Sentyabrın 10-da Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə dahi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalına hazırlıqlarla bağlı iclas keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən nazir Əbülfəs Qarayev artıq ənənə halını alan və bu il Üzeyir bəyin 130 illik yubileyinə təsadüf edən beynəlxalq musiqi bayramının yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, festivalla bağlı Mədəniyyət və Turizm Nazirliyində müvafiq əmr imzalanıb və sənəddə tədbirlər planı, eləcə də digər məsələlər əksini tapıb.
Sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev festivalın tədbirlər planı barədə məlumat verib. Ənənəvi olaraq festival günlərində respublikanın teatr-konsert müəssisələrində, paytaxtımızın müxtəlif məkanlarında tədbirlərin keçiriləcəyini deyən nazir müavini proqramı təfərrüatı ilə iclas iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd olunub ki, ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı festivalda bir sıra ölkələrdən musiqiçi və solistlər də iştirak edəcək və bununla bağlı müvafiq məsələlər öz həllini tapıb. Müxtəlif konsertlər, görüş və elmi müzakirələr, simpozium və sərgilərlə zəngin olan festival paytaxtla yanaşı, bölgələrdə də keçiriləcək.
18 sentyabr - Üzeyir Musiqi Günündə festivalın iştirakçıları ilk olaraq Fəxri xiyabana baş çəkəcək, daha sonra tədbir Milli Konservatoriyanın qarşısında davam edəcək. Sonra iştirakçılar Milli İncəsənət Muzeyinin həyətində “Güllələnmiş heykəlləri” - Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün doğma vətənləri Şuşadan gətirilmiş büstlərini ziyarət edəcəklər.
Üzeyir Musiqi Gününə həsr olunmuş növbəti tədbir bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında keçiriləcək. Burada Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri konsert proqramı ilə çıxış edəcək.
Tədbirlər silsiləsi Üzeyir Hacıbəylinin ev-muzeyində davam edəcək. Günün əsas tədbiri isə Heydər Əliyev Sarayında olacaq. Beynəlxalq musiqi festivalının açılışı və Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində hökumət rəsmiləri, xarici və yerli qonaqlar iştirak edəcəklər.
Respublikanın əsas musiqi və teatr kollektivlərinin iştirakı ilə hazırlanan zəngin yubiley proqramı ilə yanaşı, qonaqlar sarayın foyesində bəstəkarın həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə də tanış olacaqlar.
Maraqlı repertuarla diqqət çəkən festivalın təntənəli bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecədə Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor Rauf Abdullayev, solist Murad Adıgözəlzadə) konsert proqramı təqdim olunacaq.
Nərmin