Qarşıdan yeni teatr mövsümü gəlir.
Teleqraf.com teatrlarımızın 143-cü teatr mövsümünə hazırlıqları və tamaşaçıları hansı yeni tamaşalarla sevindirəcəkləri ilə maraqlanıb.
Beynəlxalq Kukla Festivalı olacaq
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bildirib ki, yeni mövsümə daha məsuliyyətlə hazırlaşıblar. Onun sözlərinə görə, 15-20 noyabr tarixlərində paytaxtımızda baş tutacaq növbəti teatr bayramı - “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalına ciddi hazırlıqlar görülür: “Dünyanın kukla teatrı mütəxəssislərinin diqqət mərkəzində olan bu teatr bayramının rəngarəng proqramı var və düşünürəm ki, öncəki iki festivalda olduğu kimi Azərbaycan tamaşaçıları bu tədbiri də əsl bayram ovqatında qarşılayacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq bu möhtəşəm tədbirə ev sahibliyi edən teatrımızın da qonaqlara özünəməxsus sürprizləri olacaq. Rəngarən açılış proqramı ilə yanaşı sırf festival üçün nəzərdə tutulan tamaşamızı da teatrsevərlərə təqdim edəcəyik”.
Mövsümə 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması və Musiqi günü münasibətilə onun məşhur “O olmasın, bu olsun” tamaşası ilə start veriləcəyini deyən direktor ilin sonunadək təhvil veriləcək tamaşalar barədə də ətraflı məlumat verib: “Bu ilin sonunadək iki tamaşanı təhvil verməyi düşünürük. Bunlar teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi “Qırmızıpapaq” və teatrın gənc rejissoru Anar Məmmədovun hazırlayacağı “Bədheybət və gözəl tamaşalarıdır”.
Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda “Şair ayı” tamaşasını da iş planında olduğunu bildirən direktor hazırda həmin rejissorla danışıqlar aparıldığını deyib.
“Romeo və Cülyetta”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 88-ci teatr mövsümünü açıq elan edir. Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursəquliyeva bildirib ki, teatrın kollektivi sentyabr ayının 1-də növbəti məzuniyyəti başa vurub yeni mövsümün açılışına start verib: “Kollektivi qəbul edən teatrın direktoru Mübariz Həmidov geniş kollektiv toplantısında teatr əməkdaşlarını salamlayıb, yeni mövsümə başlanılması münasibətilə onları təbrik edib, ilin sonunadək görüləcək işlər barədə ətraflı məlumat verib. Teatrın rəhbəri qeyd edib ki, sentyabr ayının 19-da sənət ocağı öz qapılarını sevimli tamaşaçılarına açacaq. Həmin gün saat 12:00-da H.K.Andersenin ”Çirkin ördək balası", saat 19:00-da U.Şekspirin “Romeo və Cülyetta” tamaşaları göstəriləcək".
70 illik yubileyə “Miras”...
Sentyabr ayının 20-də saat 19:00-da yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan “Miras” tamaşası nümayiş etdiriləcək. Benefis - tamaşa teatrın qocaman aktyoru, əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.
Teatrda 88-ci mövsümdə Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad” və hər il olduğu kimi, uşaqların yeni il tətili üçün uşaq tamaşaları hazırlanacaq. Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur. Bundan başqa, Gənc Tamaşaçılar Teatrı və Kalmıkiya Respublikasının Milli Dram Teatrı arasında imzalanmış ikitərəfli müqavilənin bəndlərinə uyğun olaraq yaradıcılıq əlaqələri davam etdirilməkdədir. Müqaviləyə əsasən, Kalmık Milli Dram Teatrının yaradıcı heyəti oktyabr ayının əvvəllərində A.S.Puşkinin “Qızıl balıq” və Ə.Əmirlinin “Sevən qadın” tamaşaları ilə çıxış edəcək. 26-30 oktyabr tarixlərində isə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfərdə olacaq. Səfər çərçivəsində teatrın yaradıcı heyəti repertuarında olan iki maraqlı tamaşa ilə sözügedən teatrın səhnəsində çıxış edəcək.
4 aylıq plan
Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümə digər teatrlardan daha tez - sentyabrın 10-da start verəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın ilk iş günündə Bədii Şuranın üzvləri 2015-ci ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 60 dəfəyə yaxın nümayiş etdiriləcək. Yeni teatr mövsümünün açılışı ötən mövsüm Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasıyla baş tutacaq. Dahi Üzeyir Hacıbəylinin bu ölməz sənət əsəri 10 sentyabr tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının iştirakçılarına ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə təqdim olunacaq.
“Qafqazlı qardaşqızı”
Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, xalq artistləri Afaq Bəşirqızının, İlham Namiq Kamalın, Fatma Mahmudovanın, iki il ard-arda “İlin ən yaxşı gənc aktrisası” nominasiyasının qalibi olmuş Gültac Əlilinin, tamaşaçıların gördükləri zaman simalarını təbəssüm bürüyən əməkdar artistlər Əkbər Əlizadənin, Novruz Qartalın, Nərgiz Kərimovanın, Ələkbər Əliyevin, Çingiz Əhmədovun iştirakıyla “Toya bir gün qalmış”, “Qızıl toy”, “Bankir adaxlı”, “Ər və arvad”, “www-ferzeli-kef.com”, “Kimdir müqəssir” və başqa tamaşaları izləyə biləcəklər. Habelə rus dilli və balaca tamaşaçılar üçün “Fransız sayağı qarnir”, “Skapenin kələkləri”, “Düyməcik”, “Yağış göbələyinin macərası”, “Dəcəl çəpişlər” və başqa səhnə əsərləri nümayiş olunacaq. Sentyabr ayının son günlərində SSRİ xalq artisti, böyük bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” tamaşasının premyerası nəzərdə tutulur. Oktyabr ayında teatrda məşhur Robert Sturuanın rəhbərlik etdiyi Rustavili Teatrının qastrolu planlaşdırılır. Noyabr ayında isə ölməz gülüş ustası Bəşir Səfəroğlunun 90 illik və bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilən Afaq Bəşirqızının 60 illik yubiley tədbirləri keçiləcək. 25 dekabr tarixindən isə 2016-cı ilin gəlişiylə bağlı Yeni İl şənliklərinə start veriləcək.
Akademik Milli Dram Teatrından Teleqraf.com-a bildirilib ki, teatrın yeni mövsümü ilə bağlı yeniliklər bu yaxınlarda təşkil olunacaq mətbuat konfransında açıqlanacaq.
Nərmin Muradova