Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsini anıb.
"Report" xəbər verir ki, mərasim sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunub.
II Fəxri xiyabanda keçirilən anım mərasimində xalq artistinin oğlu Çingiz Aslan, Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemətov, xalq artistləri Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, əməkdar artistlər Füzuli Hüseynov, Sənubər İsgəndərli, Əli Nur, Mehriban Xanlarova, Hicran Nəsirova, Mirzə Ağabəyli, Vəfa Zeynalova, teartın texniki və yaradıcı heyəti iştirak edib.
Mərasimin sonunda xalq artisti Azərpaşa Nemətov çıxış edib. O, unudulmaz aktyorun xatirələrindən söz açıb. Qeyd edib ki, yüksək isteda malik Səyavuş Aslan böyük sənət yolu keçib.
Mərasim başa çatdıqdan sonra Azərpaşa Nemətovun təşəbbüsü ilə xalq artisti Yaşar Nurinin, Tofiq Rəhimovun və Azərbaycanın görkəmli teatr-kino rejissoru, aktyoru Ədil İsgəndərovun məzarları ziyarət edilib.