18 Sentyabr 2015 08:15
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni - 88-ci teatr mövsümünün ilk tamaşaları sentyabr ayının 19-da nümayiş etdiriləcək. Teleqraf.com xəbər verir ki, tamaşaçıların sevimli mədəniyyət ocağında həmin gün saat 12.00-da H.K.Andersenin “Çirkin ördək balası”, saat 19.00-da U.Şekspirin “Romeo və Culyetta” tamaşaları göstəriləcək.

Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir. Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva və başqaları ifa edəcəklər.

İki hissəli məhəbbət faciəsi olan “Romeo və Culyetta” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova və başqaları ifa edəcəklər.

Sentyabr ayının 20-də saat 19.00-da yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdiriləcək. Benefis - tamaşa teatrın qocaman aktyoru, əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər