29 May 2014 09:36
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli müğənni Patrisiya Kaas bu gün Heydər Əliyev adına Sarayda iki saatlıq konsert proqramı ilə çıxış edəcək.

Teleqraf.com-un xəbərinə görə, konsert öncəsi ifaçı jurnalistlərin suallarını cavablandırıb. Bakı barədə təəssüratlarını bölüşən ifaçı şəhərimizə heyran qaldığını deyib: “Bakıda 7 il öncə olmuşam. Bu müddət ərzində Bakı çox inkişaf edib, gözəlləşib”.

Maraqlı konsert vəd edən ifaçı “Kaas Chante Piaf” adlı turneni Edit Piafın ölümünün 50 illiyinə həsr etdiyini deyib. Turneni yaradıcılıq fəaliyyətində vacib mərhələ kimi qiymətləndirən Kaas Piaf mahnıları ifa etməyin də çox məsuliyyəti olduğunu dilə gətirib: “Edit Piafın həyatı faciəvi məqamlarla boldur, o çox acı çəkib. Və mən bütün bu duyğuları öz ifamdakı emosiyalarla çatdırmağa çalışacam”.

“Musiqidən başqa nələrlə maraqlanırsınız?” sualına ifaçının cavabı belə olub: “Müğənnilikdən başqa bir işim yoxdur. Amma boş vaxtlarımı evdə keçirməyi çox sevirəm. Dizaynerliklə maraqlanıram və hətta o işi bacarıram da. Evimin dizaynı da özümə aiddir”.

Kaas həmçinin bildirib ki, “Eurovision” müsabiqəsi onun karyerasında dəyişikliyə səbəb olmayıb: “Mən öz musiqimi insanlarla paylaşmağı sevirəm. “Eurovision” yarışmasında iştirak etmək üçün məni cəsarətləndirdilər. Ora getmək və qalib gəlmək lazım idi. Doğrudur, qalib gəlmədim, amma bu mənim karyeramı dəyişmədi”.

Müğənni “Hansı kaprizləriniz var?” sualına səmimi cavab verib: “Olduğum yerdə tam komfort istəyirəm. Bura gələndə çay, limon və bal istəmişdim. Eləcə də konsertdə texniki baxımdan hər şeyin yüksək səviyyədə olmasını istəyirəm”.

Qeyd edək ki, 13 yaşından musiqi həyatına start verən Patrisiya Kaas bu günə qədər 19 albom çıxarıb və yüzlərlə sevilən mahnının ifaçısıdır. Konsert saat 20:00-da başlayacaq və 2 saat davam edəcək. İfaçı gecədə ən sevilən mahnıları ilə musuqisevərlərə unudulmaz gecə yaşadacaq.

Nərmin


Müəllif: