9 Sentyabr 2015 23:51
2 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində "Qayınanamız" adlı serialın premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, serialda bir çox tanınmış aktyorlar iştirak edir. Komediya janrında çəkilən serialın baş qəhrəmanlarından birini (Qayınana) canlandıran xalq artisti Afaq Bəşirqızı çox həyacanlı olduğunu bildirib: "Serialda Qayınana obrazını canlandırıram. Oğlumun iki arvadı var. Birinci arvadı boşanıb, amma evdən getmir. Həmişə qayınananın zülmkarlığı, zalımlığı qeyd edilir. Amma filmdə gəlinlər mənə çəkdirəcəklər. Obrazım iki uşağını öz gücünə böyütmüş qadındır. Alver edir, çöp, qorxuluğu çıxarır, xarici ölkədən maşın gətirir. Yalnız cadu etmir. Ərsiz dul qadındır və ailəsində münaqişələr baş verir. Bir qızı, bir oğlu var. Qızı Neft Daşlarında işləyir və evə 15 gündən bir gəlir. Onu ərə vermək istəyir. Belə ki, serial real həyatda rastlaşdığımız hadisələrdən bəhs edir. Seriala çəkildikdən sonra izləməmişəm və ilk dəfə premyera zamanı izləyəcəm".

Serialın çəkilişləri haqqında danışan xalq artisti qeyd etdi ki, birinci seriyanın çəkilişləri zamanı çətinlikləri olub: "Teatr deyil ki, rejissorla çox məşq edilsin. Açıq deyim ki, indiyə qədər çəkilən serialların heç birinə baxmamışam. Bir-iki seriyaya baxırdım və sonra izləmirdim. Gənc nəslə dəstək olmaq lazımdır. Həmişə Bəşir Səfəroğluna sual verirdilər ki, estafeti kimə verəcəksiniz? Axı mən dəestafeti kiməsə verməliyəm. Serialın çəkiliş qrupunun üzvləri gənclər və ortayaşlılardır. Çox mehribanıq. Əgər iş gərgindirsə və səhərə qədər çəkmək lazımdırsa, işləyirik. Məndən çəkinirdilər ki, Afaq xanımın yaşı, təcrübəsi var, kaprizi ola bilər. Amma mən heç vaxt deyə bilmərəm ki, bu gün çox işlədik, yoruldum. Mənim məsuliyyətim daha çoxdur. Serialda baş rolların ifaçıları mən, Dilarə Əliyeva, Xuraman Əlizadədir. Onu da deyim ki, kameraya öyrəncəli aktrisa deyiləm, teatra daha çox öyrəncəliyəm. Amma çəkildiyim filmlərin hamısı yadda qalıb. Ömrümün qalan hissəsini də xalqım üçün yaşayıb-yaratmaq mənim borcumdur".

Afaq Bəşirqızının gəlini obrazını canlandıran əməkdar artist Dilarə Əliyeva serialın uğurlu alınmasından və A. Bəşirqızı ilə münasibətlərindən danışdı: "Afaq xanımla bir- birimizə qarşlıqlı sevgimiz var. Hər dəfə görüşlərimizdə bir-birimizə olan sevgimizi bölüşürdük. Bir neçə il əvvəl təklif etmişdik ki, qayınana və gəlin mövzusunda bir serial olsa, bir yerdə oynayardıq. Bu günə qismət imiş".

Ülviyyə Əliyeva isə vurğuladı ki, canlandırdığı obraz xarakterinə uyğun deyil: "Obrazım xarakterimə uyğun deyil və təbiətimdən uzaq bir obraz idi. Amma ümid edirəm ki, yaxşı alınıb. Afaq Bəşirqızının qızını oynayıram. Oğlansayağı bir qızdır və neft daşlarında işləyir. İnşallah, "Qayınanamız" serialının uğurlu alınacağına inanıram. Çünki çox gözəl aktyor kollektivimiz var".


Komediya aktyoru Müşfiq Şahverdiyev da obrazı haqqında danışdı: "Seriala baxdım və bir aktyor kimi bəzi çatışmamazlıqlarımı gördüm. Növbəti seriyalarında onları düzəldəcəm. Amma mənə elə gəlir ki, obrazım pis alınmayıb. Tamaşaçılar bəyəndilər. İlk dəfə çəkildiyim serialdır və serialı ssenarisini Fariz Əliyev yazıb. Dilarə xanım və Oqtay bəylə münasibətim yaxşı olduğu üçün təklifi qəbul etdim və seriala çəkildim. Çəkilməyimə də peşman deyiləm. Hər şey yaxşdır".

Qeyd edək ki, serialda xalq artisti Yasin Qarayev, əməkdar artist Gülcahan Salamova, aparıcı Şəhriyar Əbilov və başqaları da çəkilib.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər