Mədəniyyət və Turizm Nazirliyi son zamanlar bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ətrafında yayılan xəbərlərə münasibət bildirib.
Nazirlikdən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, xalqımızın milli sərvətinə çevrilən Azərbaycanın teatr sənətinin daha da inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının daha da yaxşılaşdırılması sahəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq islahatlar aparılıb və bu gün də davam etdirilir.
“Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən bütün teatrlarda hal-hazırda 143-cü teatr mövsümünə hazırlıq prosesi yekunlaşmaq üzrədir. Digər teatrlarda olduğu kimi Akademik Milli Dram Teatrında da yaradıcı heyət mövsümə hazırlaşır.
Məlumat verildiyi kimi, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 31 avqust 2015-ci il tarixli müvafiq əmrinə uyğun olaraq, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, professor Azərpaşa Zəfər oğlu Nemətov Akademik Milli Dram Teatrın bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilmiş və təqdimatı keçirilib.
Qeyd etmək istərdik ki, Mədəniyyət və Turizm Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilovun əmək müqaviləsini yeniləyib.
Hər kəsdən Mədəniyyət və Turizm Nazirliyinin bu qərarına hörmət etməyi tövsiyyə edir və əmin olduğumuzu bildirmək istəyirik ki, nazirliyin qərarı tezliklə teatrda yaradıcı mühitin inkişafına, müəyyən fikirlərin aradan qalxmasına səbəb olacaq.
Nazirlik bir daha, bütün KİV nümayəndələrini Azərbaycanda 143-cü teatr mövsümünün açılışı münasibətilə sentyabr ayının 14-də Gəncədə keçiriləcək tədbirə dəvət edir və Azərbaycan teatrının inkişafına dəstək olmağı xahiş edirik”.
Nərmin