13 Sentyabr 2015 08:18
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, professor Arif Məlikovun doğum günüdür.

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığında yüksək ideya, dolğun məzmun və obrazların dərin emosional-psixoloji ifadəsini görmək mümükündür.

Arif Məlikov nəinki Azərbaycan, eləcə də öz musiqiləri ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. Hələ 1961-ci ildə D.Şostakoviç onun haqqında yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir."

Görkəmli ustadın yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti ona dünya şöhrəti qazandırıb. Arif Məlikovun əsərləri - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

İlham Əliyevin Arif Məlikovu "Heydər Əliyev" ordeni ilə təltif etməsi

SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Arif Məlikovun istedadı təkcə bəstəkarlıqla bitmir, o, həmçinin, çox gözəl rəssamdır. Onun çəkdiyi rəsm əsərlərini dünya rəssamların əsərləri ilə də müqayisə etmək olar.


Müəllif:

Oxşar xəbərlər