31 May 2014 18:51
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Kəmalləddin Qədimin "Daha sonumu yazıram" şeirlər kitabı çapdan çıxıb. Şairlə yeni kitabı barəsində danışdıq.

O, "Gündəlik Teleqraf" qəzetinə açıqlamasında son zamanlar mətbuatda az görünməsinin səbəbini açıqlayıb:

"Mən həmişə özümü gözə soxmaqdan uzaq olmuşam. Abrıma, həyama qısılıb yalnız yaradıcılığımla məşğul olmuşam. Bax bir-iki gündü "Daha sonumu yazıram" adlı səkkizinci şeirlər kitabım çapdan çıxıb. Amma heç bir yerdə bu barədə məlumatlar getməyib. Əslində, bir az da, vallah, unudulmağı sevən biriyəm".

"Heç bir yazıçının qapısını abırsızcasına döyməmişəm"

"Mən 80-ci illər ədəbi nəslinin nümayəndələrindən biriyəm. Elə o vaxtlardan çap olunuram. Amma o illərdə də heç bir redaksiyanın, heç bir yazıçının, şairin qapısını abırsızcasına döyməmişəm ki, mənə kömək etsinlər. Az çap olunmuşam. Şeirlərimi müəllim yoldaşım xalq şairi Bəxtiyar Vahabzadənin ünvanına göndərib. Özü də ki, zorla alıb məndən. Bəxtiyar müəllim o şeirlərə uğurlu yol yazıb o vaxtlar. Həmin müəllim yoldaşım olmasaydı, bax bunu mən yapası deyildim. İndi də belədi. Mətbuatda çox az görünürəm. Keçən il "Azərbaycan" jurnalının altıncı sayı mənim şeirlərimlə açılmışdı. Mən utanmışdım. Çünki ilk səhifələrdə həmişə məşhurları görmüşük də ondan. Sizə bir kəlamı xatırladım... Deyir, ibadəti olmayandan bəlkə, müsəlman olar,amma əxlaqı olmayandan müsəlman olmaz. Görün əxlaq nə boyda önəmlidi... Bu baxımdan, özümü haqlı sayıram".

"Mənə qarşı qısqanclıq və bir az da diqqətsizlik var"

"Layiq olduğum ilk dəyəri, bayaq qeyd elədiyim kimi, xalq şairi Bəxtiyar Vahabzadədən almışam. Bəxtiyar müəllim müsahibələrində, efirlərdə bir müddət Naxçıvanın ucqar bir kəndində-Sədərəkdə Kəmaləddin Qədim adlı bir şair yaşayır,ona kömək etmək lazımdı deyə bəhs edirdi. Ondan sonra bu diqqəti kimsə tərəfindən görməmişəm. Elə bilirəm ki, mən yox, qardaş,mənim yaradıcılığım hələ layiqincə dəyərləndirilməyib

Niyə başa düşmürlər ki, yaxşı başa düşürlər. Kimin necə şair olduğunu da elə hamı bilir. Sadəcə olaraq qısqanclıq, bir az da diqqətsizlik. Ən çox da mənim özümün reklamdan qaçmağım".

"Gənclərə münasibətim çox yaxşıdır"

"Gənclərə münasibətim çox yaxşıdır. Onların bir qrupu ilə dostuq belə. Ruslan Dost Ali, Emil Rasimoğlu, Elməddin Nicat, Gülnar Səma, İntiqam Yaşar, Vəfa Mürsəlqızı, Arzu Hüseyn və başqaları çox istedadlı gənclərdilər... Daimi izləyirəm onların yaradıcılıqlarını".


Müəllif: