Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir.
Teleqraf.com xəbər verir ki, teatrın direktoru, bədii rəhbəri İntiqam Soltan yeni iş planını açıqlayıb:
"21 yanvar – 01 fevral tarixlərində 2016-cı ildə İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcir Teatr Festivalına dəvət almış Bakı Uşaq Teatrı festivala hazırlaşır. Və teatrda bu yönümdə hazırlıqlar gedir. Teatr sentyabrın 26 - da türk dili günü olması ilə əlaqədar olaraq, mövsümün açılışına start verəcək. Açılışda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Səhnə əsərinə quruluşu mən vermişəm. Teatr bu il məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək. Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanacağı planlaşdırılır”.
Rəqsanə Həsənova