30 May 2014 10:45
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Rus Dram Teatrında yeni tamaşanın premyerası olacaq. Bu münasibətlə tamaşanın yaradıcı heyəti ötən gün mətbuat konfransı keçirib.

Qeyd edək ki, teatrda xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibəti ilə yazıçının "Büllür sarayda" pyesi əsasında hazırlanan eyniadlı tamaşa hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan əsərə Aleksandr Şarovski quruluş verib. Tamaşanın bəstəkarı isə Vaqif Gərayzadədir.

Səhnə əsərində xalq artisti Fuad Poladov, əməkdar artist Natalya Şarovskaya, Fuad Osmanov, aktyorlar Həcər Ağayeva, Cövdət Şükürov, Rüfət Nəzərov, İnna İmranova və başqaları çıxış edəcəklər.

Rejissor məsuliyyətlə yanaşır

Teatrın "Büllür sarayda" qərarını xalq artisti A.Şarovski belə izah edib: "Azərbaycan yazıçısının əsərini səhnələşdirəndə daha böyük məsuliyyət hiss edirəm. İlyas Əfəndiyev hələ zamanında klassik yazıçı kimi tanınırdı. Və klassika hər zaman müasirdir. "Büllür sarayda" əsəri bu gün çox aktualdır. Hətta o dərəcədə ki, yazıldığı dövrdə belə aktual olmayıb. Əsər belə bir sualla qarşımıza çıxır: pul yoxsa insan hissi, ürəyi daha vacibdir? Bəzi insanlar pulla təmin olunandan sonra dəyişirlər, bir sözlə, bu sınağı uğurla keçə bilmirlər. Pul insanın vicdanını, namusunu, anlama bacarığını əlindən alır. Amma bu dünyada bir şey mühümdür: insan ürəyini təmiz saxlamalı, insani keyfiyyətlərini itirməməli, sevməlidir. O baxımdan əsər çox aktualdır". Rejissor bildirib ki, İlyas Əfəndiyev pyesdə çox maraqlı, kəskin obrazlar yaradıb.

İlk baş rolu

Əsərin baş qəhrəmanı Aynur rolunu teatrın gənc aktrisası Həcər Ağayeva oynayacaq. Bu rol aktrisanın teatrda ilk baş roludur:"Bu tamaşada mənim çiynimə çox böyük məsuliyyət düşüb. Çünki bu tamaşanı ayrı-ayrı illərdə müxtəlif teatrlar səhnələşdirib, mənim oynayacağım Aynur obrazını isə çox böyük sənətkarlar oynayıblar. Rejissorumuza çox təşəkkür edirəm, o mənə dayaq və dəstək oldu. İnanıram ki, hər şey yaxşı alınacaq".

Teatrda debütü

Kino təcrübəsi olan amma teatrda debüt işlə qarşımıza çıxacaq aktyor Cövdət Şükürov həyəcanını gizlədə bilməyib: "Teatrda ilk işimdir və inanıram ki, yaxşı olacaq. Fəxr edirəm ki, tamaşada Fuad Poladov, Fuad Osmanov kimi böyük sənətkarlarla bir səhnəni paylaşıram. Kinodan teatra keçid çətin oldu. Belə ki, kinoda pis alınan səhnəni yenidən çəkmə şansın var. Amma teatr canlıdır və pis oynadınsa elə də qalacaq. Teatra gəlməmişdən öncə düşünürdüm ki, kino teatrdan daha çətindir, amma indi anladım ki, teatrın yükü daha ağırdır".

Nərmin


Müəllif: