Avqustun 21-dən 27-dək Helsinkidə incəsənət həftəsi və ənənəvi “RUNOKUU” (“Poetik ay”) Beynəlxalq poeziya festivalı keçirilib.
Bu barədə AZƏRTAC-a “Dostluq” Azərbaycan-Finlandiya Cəmiyyətinin sədri Təranə Nəzərova məlumat verib.
Festivalın builki təşkilatçısı “Nuorivoyma” (“Gənclərin gücü”) jurnalıdır. Avqust səmasında ay doğanda (saat 19-dan 23-dək) fin və əcnəbi şairlər mikrofona yaxınlaşaraq şeirlərini oxuyur, poetik söz xiridarı olan oxucuları ilə söhbət edirlər.
Avqustun 27-də Finlandiya Milli Teatrının ötən əsrin əvvəllərində romantik “yugendstil” üslubunda inşa edilən, bütün görünüşü ilə poetik təəssürat yaradan məşhur binasında keçirilən gecə “Bütün dünyanın şeirləri” adlanırdı. “Azərbaycan poeziyası antologiyası”nın təqdimatı gecənin əsas hadisəsi oldu. Antologiya Azərbaycan poeziyasının müxtəlif əsrlərdə yaranan yüksək nümunələrini, onun rəngarəngliyini fin dilində geniş təqdim edən ilk belə nəşrdir. Bu yaxınlarda işıq üzü görən kitab yaddaqalan mədəni hadisəyə çevrilib. Antologiyanı tərtib edən və onun redaktoru həmvətənimiz, tanınmış tərcüməçi, fin dilindən tərcümə etdiyi bir çox kitabların müəllifi Tahirə Cəfərovadır.
Təqdimatda antologiyanın müəllifi Tahirə Cəfərova, antologiyanın naşiri, Eyno Leyno adına mükafatın sahibi şair Leyevi Lehto, antologiyanın tərcüməsinə kömək edən şairlər Timo Malmi (Tampere) və Yukka Mallinen, “Dostluq” Azərbaycan-Finlandiya cəmiyyətinin sədri Təranə Nəzərova iştirak ediblər.
Gecədə antologiya üzərində işləyən, amma hazırda Soçidə olan şair Hanna Miyakelyanın təbrik məktubunun mətni oxundu. Təqdimat böyük uğurla keçdi. Leyevi Lehto bir ədəbiyyatşünas kimi kitabı yığcam və ifadəli şəkildə təhlil etdi.
Təkcə rus şairlərindən tərcümələri ilə deyil, həm də tərtib etdiyi müxtəlif antologiyalar ilə məşhur olan Yukka Mallinen Şərq poeziyasının xüsusiyyətlərindən, Azərbaycan poeziyasının dünyaya bəxş etdiyi xüsusi rayihədən, onun lirizmindən və özünəməxsusluğundan danışdı. Şərq poeziyasının bilicisi olduğunu vurğulayan Y.Mallinen səhnəyə araqçında çıxdı.
Timo Malmi Fikrət Qoca, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Kamal Abdulla, Vaqif Səmədoğlu və başqa müasir şairlərdən tərcümə etdiyi şeirləri oxudu.
Antologiya ideyasının necə yaranmasından, təkcə antologiyada yer alacaq şeirlərin müəyyən edilməsində deyil, həm də tərcüməyə hazırlıq prosesində üzləşdiyi çətinliklərdən söz açan Tahirə Cəfərova bildirdi ki, bunun üçün şeirlərin rus və ingilis dillərində tərcümələrinə müraciət etmək, şeriyyətin, poetikanın incəliklərindən baş çıxarmaq lazım idi.
Qarabağdan söz açan Tahirə xanım qeyd etdi ki, bu gözəl diyar Azərbaycanın incisi, saysız-hesabsız istedadlı şair və müğənninin, o cümlədən milli klassiklərimiz Natəvan və Vaqifin vətənidir. O dedi: “Məşhur müğənni Rəşid Behbudovun “Şən qarabağlı oğlan” mahnısını hamımız xatırlayırıq. O, bu mahnını Finlandiyaya qastrol səfəri zamanı oxumuşdu. Biz SSRİ-nin və Azərbaycanın Xalq Artisti Bülbülün Qarabağdan olduğunu, onun oğlu Polad Bülbüloğlunun uşaqlıq illərinin “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhəri ilə bağlı olduğunu unutmuruq”.
Sonra şair Tito Malmi Süleyman Rüstəmin antologiyaya daxil olan “Qarabağ nəğməsi” şeirinin tərcüməsini şövqlə oxudu.
Antologiyanın yaradılmasında şair və naşir Leyevi Lehto böyük rol oynayıb. O, bu işə nəinki öz tərcüməçilik istedadını qoyub, həm də onun üz qabığının dizaynını verib. Leyevi Lehtonun tərcümələri təkcə məzmunun fin dilində canlandırılması ilə deyil, həm də şeirlərin beytlərə ayrılmasının, onların ritmik şəklinin və hətta intonasiyasının dəqiqliyi ilə diqqəti cəlb edir. Nəsiminin məşhur “Məndə sığar iki cahan” şeirini oxuyan şair dinləyiciləri şeirin oxunuşu və klassik Azərbaycan təfəkkürünün dərinliyi ilə cəlb etdi.
Gecənin sonunda Tahirə xanım Azərbaycan Yazıçılar Birliyi və bütün Azərbaycan xalqı adından gözəl və təmənnasız bir işə görə antologiyanın naşirinə və bütün fin tərcüməçilərə təşəkkür etdi.
Həmin axşam Suomi paytaxtında Azərbaycan poeziyası fin dilində səsləndi.