Teleqraf.com yazıçı Aqil Abbasla müsahibəni təqdim edir.
- Aqil müəllim, yeni əsər yazırsınızmı? Yoxsa...
- Bəli. İki əsər üzərində işləyirəm.
- Yəqin, romandı...
- Bilmirəm. Sonda necə çıxacağına baxır.
- Bəs əvvəlcədən bilmirsiz hansı janrda əsər yazdığınızı?
- Yox. Qələm əsəri hara aparacaqsa ora da gedəcək. Qarşıma plan qoymamışam ki, nə yazacam.
- Bütün əsərlərinizi bu prinsiplə yazımısınız?
- Yox. Məsələn, bircə “Batmanqılınc”ı əvvəlcədən roman kimi fikirləşmişəm. Digərləri isə roman kimi alınıb.
- Ədəbi prosesi necə, ardıcıl izləyə bilirsiniz? Saytlar, qəzetlər...
- Bəli, izləyirəm. Xüsusən də gəncləri. Onlar daha maraqlıdı.
- Xoşunuza gəlməyən nə var?
- Adamların özlərini boşu-boşuna tərifləmələri və bununla yanaşı başqalarını qəti şəkildə inkar etmələri xoşuma gəlmir. İnkar gözəldi, bu başqa məsələ. Amma özü hələ heç kim olmaya-olmaya durub Azərbaycanın görkəmli şair və yazıçıları haqqında ağzına gələni danışmaq yaxşı hal deyil. Bir yaradıcı adam əvvəlcə kimlərsinə haqqında söz demək hüququnu qazanmalıdı, sonra danışmalıdı.
- Məsələn, Azərbaycanın görkəmli şair və yazıçıları haqqında ağzına gələni danışanlardan kimlərin adını çəkə bilərsiniz?
- Məsələn, Сəlil Cavanşır.
- Cəlil nə deyir ki?
- Ramiz Rövşən haqqında deyir, onun şeirləri dərin deyil. Hansısa şeiri qəbul etməmək, tənqid eləmək olar. Amma ümumi danışmaq düzgün deyil.
- Aqil müəllim, adətən deyirlər, oxumaq ona görə vacibdi ki, nəyi yazmaq yox, nəyi yazmamaq lazım olduğunu biləsən. Siz necə düşünürsünüz?
- Oxumaq ilk öncə insanın daxili aləmini, dünyaya baxışını dəyişdirir. Bu, öz yerində. Nəyi yazmamaq məsələsinə gələk. Bir kitabı oxuyursan və görürsən ki, bu məsələ səndən əvvəl qələmə alınıb və yaxud görürsən ki, mövzu sənə adiddi, amma sən buna başqa tərəfdən baxa bilirsən. Yəni bir əsər oxuyursan, ordan həmin əsərin mövzusuna dəxili olmayan başqa bir mövzu, ideya ağlına gəlir. Ona görə oxumaq çox vacib məsələdi. Bu rəssamlarda da, bəstəkarlarda da belədir. Əsəri olduğu kimi köçürmək ayrı, başqa ideya və mövzu ilə işləmək ayrı.
- Məsələn, Mövlud Süleymanlının “Köç”ü, Yusif Səmədoğlunun “Qətl günü”ü və ədəbiyyatımızda başqa ciddi əsərlər haqqında da fikirlər var ki, ideya, mövzu, sujet oğurluqdu.
- Mövludun “Köç” romanı olduqca maraqlıdı. Bildiyimə görə bu əsəri Markesin “Yüz ilin tənhalığı” əsəri ilə oxşar sayırlar. Düzdü, ola bilər ki, paralelliklər var. Elə Markesin özünə də həmişə deyilib ki, sən Dostoyevskidən, Bulqakovdan oğurlamısan. Mövlud da Markesi oxuyub və içində doğulub-böyüdüyü köç, tərəkəmə həyatını özünəməxsus şəkildə təsvi etmək istəyib və roman olduqca təsirli alınıb. Yusif Səmədoğlunun “Qətl günü” romanı barədə də eyni fikirdəyəm.
- Görəsən, bizim özümüz böyük ideyalar düşünə bilmirik ki, yaxşı bir əsər yazan kimi, deyirlər, oğurluqdu?
- Azərbaycan ədəbiyyatında dünya ədəbiyyatına çıxa biləcək və böyük ideyalarla yazıb-yaradan yazıçılar var. Sadəcə olaraq kiçik dövlətik, dünyaya çıxışımız bir az məhduddu. Sovet dövründə ruslar vasitəsilə əsərlər dünyaya çıxa bilirdi. Məsələn, indi Türkiyə ilə heç cür alınmır, çünki Türkiyə heç özü dünyaya açıla bilmir. Hal-hazırda bizdə Kamal Abdulla və Çingiz Abdullayev dünyaya çıxmağı öz gücünə bacara bilib.
- Aqil müəllim, sizi həmişə öz fikirlərini sərbəst şəkildə dilə gətirən, xeyli dərəcədə emosional və azad bir adam kimi tanıyırıq. Amma bir cəhətiniz də var ki, nəsildaşlarınıza qarşı çox təəssübkeşsiniz. Hətta onlara qarşı tənqid görəndə əsəbləşirsiniz... Maraqlıdı, bu nə ilə bağlıdı, səbəb nədi?
- Çox səbəb var. Birinci onu deyim ki, əsəbləşməyimin səbəbi bayaq da izah etdiyim kimi, özünü göstərə bilməyən adamların ədəbiyyat haqqındakı yerli-yersiz fikirləridi. Deyirlər ki, Azərbaycanda ədəbiyyat xadimi yoxdu. Mən buna necə əsəbləşməyim? Necə yəni yoxdu? Elçin, Anar, Kamal Abdulla, Nizami Cəfərov ədəbiyyat xadimi deyilmi? Mən çox misallar çəkə bilərəm. Bəs çox maraqlıdı, onların fikri ilə ədəbiyyat xadimi nəyə deyirlər? İkincisi, təəssübkeşliyə gəldikdə təbii ki, sizlər bir-birinizi qoruduğunuz kimi, biz də bir-birimizi qoruyuruq.
- Təəssübkeşlik aydındı, bəs əsas ədalətli olmaq deyilmi?
- Əvvəla, mən haqqı heç vaxt nahaqqa qurban verməmişəm. Yadına gəlirsə, bir qrup vardı, hansı ki, hər yerdən qovmuşdular, heç bir yerdə çap etmirdilər. Rasim Qaracanın qurumunu deyirəm. Adı necə idi?
- AYO. Azad Yazarlar Ocağı?
- Bəli. Mən AYO-ya qəzet verdim, şərait, imkan yaratdım və bununla bütün yaşlı nəsil mənimlə düşmən oldu. Əgər haqqı nahaqqa versəydim, bunu etməzdim. Mən hər yerdə qapıları bağlı olan gənclərin üzlərinə qapı açdım, çap elətdirdim. Bir həftədə beş dəfə ədəbiyyat əlavəsi buraxırdım, hansı ki, onun dördü AYO-çulara, biri Yazıçılar Birliyinə ayrılırdı.
- Heç olmasa, bu yaxşılığınızı bilirlərmi?
- Onların bilib-bilməməkləri mənə maraqlı deyil. Amma təbii ki, bilirlər. Mən elədiyimi ona görə etməmişəm ki, onlar bunu bilsinlər. “Ədalət”də “Alatoran” səhifəsinin çap edilməsinə görə Yazıçılıar Birliyindən mənə böyük təhdid məktubu yazmışdılar. Sonda da deyirdilər ki, Aqil Abbas onları çap etməklə bizə ermənilərdən böyük zərbə vurur. Mən hətta bu məktubu çap da elətdirmişdim. Çünki onların nəsə deməyi ilə heç bir şey dəyişməyəcəkdi, onsuz da doğru olanı camaat bilirdi. Hətta mənim əsərlərimi tənqid edənlərin də həmin tənqidi yazısını mən çap edirdim. Tənqidlə mən məhv olmayacaqdım. Hətta olub ki, tənqiddən nəticə çıxarıb kitabımın ikinci nəşrində səhvlərimi düzəltmişəm. Söhbət ağıllı tənqiddən gedir.
- Kimlər sizi ağıllı tənqid edib ki?
- Düzü, məni elə də çox tənqid etməyiblər. Adlar dəqiq yadımda qalmasa da, haqqımda maraqlı tənqidlər oxumuşam. Samir Sədaqətoğlu, İradə Musayeva bu sırada var.
- Yeri gəlmişkən, bir dəfə Yazıçılar Birliyində tədbir idi və siz bildiyimə görə İradə Musayevanı birinci dəfəydi görürdünüz. İradə xanımla iki kəlmə söhbətinizdən hiss elədim ki, tənqidi xətrinizə bərk dəyimişdi.
- Ola bilər ilk dəfə görürdüm. İradə xanım mənim əsərim haqqında məqaləsində demişdi ki, Ağdam dünyanın ən varlı şəhəri deyil. Mən də cavabında dedim ki, Ağdam dünyanın ən varlı şəhəridi. Deyir, bəs Nyu York, Vaşinqton? Mən Nyu Yorkda körpülər altında, vitrinlərdə yatan yüzlərlə adam görmüşəm, amma Ağdamda küçədə yatan, acından ölən, dilənən görməmişəm. Deməli, Ağdam Nyu Yorkdan varlı şəhərdi.
- Bəlkə Ağdamda körpü yoxdu, ona görə görməmisiniz?
- Körpü yoxdu, küçədə, ağacın altında, parklarda yatsınlar. Həm də Ağdam olmasın, Gəncə olsun. Dediyim odur ki, bu cür yersiz və mənasız tənqidləri qəbul etmirəm.
- Bayaq dediniz ki, mən elə çox tənqid olunmamışam. Doğrudan, belədi. Bu fikrinizlə mən də razıyam. Musa Yaqub kimi sizi də ciddi tənqid eləyən görməmişəm. Bəs görəsən, bunun səbəbi nədi?
- Yazdıqlarımı bir qırağa qoyaq. Bunun səbəblərindən birincisi insanlara açıq olmağım, pis cəhətlərimi dilə gətirməyi də bacarmağım, yazılarımı görməyim və insanların məni sevib hörmət etmələridi. Məmməd Araz da tənqid olunmayıb. Kimsə haqqımda nəsə yazmaq istəyəndə bəlkə, mənim ona xoş münasibətimi yadına salıb, ona görə də yazmayıb. Utanıb, çəkinib. Xüsusən də gənclər belədi.
- Demək olar ki, əksər qələm adamları harda qarşınıza çıxır cibinə pul qoyursunuz, deyirsiniz, gedin yeyin-için. Bəlkə buna görə sizi tənqid eləmirlər. Üzləri gəlmir.
- Təbii, məni tənqid etməməklərinin səbəbi bu da ola bilər. Amma mən kiməsə elədiyim kömək haqqında danışmağı xoşlayan adam deyiləm və köməyi də ona görə eləmirəm ki, məni tənqid etməsinlər. Onsuz da tənqid eləsələr də inciyən deyiləm.
- Aqil müəllim, sizin ədəbiyyata gəlməyinizdə, yaradıcılığınızda əsas kimlərin rolu olub? Maraqlıdı.
- O vaxtlar ədəbiyyata gəlmək üçün olduqca çətin bir prosesdən keçmək lazım gəlirdi. Mənim yaradıcılığa başlamağımda üç adamın xüsusi və böyük rolu olub. Anar, Sabir Rüstəmxanlı və Əjdər Xanbabayev.
- Anar neyləyib?
- Çap olunmağın müşkül bir məsələ olduğu vaxtlar Anar mənim povestimi çap etdirmişdi.
- Bəs Sabir Rüstəmxanlı?
- O dövrdə kim kitab çap etdirmək istəyirdisə iki il əvvəldən plana düşürdü. Sonradan isə Mərkəzi Komitə kimlərinsə üstündən xətt çəkirdi. Əlyazmam planda var idi, amma məni sevməyən adamlar bu əlyazmaları itirib- batırmışdı. Əlyazmam üç il sonra tapıldı. Belə bir vəziyyətdə mənim ilk kitabımı Sabir Rüstəmxanlı və Əjdər Xanbabayev plandan kənar çap etdirdilər. Çox güman ki, Əjdər Xanbabayevin köməyində Məmməd Araz faktoru da olub.
- Onda kürəkən olmuşdunuz?
- Hə...
- Maraqlıdı, bəs Məmməd Araz faktorunun sizin həyat və yaradıcılığınızda rolu nə dərəcədə olub?
- Çox olub. Mən Məmməd Araza ata kimi baxmışam. Formalaşmağımda böyük rolu olub. Ondan çox şey öyrənmişəm. Mənə Məmməd Araza görə hörmət edirdilər. Hətta Məmməd Arazı sevməyənlər mənə pislik etməyə başladılar.
- Məmməd Arazın yaradıcılığınız haqqında fikri nə idi, yazılarınız xoşuna gəlirdi?
- Yaradıcılığım haqqında, oxuduğu yazılarım haqqında söz deməzdi. Amma bir dəfə bir povestimi oxuyub əlini kürəyimə vurdu.
- Bəs həyat yoldaşınız İradə xanım necə, yazılarınızı bəyənir?
- Baxmayaraq ki, mənim ən yaxşı əsərim “Batmanqılınc”dı, amma İradə xanım “Dolu” romanıma qədər məni yazıçı kimi qəbul etmirdi...
- Bəs siz necə, İradə Tuncayı yazıçı kimi tanıyırsınız?
- Bəli, İradə xanım həm gözəl yazıçı, həm də gözəl publisitdir.
- Maraqlıdı, ər-arvad olmağınız bir-birinizin yaradıcılığı haqqında həqiqəti deməkdən çəkindirmir ki?
- Yox, çəkindirmir. Amma, adətən, mənim haqqımda sual veriləndə İradə xanım cavab vermir. Mən də ən uzağı bir kəlmə deyərəm. Özümüz ədəbiyyatdan çox danışsaq da bir-birimiz haqqında tərifli sözlər deməyi xoşlamırıq. Hətta bəzən tənqidi yanaşırıq.
- Bir-birinizi niyə tərifləmirsiniz ki? Burda nə var ki?
- Bir-birini tərif etmək bir az etikadan kənara çıxır.
- Aqil müəllim, qeyd etdiniz ki, ən yaxşı əsərim “Batmanqılınc”dı, amma ən məşhur əsəriniz “Dolu”du. Bəzən dünya yazıçılarının da ən yaxşı əsəri ilə ən məşhur əsəri eyni olmur. Bəs sizcə, səbəb nədi, Aqil Abbasın ən yaxşı əsəri niyə məşhur olmadı?
- Mənə elə gəlir, “Dolu” zamanına düşdü. Müharibə, şəhid, vətən... insanların içindəki yaranı qopartdı. Yəqin ki, “Dolu” ona görə bu qədər məşhurlaşdı. Həm də təkcə “Dolu”nun yox, ümumən mənim nəsr əsərlərim şeir kimidir.
- Bu fikiri ən çox Əkrəm Əylisli haqqında deyirlər.
- Əlbəttə, Əkrəmin dili çox gözəldi. Azərbaycan ədəbiyyatında ən gözəl dil İsmayıl Qarayevdi, Cəmil Əlibəyoğlu və təbii ki, Əkrəm Əylislinin dilidi.
- Elə hey yazırsınız, vətən, vətən, vətən... Qarabağ, Qarabağ, Qarabağ... Yazıçı bu qədər vətənpərvər, bu qədər milli olmalıdırmı?
- Mənim nəzərimdə yazıçı milli olmalıdı. Amma milliliyi də elə yazasan ki, dünyəvi olarsan. Folkner, İsa Muğanna o qədər milli əsərlər yazıblar. Amma onlara dünyəvi deməmək olarmı?
- Niyə Qarabağdan çox yazırsınız? Bəs deyil?
- Mən o döyüşlərin, hadisələrin içində olmuş adamam. Həmin dərdləri, müsibətləri, şəhidləri görmüşəm. Və mənə elə gəlir ki, bunu mən daha çox yazmalıyam, hadisələrin birbaşa şahidi kimi gələcək nəsil üçün nəsə qoymalıyam. Bilməlidirlər ki, müharibə necə olub. Yaşamadan yazmaq olmaz, görmədən təsvir etmək mümkünsüzdü və mən əsərimdə bunları verməyə çalışmışam.
- Məncə, sərlərinizdə ermənilərin üstünə çox gedirsiniz, düşmənə birmənalı şəkildə yanaşırsınız. Axı düşmən də insandı. Onda yaxşı bir şey tapmaq olmazmı?
- Əvvəla, mən ermənilərin üstünə getməliyəm. Bu, birmənalıdı. Amma bəzən müharibə mövzusunda yazılmış əsərlərdə erməni işgəncələrini şişirib yazırlar. Bu, mənə xs cəhət deyil. Mən buna qarşıyam və çalışıram ki, yazdığım ədəbiyyat faktına çevrilə bilsin. Hər şeyi sadəcə, olduğu kimi qələmə almaq lazımdı. Təbii ki, olan şeyləri istedadla yazmaqdan söhbət gedir. Deyirsən, niyə ermənilərin üstünə çox gedirsən? Səhv qənaətdi. Mənim bir povestim var. Yəqin, oxumamısan. Daşkəsəndə postda daynmış əsgərlərin donub ölməsindən təsirlənib yazmışam. Həmin əsərdə mən ermənini müsbət planda vermişəm.
- Qayıdaq bayaqkı məsələyə, maraqlıdı, “Dolu” romanının məşhurlaşması necə baş verdi? Bu işdə sizin xüsusi canfəşanlığınız oldumu? Yoxsa təbii proses idi.
- Qətiyyən heç bir rolum olmayıb. Əsər özü özünü məşhurlaşdırıb. Yəni sırf təbii şəkildə oldu. Sadəcə, dostlarım təkan verdi bu əsərə. Yəni təbliğ etdilər. Mən o romanı siqaret qutusuna, təyyarə biletinə yazmışam. Beynimdə iyirmi ildi ki, formalaşdırırdım və nəhayət bir neçə aya yazıb bitirmişəm. Ona görə alındı, əsər sevildi. Rəşad Məcidlə istirahətə getmişdik, Rəşad dənizdə çimirdi, çıxıb gəlirdi ki, qumun üstündə qəzetin qırağına roman yazıram. Rəşad gülürdü.
- Bayaq dediniz, bir çox əsərlərimdə yazdığım hadisələrin canlı şahidi olmuşam. Bəzən deyirlər, gördüyün hadisələri qələmə almaq ədəbiyyat deyil.
- Əlbəttə, ədəbiyyat kimi yaza bilmirsənsə, onu ədəbiyyat yox, publisistika, jurnalistika kimi qəbul edəcəklər. Səncə, “Dolu”nu ədəbiyyat hesab eləmək olmaz?
- Təbii ki, ədəbiyyatdı. Mən konkret sizin romanınızdan yox, ümumi sual verdim.
- Bayaq da dediyim kimi, Qarabağ haqqında elə yazılar var, baxırsan ki, bu ədəbiyyat deyil, publisistikadı. Hətta publisistika da deyil. Faktlar istedadla yazılmalıdı. Faktlar təhrif olunmalı deyil. Yaxud da baş verən hadisələr hər kəsə məlumdur.
- Aqil müəllim, kifayət qədər yaşınız var. Milli Məclisin üzvü olmağınıza baxmayaraq çox sadə və səmimi, mehriban insansınız. Xarakretiniz belədi, yoxsa qəsdən özünüzü belə göstərirsiniz ki, seviləsiniz?
- Məncə, qəsdən özünü bu cür göstərən adam bilinər. Mən elə uşaqlığımdan, orta məktəb vaxtlarımdan beləyəm. Xarakterim, xasiyyətim belədi. Emosionallıqda atam tərəfə çəkmişəm.
- Övladlarınızdan xasiyyətcə sizə oxşayanı varmı?
- Hərəsi bir xarakterimi götürüb. Biri ağıllı tərəfimi, biri də bir az dəli tərəfimi.
- Bayaq dediniz, görkəmli ədəbiyyat adamlarını tənqid edənlər özləri ortaya nəsə qoysunlar. Ortaya nəsə qoymaq nə deməkdi? 90-cı illərdən sonra ortaya ciddi bir əsər qoyan adam yoxdumu?
- Niyə yoxdu? Məsələn, sənin romanını oxuyan kimi zəng eləyib təbrik elədim, fikirlərimi dedim. Çünki xoşuma gəlmişdi. Düzdü?
- Aha...
- Şərif Ağayarın romanı da çox xoşuma gəldi, ancaq əsərin sonu ilə bağlı fikirlərimi özünə də bildirdim. Yaxud Həmid Herisçi...
- Bəs niyə onların yaşlı nəsilə etirzaçı ruhunu qəbul etmirsiniz?
- Mən etirazçı ruhunu yox, inkar ruhunu qəbul etmirəm. Yəni mən varam, başqa heç kim yoxdu prinsipini qəti şəkildə düzgün hesab etmirəm. Tənqiddə belə əsərə və müəllifə hörmətlə yanaşmaq lazımdı. Mən bunu deyirəm.
- Bilirsiniz, 12 seriadan ibarət “Dədə Qorqud” seraialının çəkilməsi barədə göstəriş verilib. Ssenari yenə də Anar müəllim yazacaq.
- Əlbəttə, Anar yazmalıdı.
- Niyə?
- Çünki Anar müəllim o işin içindədir.
- Sizcə, Anar müəllimdən başqa həmin seriala ssenari yaza biləcək adam yoxdu?
- Düşünürəm ki, Kamal Abdulla yaza bilərdi. Ümumiyyətlə, bu abidənin daha möhkəm saxlanması və insanlara çatdırılması üçün film ən gözəl vasitədi. Elə mənim “Dolu” romanımın da məşhurlaşma səbəblərindən də ən başlıcası məhz bu faktor oldu.
- “Dolu” filmindən maddi qazanc əldə edə bildiniz?
- Bəli. Qazanmışam.
- Ləzzət elədi?
- Təbii ki... Elə qazandığım pulu filmə də xərclədim, həm də ürəklə, ləzzətlə xərclədim.
- Başqa bir məsələ, bədii əsər haqqında danışarkən niyə dil faktorunu önə çəkirsiniz? Əsas ideya deyil? Tərcümədə onsuz da dil itir.
- Yaxşı tərcümə olsa dil niyə itir ki? Düzdü, bədii əsərdə əsas ideyadı. Bu başqa məsələ. Amma dil də vacib şərtlərdəndi.
- Bizdə yaxşı tərcüməçi hesab etdiyiniz kimlər var?
- Vallah, tərcüməçilərlə işləmədiyimə görə konkret deyə bilmərəm.
- Tərcümə Mərkəzinin fəaliyyətini necə, izləyirsiniz?
- Bəli, izləyirəm. Hələ ki, yeni yaradılıb. Möhkəm işləyirlər, cavanları özlərinə tərəf çəkirlər, bu yaxşı haldı. Yeri gəlmişkən, Yaşar da yazılarını cilalasa, üstündə işləsə, çox yaxşı tərcüməçi olacaq. Etimad Başkeçidin yüksək tərcüməçilik qabiliyyəti var. Sadəcə, onlara meydan və pul vermək lazımdı.
- Pulu kim verməlidi ki?
- Təbii ki, Tərcümə Mərkəzinə ayırılan puldan verilməlidi. Və bunun üçün də ora yüksək məbləğdə pul ayrılmalıdı.
- Aqil müəllim, bəzən sizin istedadlı gənclər siyahınıza təsadüfi adlar da düşür... Adamlara istedadlı deməkdə niyə bu qədər səxavətlisiniz?
- Məsələn, kimlərdi təsadüfi adamlar?
- Ad çəkmək istəmirəm.
- Ad çəksəydin, konkret danışardıq.
- “Ədəbiyyat qəzeti”ni necə, izləyirsinizmi? Fəaliyyətini necə qiymətləndirirsiniz?
- İzləyirəm. “Ədəbiyyat qəzeti” Elçindən sonra xeyli dəyişdi. Amma bir şey var ki, Anar müəllim də, Elçinin özü də, mən də yazımızı “Ədəbiyyat qəzeti”nə yox, “525-ci qəzet”ə göndəririk.
- Bəs “Ədəbiyyat qəzeti”nə niyə göndərmirsiz?
- Çünki bu qəzetə maraq öldü. Özü də elə öldü ki, daha onu dirçəltmək çətin məsələyə çevrildi. O qədər büdcəsi olan qəzetin tirajı niyə bu qədər azdı? Həm də operativliyi təmin edə bilmirlər. Məsələn, bu gün sənin yazdığın yazıları həmin “Ədəbiyyat qəzet”ində verməyəcəklər.
- Bəs “Ədalət” qəzetini necə dirçəlmək olar?
- “Ədalət” qəzeti yerindədi. Sadəcə, ədəbiyyata yer ayırmaq üçün həvəsli gənclər lazımdı. Hətta ayrıca səhifə ayırıb qonorar da verə bilərəm, bunun üçün təkliflərim də olub...
Kəramət Böyükçöl