Azərbaycanda ajiotaja səbəb olacaq, gənc qızın yaşca ondan böyük olan kişiyə məhəbbətindən bəhs edən "İçəri Şəhər" filminin son tamamlama işləri davam edir.
Qeyd edək ki, filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırırlar. Ekran əsərinin quruluşçu operatoru Luca Coassini bu yaxınlarda İtaliyanın "Officina İmmagini" saytına verdiyi müsahibəsində film barədə xoş sözlərini dilə gətirib. O deyib ki, "İçəri Şəhər" romantik ovqatlı və zərif çalarlı bir filmdir.
- Bir operator kimi görüntü baxımından nəyə nail olmaq istəyirdiniz?
- İlk növbədə zəriflik, incəlik. "İçəri Şəhər" mədəni konteksti və nəqlində xüsusi təmkinli çalarına görə fərqlənir. Artıq ssenari ilə tanış olub rejissor ilə söhbət edəndə filmin vizual həllini bu cür gördüm.
Düşünürəm ki, mənim işim yeni bir üslubu tədqiq etməkdən ibarət deyil. Quruluşçu operatorun qarşısında duran əsas tapşırıq rejissor ilə ilk gündən film ərsəyə gələnədək eyni dalğada qalmaq qabiliyyətidir. "İçəri Şəhər" üçün zəriflik vizual realizm anlamına gəlir. Made in İtaly zərifliyi.
- "İçəri Şəhər" filmində bizi italyansayağı nə gözləyir?
- Filmin üslubu və çəkilişi üzərində düşündüyün zaman təhsil və təcrübə cığırından kənara çıxa bilmirsən. Mənim bəxtim gətirib ki, kinoda ilk addımlarımda Giuseppe Rotunno və Vittorio Storaro kimi böyük ustadlarla işləyib onlardan öyrənmək imkanım olub.
İtalyan möhürü filmin interyer səhnələrində və obrazların portlərində özünü göstərir. Çoxsaylı iri plan çəkilişləri ilə obrazların daxili aləmini aşkar etməyə çalışmışam.
- İlqar ilə işləmək necə təsir bağışlayır?
- İlqar peşəkardır. Onunla iş zamanı əldə etdiyim təcrübi mənim həm şəxsi, həm peşəkar cəhətdən inkişafımda öz əksini tapdı. Rotunno həmişə vurğulayırdı ki, quruluşçu operator üçün öz baxışını təkmilləşdirmək və eyni zamanda, rejissorun gözü ilə görmək çox vacibdir. Bu cəhətdən İlqarın təsvir etdiyi reallığı lentə almaq mənim üçün çox asan idi.
- Siz, adətən, beynəlxalq layihələr üzərində xarici rejissorla işləyirsiz.
- Bəli, ilk dəfə 2004-cü ildə Mərakeşdəki çəkilişlərdən sonra bu günə kimi, demək olar ki, sırf xaricdə çalışmışam. Beynəlxalq heyətlə əməkdaşlıqdan zövq alıram, bu adətən maraqlı tanışlıqlara gətirib çıxarır.
Qeyd etməliyəm ki, rejissor ilə işin xüsusiyyətləri hər yerdə eynidir. Çəkiliş və ssenari üzərində işə İtaliya, Mərakeş, Fransa və ya Azərbaycan, hər yerdə eyni cür yanaşılır. Mənim 10 ildən artıq beynəlxalq iş təcrübəm sayəsində kinonun dünyəvi dil anlamında olduğuna əminəm.
- Hansı səbəbdən filmin rəng korreksiyasını Sergio Cremascoya etibar etmək qərarına gəldiniz?
- Hər şey dəqiq olmalı idi. Sergio ilə ilk əməkdaşlığımız "Occhi di kristallo" filmində olmuşdu və o zaman çox anlaşıqlı iş birliyimiz baş tutmuşdu. Rəqəmsal keçidlərdə bir çox prosesləri məhz quruluşçu operator idarə edir və rəng korreksiyası bu istehsalat zəncirinin bir halqasıdır. Bu səbədən filmin vizual həllini çəkiliş zamanı yaratdığım abu-havanın çalarları ilə ifadə edə biləcək birisi ilə işləmək mənim üçün çox vacibdir.
Nərmin