30 May 2014 13:02
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəcəl Balam” ailə və Uşaq İnkişaf Mərkəzinin yeni layihəsi olan “Dəcəl Balam” ailə və uşaq jurnalının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, “Dəcəl Balam” MMC nin direktoru Dilşad Musa tədbiri açıq elan edərək, mərkəz haqqında məlumat verib, jurnalın ərsəyə gəlməsi haqqında danışıb:

“Dəcəl Balam” ailə və inkişaf mərkəzinin layihəsi olan bu jurnal barədə uzun müddətdir düşünürdüm. Valideyn olaraq görmək istədiklərimin hər birini jurnalda etməyə çalışdım. Əvvəlcə, bazarda rəqiblərimizin çoxluğu barədə fikirlər olsa da, biz fərqli olduğumuza inandıq və düşünürəm ki, Azərbaycan ailəsi üçün maarifləndirici və inkişafetdirici, bir o qədər də əyləncəli bir vəsait ərsəyə gətirdik.”

Baş redaktor Nigar Əhmədova jurnalın fərqliliyindən danışıb:

“Dəcəl balam” ailə və uşaq jurnalının istər mövzuların fərqliliyi, istərdə də orijinallığı cəhətdən uşaq ədəbiyyatı və jurnalları içərisində özünəməxsus yer tutacağına əminəm, çünki biz dövrün tələbatına uyğun olaraq valideynin və uşaqların ehtiyacı olan bütün informasiyanı çatdırırıq. Belə ki, həm valideyn, həm də uşağın oxuya və yeni məlumatlar əldə edə biləcəyi bir jurnaldır.”

Jurnalın redaktoru Sevinc Xan Qızı jurnalda yer alan xüsusi rublikalardan bəhs edib:

“Biz düşündük ki, Azərbaycan ailəsinin ehtiyacı olan informasiyanı çatdıra bilək. Çünki artıq hamı müəyyən mövzuları asanlıqla internetdən oxuya bilir. İstər müəyyən yaş qrupu üçün nəzərdə tutulmuş müsabiqələr, istər “Hekayəni tamamla”, “Ayın 3 sualı” kimi rublikalarımız uşaqların həm yazı qabiliyyətini, həm də məntiqini daha da inkişaf etdirəcək.”

Qeyd edək ki, tədbirdə kanal13 internet televiziyasının direktoru Anar Orucov, Qan Donorları Assossasiyasının sədri Fuad Əsgərov, Gənclərin Maarifləndirilməsi və İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin Töhfəsi İctimai Birliyinin sədr və üzvləri, gənc iş adamları İsa Əliyev və Günel Əliyeva və KİV nümayəndələri iştirak edib.

Aytən Həsənova


Müəllif: