7 Sentyabr 2015 16:41
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera və Balet Teatrı hər il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində öz tamaşaçılarına dünya şöhrətli klassik bəstəkarların yeni bir tamaşasını təqdim edir.

Teleqraf.com xəbər verir ki, bu il də ənənəsinə sadiq qalaraq teatr Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 23-də Cakomo Puççininin “Manon Lesko” operasını səhnəyə qoyacaq. Tamaşa konsert ifasında səslənəcək.

Məlumat üçün bildirək ki, “Manon Lesko” Puççini yaradıcılığının ən parlaq nümunələrindən biridir. Opera ilk dəfə 1 fevral 1893-cü ildə Turində (İtaliya) səhnəyə qoyulub. Operanın librettosunu Avropada çox populyar olan Antuan Fransua Prevonun “Kavaler de Qrie və Manon Leskonun məhəbbət tarixçəsi” kitabının motivləri təşkil edir.

Dünya opera sənətinin incilərindən sayılan “Manon Lesko” operası hazırda dünyanın bir çox aparıcı teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Opera və Balet Teatrında tamaşanın premyerasında Azərbaycanın Əməkdar Artisti Afaq Abbasova (Manon Lesko), Xalq Artisti Samir Cəfərov (Kavaler de Qrie), Əməkdar Artist Əkrəm Poladov (Qeront), həmçinin solistlər Anton Ferştandt (Lesko), Əliəhməd İbrahimov (Edmondo) və Atəş Qarayev (Fənərçi) çıxış edəcək.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova və Roza Səlimovadır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər