18 Avqust 2015 14:32
4 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əjdər Həmidov: “Yaxşı ki, vaxtında tərpəndim, yoxsa yanacaqdım”

Filmləri bizə sevdirən obrazı canlandıran aktyor və aktrisaların məharətli oyunu, ssenari, rejissor işi və hər bir filmdə özümüzə yaxın bildiyimiz kadrlar, obrazlar, hadisələrdir. Bəzən filmlərin yaradıcıları -ssenaristlər, rejissorlar, prodüserlərin adlarını belə bilmirik.

Filmdəki dialoqları eşidir, aktyorların, aktrisaların oyununu izləyir, süjetin necə bitəcəyinin intizarını çəkirik. Amma filmlərin necə ərsəyə gəlməsindən xəbərsiz qalırıq. Halbuki çəkiliş meydançaları ekran hadisələrindən maraqsız olmur.

Dəfələrlə çəkilən kadrlar, bu əsnada yaşananlar, filmə salınmayan səhnələr, aktyor- aktyor, aktyor- rejissor narazılıqları və səhnələrin çəkilişi zamanı aktyorların başına gələn məzəli əhvalatları təbii ki, ekranlara çıxmır.

“Kino xatirələr” rubrikamızda maraqlı, məzəli, gərgin kadrarxası məqamları sizə təqdim edəcəyik.

“Ona görə filmdən imtina etmək istəyirdim”

1975-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Arif Babayevin çəkdiyi “Alma almaya bənzər” filmində əməkdar artisti Suğra Bağırzadə telefonçu qız rolunu canlandırır.

Aktrisanın filmlə bağlı xatirələri boldur, amma o, məhz ən maraqlı məqamları bizimlə bölüşür: “Bu filmin ssenarisi yazılanda Arif müəllim telefonçu roluna məni nəzərdə tutmuşdu. Ona görə mən çəkilişə dəvət alanda bunu bilirdim. Yüngülvari çəkiliş oldu və rola təsdiqləndim. Arif Babayev o dövrün çox istedadlı, qüdrətli rejissorlarından idi. Onun çəkdiyi filmlər janr və mövzu baxımından çox fərqlidir. Bunu onun filmlərinə baxanda açıq-aydın görə bilərsiniz. ”Alma almaya bənzər" filmi də buna misaldır.

Mənim filmdə yaratdığım telefonçu kiçik obraz idi, buna baxmayaraq, yaddaqalan idi. Filmin gedişində rejissor mənim ifamdan razı qaldığı üçün epizodların sayını artırdı. Günlərin bir günü mənə dedilər ki, çəkildiyim epizodlardan biri Qubada lentə alınmalıdır. Məhz o çəkilişə görə mən filmdən imtina etmək qərarına gəldim. Çünki o zaman qızım balaca idi. Onunla çəkilişə gəlməli idim, bu isə çox çətin idi.

Təsəvvür edin, qızımla birgə rayona gedirəm, istidə, şəraitsiz mühitdə qızım da mənimlə olmalıdır. Ona görə də rejissora dedim ki, telefonçu obrazına başqa aktrisanı çəksin. Rejissor razılaşmadı, mənimçün hər şəraiti yaratdı ki, filmdə çəkilim. Biz həmin səhnəni kinostudiyanın pavilyonunda çəkəsi olduq.

Filmlə bağlı başqa maraqlı bir tarixçə də var. Bilirsiniz ki, həmin filmdə telefonçu qız bir epizodda şalvar geyimində olur. O vaxt qadınların şalvar geyinməsi nadir hadisəydi və böyük ajiotajla qarşılanırdı. Fikir verin, mən şalvarda çəkilirdim, pəncərədən isə Qubanın küçələri, qadınları görünürdü. Onların da geyimləri mənimkindən çox fərqlənirdi. Ona görə mən də çox narahatlıq keçirdim, hətta Arif müəllimə təklif etdim ki, geyimimi dəyişdirim. Çünki film hazır olandan sonra Moskvaya göndəriləcəkdi. Və ola bilərdi ki, onlar mənim bu geyimimi bəyənməyib, iradlarını bildirərdilər.

Amma Arif müəllim razılıq vermədi, dedi ki, gənc qız kimi bu geyim çox normaldır. Film hazır olandan sonra onu Moskvaya Dövlət Kino Komitəsi nəzdindəki Bədii Şuranın baxışına təqdim etdilər. Arif Babayev də Moskvadakı iclasa getmişdi, o, qayıdanda şalvarla bağlı bir problemin çıxıb-çıxmaması ilə bağlı soruşdum. O da gülə-gülə bunu dedi: “Mənə Moskvada dedilər ki, Qubanı Parisə döndərmisən”.

“Ağacların altında yıxılıb qalmışam”

Səkkiz seriyadan ibarət olan “Yoxlama” teleserialını rejissor Vaqif Mustafayev 2006-cı ildə lentə alıb. Vergilər Nazirliyində çalışan müfəttişin başına gələn acılı-şirinli hadisələrin əks olunduğu serialda baş rolu əməkdar artist Əjdər Həmidov canlandırıb.

Filmin çəkilişləri zamanı Əjdər Həmidov o qədər stress yaşayıb ki, deyir, hətta bezib də: “İnanmazsınız, filmin son çəkilişlərində artıq bezmişdim. Özümü güclə saxlayırdım. Yoxsa Vaqif müəllimə deyəcəkdim ki, mən gedirəm, daha çəkilmək istəmirəm. Təsəvvür edin, dörd ay gecə-gündüz çəkilişdə olduq. Özü də ən ağır çəkilişlər idi... Restoranda, otaqda çəkiliş asandır, amma biz "Yoxlama"nın yarısını metallurgiya zavodlarında çəkmişdik. İnanmazsınız, necə ağır çəkilişlər idi.... Və təsəvvür edə bilməzsiniz ki, film çəkildiyi müddətdə neçə dəfə zədələnmişəm, neçə dəfə xəstəxanaya aparılmışam.

Tryukları etmək üçün Moskvadan kaskadyorlar gətirilmişdi, amma sonra qərar verdim ki, hamısını özüm edəcəm. Serialda bir səhnə var idi: asfaltın ortasında maşınla məni sürüyür, qayadan aşağı buraxırlar. Onların hamısını özüm etmişəm. Bir dəfə az qala saçım yanacaqdı.

Deməli, mənim səhnəm çəkilir, arxamda da boru kəsirlər, qığılcımlar ətrafa sıçrayır. Qığılcımlardan biri saçıma düşür, saçım başlayır alışmağa. Nə yaxşı ki, vaxtında tərpəndim, əlimi tez başıma atdım. Yoxsa yanacaqdım (gülür).

Bir dəfə də Mərdəkanda quyunun içərisində çəkiliş aparmalı idik, mən də quyunun dibinə düşməli idim. Quyunun dibi də çox soyuq, içindəki su da bumbuz. Tapşırıq da belə idi ki, suya girməliydim. Dedim, Vaqif müəllim, mən öləcəm. Vaqif müəllim köməkçisinə dedi ki, araq gətir. İçdim, bir az qızışdım, girdim suya. Sudan çıxdım, rejissor dedi, alınmadı, soyun. Soyundum, çılpaq bədənimi araqla sürtdülər. Stəkana 100 süzdülər, onu da içdim. Təkrar suya girdim, çıxdım, rejissor dedi ki, yenə alınmadı, suyun altında görünürsən. Dedi, axırıncı dublu çəkirik, bir 100 qram da içizdirdi. Girdim suya, tapşırığa görə, sudan çıxıb pilləkanalrı qalxmalı idim, pilləkənlərə çıxmaq istəyəndə ayağım səndələyirdi.

Vaqif çəkilişi saxladı ki, sən sərxoş oldun. Sərxoş halda ağacların altında yıxılıb qalmışam. İndi baxıram ki, bütün bu əziyyətlərə dəyərdi".

“O məşhur səhnəni kinostudiyada çəkdik”

Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işi “Əhməd hadaradır?” filmi olub. Həm kənd, həm də şəhər həyatının əks olunduğu maraqlı süjet xəttinə malik olan film elə indinin də sevilərək izlənilən ekran əsərlərindəndir.

Filmdə şofer Əhməd rolunda çıxış edən əməkdar artist Elxan Qasımov hər kəsin maraqlı izlədiyi məşhur səhnənin çəkilişlərindən danışıb: “O vaxt filmə çəkilmək çox böyük hadisə idi. Üstəlik, belə böyük aktyor heyəti ilə tərəf-müqabili olmaq çox böyük şərəf idi. O dövrdə hər adam şoferlik bacarmırdı. Mən isə 18 yaşımdan maşın sürə bilirdim. Rəqqaslığım da pis deyildi, bu iki keyfiyyətimin olması mənə bu rolu yaratmaq üçün çox kömək oldu.

Adil İsgəndərov aktyorlarla çox gözəl işləyirdi, bizə öz tapşırıqlarını verir və o tapşırıqlara riayət etməyimizi tələb edirdi. Filmin maraqlı bir yeri var, Nəcibə Məlikova maşını sürür, mən də maşına çatmağa çalışıram. Adətən, belə səhnələrdə sükan arxasında aktyor özü əyləşir. Uzaqdan çəkilən, aktyorun görünmədiyi səhnədə isə şoferlərdən biri rol arxasında oturur.

Mənim də Nəcibə Məlikova ilə çəkildiyim səhnədə elə məqamlar var idi ki, özümüz çəkilirdik. Amma elə çəkilişlərimiz var idi ki, orda artıq şoferlər sükan arxasında əyləşirdilər. Həmin səhnə, yəni Nəcibə Məlikovanın maşını idarə etdiyi və mənimsə maşının dalınca qaçdığım o məşhur səhnə kinostudiyadakı pavilyonda çəkilib. Bu, necə baş verir? Onda maşın pavilyonda rezin şinlərin üzərində saxlanılır. Maşının pəncərəsindən görünən yerlər arxadakı ekranda gedir. Beləcə, o kadrı çəkdik. Amma indi olsaydı, onu kompüterin köməkliyi ilə edəcəkdik. Çünki indi kinoda texnologiyalar çox güclü inkişaf edib".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər