirsizliklə gözləyən tamaşaçılara doğru rəqəmi söyləmək çətindir".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər