2 Avqust 2015 20:41
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan kinosunun 117 yaşı tamam olur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır.

Teleqraf.com xəbər verir ki, Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu.

1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən "Ulduz", "Şərikli cörək", "Bizim Cəbiş müəllim" və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən "Özgə vaxt", "Biz qayıdacağıq", "Fəryad", "Sarı gəlin", "Lal çinar", "Arxada qalmış gələcək" kimi kinolentlər oldu.

Son illərdə kino sahəsinə dövlət marağının artması tarixi-vətənpərvərlik mövzularında çəkilmiş nisbətən iribüdcəli "Cavad xan" və "Hökmdarın taleyi" kimi filmlərin meydana gəlməsinə kömək olub. Bu gün Azərbaycan kino tarixinin böyük bir hissəsinin bağlı olduğu 88 yaşlı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının bir çox problemləri var. İstər avadanlıqların köhnə olması, istərsə də digər şəraitsizlikdən burada müasir standartlara uyğun filmlərin çəkilməsi qeyri-mümkündür. Kinostudiyadan fərqli olaraq Azərbaycan kino tarixini özündə qoruyub saxlayan Dövlət Film Fondunun imkanları genişdir. Burada 60 mindən çox qorunan saxlanma vahidinin tərkibinə hər bir filmin montajlanmış təsviri, pasportu, təkrar yazılışın maqnit orijinalı, fonoqramın neqativi, filmdən fotoşəkil və onların neqativləri və digər nadir eksponatlar saxlanılır. Amma burada da görüləsi işlər hələ çoxdur.

Qeyd edək ki, 2001-ci ildən prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər