Sentyabrın 6-ı gecə saatlarında Azərbaycanın xalq artisti, Akademik Dram Teatrının aktyoru İlham Əsgərov gözlərini bu dünyaya əbədi yumdu. Mərhumla vida mərasimi illərdir işlədiyi "Azdrama"da deyil, evinin həyətində baş tutdu.
Ailəsi İlham Əsgərovun Masallının Xoşçobanlı kəndində, atasının məzarının yanında dəfn olunmasını istəyiblər. Vida mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, teatrın bədii-rəhbəri və baş rejissoru Azər Paşa Nemət, həmçinin həmkarları, sənət dostları iştirak etdi. Nazirlik adından çıxış edən Ədalət Vəliyev İlham Əsgərovun vəfatını vaxtsız itki kimi dəyərləndirdi. Daha sonra cənazə Masallıya yola salınaraq orada dəfn olunub.
Nekroloq imzalandı
Gün ərzində isə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı Prezident mükafatçısı İlham Əsgərov haqda nekroloq imzalayıb. Nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr sənətinin tanınmış nümayəndəsi, Respublikanın xalq artisti, Prezident mükafatçısı İlham Təvəkkül oğlu Əsgərov 2015-ci il sentyabr ayının 6-da 57 yaşında qəflətən vəfat edib.
İlham Əsgərov 1958-ci il iyul ayının 16-da Masallı rayonunun Xançobançı kəndində anadan olub. O, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən İlham Əsgərov ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınmış sənətçi doğma teatrın səhnəsində, kino və televiziya ekranlarında yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb. Onun böyük ustalıqla ifa etdiyi Əli (M.İbrahimov "Közərən ocaqlar"), Ərəb (H.Cavid "İblis"), Əbubəkir (N.Həsənzadə "Atabəylər"), Həbib, Nicat, Anaşkin, Doktor Altay, İbrahim xan, Məhəmməd xan (İ.Əfəndiyev "Büllur sarayda", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Qarabağnamə", "Hökmdar və qızı"), Loğman və Əmir, Sabutay, Nadir (B.Vahabzadə "Fəryad", "Rəqabət"), Fransa kralı (U.Şekspir "Kral Lir"), N.Nərimanov (Ə.Əmirli "Mesenat") Həbibi (M.Seyidzadə "Füzuli və Əsmər"), Piri baba (S.S.Axundov "Qaraca qız") və başqa obrazlar təkcə İlham Əsgərovun yaradıcılıq müvəffəqiyyəti olmayıb, milli teatrımızın tarixinin parlaq səhifələrini təşkil edir.
İstedadlı aktyor Azərbaycan Dövlət Televiziyasında U.Şekspirin "İki veronalı", İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı", B.Vahabzadənin "Kimdir haqlı", A.Qəhrəmanovun "Səndən xəbərsiz", M.Süleymanlının "Fatehlərin divanı" teletamaşalarında Valentin, Valeh, Fərrux, Fikrət, Bilgə xan kimi yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" və "Əlahiddə vəziyyət" bədii filmlərində uğurla çəkilib. O, radionun məşhur "Bulaq" verilişinin unudulmaz aparıcılarından biri idi.
Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2005-ci ildən Prezident mükafatçısı idi.
Unudulmaz sənətkar, gözəl insan İlham Əsgərovun əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi aktyor İlham Əsgərovun vəfatı ilə əlaqədar başsağlığı verir".
İlham Əsgərovun həmkarları, sənət dostları onunla bağlı xatirələrini, düşüncələrini "Gündəlik Teleqraf"la bölüşüblər.
"Onun həyat yoldaşını oynamalı idim"
Xalq artisti Firəngiz Mütəllimova: "Zemfira Nərimanova, İlham Əsgərov və mən universitetdə bir qrupda oxumuşuq. Hətta İlhamla mən bir partada da əyləşmişik. İlham çox mədəni, çox alicənab, qayğıkeş, namuslu, qeyrətli, üzündən nur yağan bir insan idi. Onun gözəl bədii qiraəti, rolları var. İlham Azərbaycan xalqı, milləti üçün dəyərli bir sənətkar idi. Bu ayın 18-i "Qarabağnamə" tamaşasında onun həyat yoldaşını oynamalı idim. Qismət olmadı. İlhamın ölüm xəbərinə çox pis oldum. Doğrudur, hər gələnin, bir getməyi var, amma vaxtsız yox. Çünki qızı var idi...Tale elə gətirmişdi ki, ailə qurandan on il sonra övladı dünyaya gəldi".
"Gestapo rejimini bir yerdə yaşayırdıq"
Firəngiz Mütəllimova daha sonra bunları deyib: "Səhhətindəki problemlər "Azdrama"dakı hadisələrdən başladı. Mən İlhamla "Qarabağnamə"də oynayanda ikimiz də eyni vaxtda xəstələndik: o insult keçirdi, mən isə beyin əməliyyatı oldum. O əsəbləri, gestapo rejimini bir yerdə yaşayırdıq. Bu yaxınlarda onu gördüm, gəldim bacıma dedim ki, İlham heç xoşuma gəlmədi, fikirli idi. Hətta o vəziyyətdə belə, nə vaxt üzünə baxırdımsa, güclə də olsa, gülümsəyirdi. O, çox yaxşı insan idi. Yeri hər zaman görünəcək".
Xalq artisti Laləzər Mustafayeva: "Özümü çox pis hiss edirəm. Sanki çox yaxın qohumumu itirmişəm. Neçə illərdir ki, biz bir teatrda işləyirdik, tamaşalarda tərəf müqabili olurduq. Onun vəfatı xəbəri məni çox sarsıtdı. Danışa bilmirəm".
"Bu, sonuncu görüşümüz oldu"
Əməkdar artist Sənubər İsgəndərli: "Onun insanlığı, mədəniyyəti, sənətkarlığı haqqında heç kim fərqli bir söz deməyəcək. Sözün əsl mənasında İlham çox abırlı insan idi. O, uşaqla uşaq, böyüklə böyük ola bilirdi. Sonuncu dəfə onunla üç gün bundan öncə görüşdük. Uzun illərdir ki, hər dəfə məni görəndə gülərək "Boyu boyumdan, soyu soyumdan..." deyə müraciət edirdi. Deyirdi ki, bizim boyumuz da yaraşır, amma heç vaxt tərəf müqabili olmamışıq. Doğrudan da, onunla səhnədə tərəf müqabili olmaq mənə qismət olmadı. Eyni tamaşada oynadıq, amma oynadığımız personajların bir-birinə aidiyyəti olmadı, bir sözlə, eyni tamaşada olsaq da, eyni səhnəni paylaşmadıq. Elə son dəfə bunu dedi, qulaqlaşdıq. Mən bilmədim ki, bu, bizim sonuncu görüşümüz olacaq. Allah ona rəhmət eləsin".
"Narazılığı teatrdakı proseslərlə bağlı idi"
Sənubər İsgəndərli sözlərinə belə davam etdi: "Bir neçə il bundan öncə o, infarkt keçirdi, biz də xəstəxanaya yanına getdik. İçəri girən kimi "Ayıbdır ee sənə...Boyu boyumdan, soyu soyumdan olan, niyə belə uzanmısan?" dedim. Güldü, dedi, zarafat edirdim, istədim yanıma gələsiniz, darıxmışdım. Təsəvvür edin, onu da zarafata çevirmişdi. Əsas narazılığı teatrdakı proseslərlə bağlı idi. Biz də hər dəfə deyirdik ki, sənin ürəyin xəstədir, bu qədər əsəbləşmə. Deyirdi, mənə heç nə olmaz. Şikayət edən adam deyildi. Heç vaxt rolla bağlı şikayəti olmayıb, sadəcə, son illərin haqsızlığına dözmədi. O, kişi kimi insan idi. Əfsus..."
"Məni görən kimi deyirdi..."
Gənc aktrisa Rada Nəsibova: "Teatr açılanda gülə-gülə qabağıma gəlib, zarafat etdi. Gözümün qabağından getmir o səhnə... Həmişə mənimlə bir zarafatı vardı, məni görən kimi deyirdi: "Bir qar yağsaydı, borş yeyərdik". Bir dəfə qışda borş yemişdik, elə o gündən sonra hər dəfə məni görəndə belə deyirdi. İlham müəllim böyük sənətkar, gözəl insan idi. Ölümü mənə çox pis təsir etdi. Gənc aktyorlara qarşı çox qayğıkeş, mehriban idi. Cəmi bir tamaşada - "İrəvanda xal qalmadı"da tərəf müqabilim olub".
"Müqtədir aktyorlardan idi"
Xalq artisti Mərahim Fərzəlibəyov: "İlham istedadı çoxşaxəli olan müqtədir aktyorlardan idi. Hər zaman lirik psixoloji, dramatik rollar oynayıb. Amma mən onunla uzun illər yaradıcılıq fəaliyyətində olduğuma görə bilirdim ki, İlhamın içində gözəl bir yumor da yatır. O, çox gözəl komik rol da oynamağa qadir idi. Çünki İlham, sözün əsl mənasında, böyük, əvəzolunmaz sənətkar idi. Onun yaratdığı rollar həmişə mürəkkəbliyi ilə seçilib. Məsələn, mənim yeni quruluşda hazırladığım "Qarabağnamə"də İbrahim xan, "Qürbətdən gələn məktublarda" Mirzə Fətəli Axundov rolunu oynayıb. Bunlar ikisi də bir-birindən kəskin fərqlənən rollardır. Onların düşünmə tərzi də, təfəkkürü də başqadır, amma bir aktyor bu obrazlara elə fərqli canlandırdı ki, adam inana bilmirdi... O, bu dərəcədə geniş bir istedada malik idi. İlham hər zaman rejissorun dediyi məsləhətlərə qulaq asır, verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdı. O, hansısa vəziyyəti, mizanı dəyişmək istəyəndə rejissorla məsləhətləşirdi. Yaxşı, istedadlı aktyor həm də rejissorun özünə də çox gözəl kömək edir, fantaziyasını inkişaf etdirməyə şərait yaradır. İstedad olanda rejissorla aktyor birləşir və nəticədə yaxşı bir tamaşa alınır. İlham mütləq öz duyumunu rejissorlarla da bölüşürdü".
Bir arzusu vardı...
"İlhamla birgə Poeziya Teatrı yaratmaq istəyirdik, bunun üçün də hər şey hazır idi. Bu, onun ən böyük arzularından biri idi. Tamaşanın dekorasiyası hazırlanmış, afişaları da çıxmışdı, son məşqlərimizi edirdik ki, mən səhhətimlə əlaqədar olaraq ara verməli oldum. Ayağa qalxında eşitdim ki, İlham xəstələnib. Ömür vəfa etmədi ki, onun bu arzusu həyata keçsin. Təəssüf... Bir də yeni mövsümdə mənim quruluşumda hazırlanacaq "Dağılan tifaq" tamaşasının baş rolunu - Nəcəf bəyi İlham oynamalı idi. Əsəri Mədəniyyət və Turizm Nazirliyində təsdiq etdirmişdik. O tamaşada oynamaq istəyi də onunla birgə getdi. İlham çoxlu sayda bədii, televiziya filmlərinə çəkilib. Onların bir neçəsi indiyə kimi Qızıl Fondda saxlanılır. Amma İlham daha çox dramatik-psixoloji teatr aktyoru idi. Səməndər Rzayevdən sonra "Bulaq" verilişini yaşadan İlham idi. Mənə elə gəlir ki, o bulağın da gözü bu gün tutuldu. Bulağın bir də nə vaxt qaynayacağını Allah bilir".
"Olduğu kimi görünərdi"
O, daha sonra belə dedi: "İlham narahat aktyor, narahat bir insan idi. Öz fikirlərini qarşısındakı insana deməyi bacarırdı. O, çalışırdı ki, insanlar bir-birilərini başa düşsün, aktyorlar mehriban olsunlar. Yalan, riyakarlıq ona yad idi. O, olduğu kimi görünərdi. Ona görə İlhamın vəfatı ilə Azərbaycan teatrı, bədii qiraəti çox böyük sənətkarı itirdi".
Nərmin Muradova