24 Avqust 2015 16:39
5 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rəhimə xanım, artıq üç ildir ki, Yaşar Nuri həyatda yoxdu. Bu uç il necə keçdi?
- Yaşar müəllim üçün çox darıxıram... Qızlarıma da deyirəm ki, elə bil hansısa işimi itirmişəm. Həyatı boyu ona qulluq edən adam, bir yerdə yaşayan adam üçün çox çətindir. Sanki həyatımda nə isə çatmır. Darıxan kimi Fəxri Xiyabana, qəbrini ziyarətə gedirəm və dərdləşib gəlirəm. Heç vaxt dilimə gətirə bilmirəm ki, Yaşar həyatda yoxdur. Sadəcə Yaşarın yoxluğunu "o hadisədən sonra" sözləri ilə ifadə edirəm. Vəfat etdiyini desəm, elə bilərəm ki, Yaşarı həmişəlik itirmişəm. Son illər çox tez-tez yuxuma gəlir və çox sevinirəm. Bəzən elə bilirəm ki, bu, yuxu yox, həqiqətdir. Yuxudan təlaşla oyanıram və real olmadığını görəndə çox pis oluram. Yuxularıma xəstə vaxtı deyil, sağlam vaxtları gəlir.

- Yaşar müəllimin vəfatından sonra sənət dostlarından əlaqəni itirənlər və saxlayanlar kimlərdir?
- Hazırda hamı öz işi ilə məşğuldur. Oktyabrın 25-də evlilik ildönümümüzün 40 ili tamam olur. Yaşar ilə 38 il bir yerdə yaşamışıq və bu illər ərzində insanların isti münasibətini görməmişəm. Amma telefon zəngi, gediş-gəliş olub. Son vaxtlar insanlar bir-birilərinin evlərinə gedib, gəlmirlər. Amma Firəngiz Mütəllimova ilə əlaqə saxlayırıq, dərdləşirik. Hər hansı bir məclisə gedəndə mənə yaxınlaşırlar və Yaşarın yadigarı olduğumu bildirirlər. Yaşarla toylara getdiyim vaxtlar yadıma düşür və fikirləşirəm ki, xalqımız Yaşarı unutmayıb. O, məclisin canı-qanı, şahı idi. Yaşarın heç vaxt yaxın dostu olmayıb, yəni bizim ailəyə gəlsin, məclisimizin başında olsun. Bütün xalq onun üçün dost idi. Şəxsiyyət kimi bir neçə insanların adını çəkə bilərəm, amma dost kimi yox. Rejissor Eldar Quliyevi çox sevirdi. Evə dost gətirməyi sevmirdi.

- Böyük aktyorumuz demək olar ki, bütün rollarını Firəngiz xanımla oynayıb və yaxın dost idilər. Buna görə nə vaxtsa Firəngiz xanımı qısqanmısınızmı?
- Yaşarı heç vaxt səhnədə qısqanmırdım. Ümumiyyətlə, Firəngiz xanıma qarşı heç vaxt qısqanclıq hissim olmayıb. Yaşarın filmlərinə və tamaşalarına baxanda yadımdan çıxarırdım ki, həyat yoldaşımdır. Onu deyim ki, mənim fikirlərim Yaşar üçün çox önəmli idi. Tamaşa vaxtı mənə zəng edirdi ki, xoşuna gəldi? Düzdü, Yaşarla aramızda qısqanclıq olub, amma yaradıcılıq mühitində deyil. Onu indiki cavanlar kimi qısqanclıq edib, yormurdum. Nə qədər qadın kişiyə qarşı ifrat qısqanclıq edirsə, o qədər kişini itirir.

- Bildiyimizə görə, evlənməmişdən əvvəl Yaşar müəllimlə qohum olmusunuz?
- Bəli, eləcə də eyni binada yaşayırdıq.

- Bəs, sevgi münasibətiniz necə başladı?
- Biz Yaşarla sevgi əsasında ailə həyatı qurmamışıq. Konservatoriyanın son kursunda oxuyurdum, Yaşar isə əsgərlikdən yeni gəlmişdi və teatra düzəlmişdi. Valideynləri hesab edib ki, Yaşarı nə qədər tez evləndirsələr, o qədər yaxşıdır. Beləliklə, mənim haqqımda Yaşara danışıblar. O da məndən xəbərsiz Konservatoriyaya gəlib və sonra valideynlərinə tərbiyəli qız olduğumu bildirib. Beləliklə, elçi gəldilər və mayın 9-da nişan oldu. Nişandan sonra Yaşarı bir ay görmədim. Sonra anama dedim ki, bu belə olmalıdır? Anam anası ilə söhbət etdikdən sonra Yaşar bizə gəldi. Üç aydan sonra toy oldu və iki il kirayə evdə yaşadıq.

- İki il kirayədə yaşadığınız vaxt maddi çətinlikləriniz çox oldumu?
- Əlbəttə maddi çətinliklərimiz oldu, amma onu adi həyat kimi qəbul etdim. Pulumuz olmayanda, düşünürdüm ki, həyatdır və hər şey ola bilər. Heç bir şeyi problemə çevirmirdim və həyatda heç nəyə görə bezdirmirdim. Pulum olub, nə isə almışam, olmayıb almamışam. O sənətdə, ailədə, eləcə də həyat yoldaşı tərəfindən çox şanslı insan olub.


- Yaşar müəllimin vəfatından sonra ailənin dolanışığını necə təmin edirsiz?
- Dövlət Yaşarın sağlığında prezident təqaüdü verirdi. Vəfatından sonra kəsildi. Bu ümumi qəbul edilmiş qaydadır, amma Yaşarın təqaüdünü mənə versələr, yaxşı olardı. Çünki onun yadigarıyam və 40 il həyat yoldaşı olmuşam. Eləcə də, ev muzeyini yaratmaq və qəbrinin üstünü düzəltdirmək istəyirəm. Sentyabrın 3-də 64 yaşı tamam olur və qeyd etmək istəyirəm. Rəsmi olaraq 60-70 yaş yubiley kimi qeyd edilir və qanunidir. Amma 64 yaşını qeyd etmək üçün sponsor tapıb, özüm təşkil edəcəm. Bununla yanaşı Yaşarın adına küçə olmalıdır, yaşadığı evə memorial lövhə vurulmalıdır. Qanundan kənar heç nə danışmıram. Çünki gələcək nəsil Yaşarın yaradıcılığını görməlidir. Dövlət Muzeyindən zəng edib, əşyalarını istəyirlər, amma vermirəm. Teatr muzeyindən də zəng ediblər. Mən istəyirəm ki, onun yaradıcılığı, əşyaları elə bir yerdə olsun ki, hər kəs ziyarət edə bilsin.

- Bəstəkarların, yazıçıların ev muzeyləri var, amma aktyorların yoxdur. Yaşar müəllimin ev muzeyi olsaydı, ilkə imza atmış olardınız…
- Bəli. Məndə Yaşarın lazımı qədər əşyaları, yaradıcılığna dair sənədlər var. Onları çəkiliş üçün üzə çıxardaram, amma düşünərlər ki, nə isə tələb edirəm.

- Yaşar müəllimin son günlərini necə xatırlayırsınız?
- Son iki ildə hökümətimiz, sponsorlar və maddi dəstək olan insanlar sağ olsunlar. Çünki onların sayəsində iki il ömrünü uzatdıq.

- Yaşar müəllim vəfat edəcəyini bilirdimi?
- Son vaxtlar hiss edirdi. Gözlərindən oxuyurdum ki, nə isə demək istəyir, amma demirdi. Düşünürdü ki, mən fikir edə bilərəm, ruhumla yaşayırdı. Hər dəfə onun əhvalını yaxşılaşdırmağa çalışırdım. Öpürdüm, arabasında fırladırdım ki, əhvalı yaxşı olsun. Vəfatından üç gün əvvəl böyük qızıma demişdi ki, mənə bir şey olsa, neynəyərsiniz? Yaxınlaşdım ki, nə demək istəyirsən? Dedi ki, elə-belə dedim. Amma gözlərində küskünlük vardı.

- Bildiyimizə görə, ölümündən üç gün əvvəl sizə "səni sevirəm" deyib...
- Bəli, bu hal olub. Vəfatından üç gün əvvəl xəstəxanaya gedəndə gördüm ki, dəhlizdə məni gözləyir. Zəif səslə dedi ki, hardasan? Üzündən öpdüm və dedim ki, məni sevdiyini de, yoxsa getməyəcəm. Sakit səslə “səni sevirəm” deyib kövrəldi. Bu zaman tibb bacısı da ağladı. Xəstəxanada dəhlizə çox çıxmırdı. Bakıda da xəstəxanaya yanına adam qoymurdum və kimsə gələndə yatdığını deyirdim. İnsanların Yaşarı o vəziyyətdə görməsini istəmirdim. Demək olar ki, xəstəlik vaxtının şəkilləri yoxdur.

- Bir az əvvəl qeyd etdiniz ki, hörmət əsasında ailə qurmusunuz. Bəs, ailə həyatı qurduqdan sonra sevgi münasibətiniz yarandı?
- Sevgi üzərində ailə qurmağın necə olduğunu bilmirdim. Düşünürdüm ki, həyat yoldaşı işdən gəlir, yeməyini hazırlamalı, uşaqlara baxmalı, evi yığışdırmalıyam. Evləndikdən 10 il sonra insanlar deyirdilər ki, ayıl soluna-sağına bax. Amma mən Yaşara inanırdım. Yaşarın bir sözü vardı: "Rəhiməyə deyəndə ki, Yaşarın gözü başqasındadır. O da deyir ki, gözümlə görməyincə inanmaram". Heç vaxt ona hansısa problemimizi də bildirmirdim. Başımızın üzərində ağıllı ailə başçısı olması bəsimiz idi. Eləcə də həyatımızı o rəngarəng edib, uşaqlarımızı böyüdüb. Qızlarım onun sayəsində irəli gediblər, işləyirlər.

- Qızlarınız harada işləyirlər?
- Hər ikisi dövlət işində çalışırlar.

- Qızınızla yaşayırsınız?
- Bəli, kiçik qızımla yaşayıram.

- Aktyor Nicat Rəhimov Yaşar müəllimin qohumudur. Onun aktyorluğunu necə qiymətləndirirsiniz?
- Nicat Yaşarın bibisinin nəvəsidir. Qohumların heç birinin işinə qarışmıram. Bacısı oğlu Rüfət də İncəsənət Universitetini bitirib, indi müğənnidir. Hər biri öz yolunu seçib və onlara uğurlar arzu edirəm. Amma sənətdə təkrar olunan insan yoxdur.

- Məşhur komediya aktyorunun yoldaşı olmusunuz. Hazırkı komediya aktyorlarının fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bu çox böyük mövzudur.

- Müğənni Rüfət Axundov sizi axtarırmı?
- Bəli, axtarır. Dayısının məzarını ziyarət edir. Onu deyim ki, Yaşarın qohumlarını öz qohumlarımdan daha çox istəyirəm. Çünki Yaşarın yadigarlarıdırlar.

- Böyük bir aktyor olmaqla yanaşı ailə başçısı kimi necə insan idi?
- Xasiyyəti çox mürəkkəb idi, gün ərzində dəfələrlə dəyişirdi. Çox kapizli idi. Qapı açılan kimi onu qarşılamasaq, bilirsiniz, evdə nə hay- küy baş verərdi? Evə daxil olan kimi üzümə baxırdı ki, əhval- ruhiyyəm necədir? Ağlasam da, yalandan onun üzünə gülürdüm. Çünki mənim əhval-ruhiyyəm ilə iş görürdü. Onu ruhən yaşadırdım.

- Yaşar müəllimin əşyalarını, paltarlarını saxlayırsınızmı?
- Bəli, paltarlarının bir qismini saxlayıram. Çoxlu saatı, üzükləri var. Azərbaycan telekanallarında yumora aid müsabiqə təşkil edilməsini istəyirəm. Qalib şəxsə Yaşarın əşyalarından hədiyyə edəcəyəm Buna görə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək fikrindəyəm.

- Əlinizdə olsaydı, Yaşar müəllimin həyatında nəyi dəyişmək istərdiniz?
- Ömrünü uzatmaq istərdim. Bəlkə də 70 yaşında da teatrda oynayacaqdı. Amma xəstə olan vaxt çox pis olurdu ki, səhnəyə necə çıxacam? Son gününə qədər ona pensiya yazdırmağa razı olmadım. Əlillik dərəcəsi ilə pensiyaya çıxdığını bilsəydi, dözə bilməzdi.

- Teatrdan ayrıldıqdan sonra özünü necə hiss edirdi?
- İnanın ki, yuxuda da teatrı görürdü(kövrəlir). İstanbulda xəstəxanada uzanıqlı vəziyyətdə olurdu. Hər yatanda yuxuda teatrı görürdü və oyanan kimi baxırdım ki, əhvalı pisdir. Deyirdim ki, kimə zəng etmək istəyirsən? Firəngizə və yaxud da hansısa dostuna zəng edirdim.Teatr onun həyatı idi və düşünürdüm ki, insan bu qədər səhnəni sevə bilərmi? Ömrünün son günləri yuxusunda Həsənağa Turabovu görürdü. Deyirdi ki, Həsənağa məni çağırır.

- Siz səhv etmirəmsə, Yaşar müəllim qastrol səfərlərinə gedən zaman onu Firəngiz xanıma tapşırırmışsız?
- Bəli. Ümumiyyətlə, qastrol səfərlərinə gedən zaman bütün aktrisalara - Səidə Quliyeva, Sənubər İsgəndərli, Məleykə Əsədovaya və s. tapşırırdım. Aktrisalar Yaşarın üzərində necə əsdiyimi bilirdilər. Qastrola gedəndə Firəngiz zəng edirdi ki, Rəhimə narahat olma, Yaşar mənimlədir.

- Yoldaşınızın vəfatından sonra “Azdrama”ya getmisinizmi?
- Bəli getmişəm, tamaşaların premyeralarına dəvətnamələr göndəriblər.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər